Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:42

Moskvada üçtərəfli danışıqlar Paşinyana görə baş tutmayıb?


Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev Moskvada, Kremldə MDB dövlət başçılarının sammitinin keçirildiyi zala daxil olurlar.
Rusiya prezidenti Vladimir Putin və azərbaycanlı həmkarı İlham Əliyev Moskvada, Kremldə MDB dövlət başçılarının sammitinin keçirildiyi zala daxil olurlar.

Rusiya prezidenti Vladimir Putin oktyabrın 8-də Moskvada azərbaycanlı həmkarı İlham Əliyevlə görüşüb. İki lider qarşılıqlı əlaqələrin müsbət dinamikasını vurğulayıblar.

"Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin dinamikası prezident Vladimir Putinin Bakıya dövlət səfərindən sonra kifayət qədər nəzərə çarpır". Bunu prezident Əliyev deyib.

V.Putin bu ilin avqustunda Bakıda səfərdə olub.

Rusiya prezidenti də ikitərəfli əlaqələrin müsbət inkişaf etdiyini vurğulayıb.

Putin bu gün MDB-nin digər dövlət başçıları, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşməlidir.

Üçtərəfli danışıqlar niyə baş tutmayıb?

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, oktyabrın 8-də Rusiya prezidentinin siyasi məsələlər üzrə köməkçisi Yuri Uşakov jurnalistlərlə söhbətində Moskvanın Rusiya, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirmək istədiyinə işarə edib:

“Yox, üçtərəfli görüşə hazırlıq olmayıb. Belə bir ideya olub, amma bir nəfər bu ideyanı dəstəkləməyib”.

Azərbaycan mediası bundan əvvəl yazmışdı ki, MDB sammiti çərçivəsində Rusiyanın vasitəçiliyi ilə danışıqların keçirilməsindən Yerevan imtina edib.

Putin Ermənistan və Azərbaycana sülh müqaviləsi danışıqlarında Rusiyanın köməyini avqust ayında Bakıya səfəri zamanı təklif etmişdi.

Azatutyun yazır ki, Paşinyan bu təklifdən imtina etmiş və Bakı ilə birbaşa danışıqlara üstünlük verdiyini demişdi.

O habelə Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasını Yerevanın əngəlləməsinə dair Rusiya xarici işlər naziri Sergey Lavrovun tənqidini “tamamilə əsassız” adlandırmışdı.

Azatutyun xatırladır ki, Yerevan Moskvanın vasitəçilik təklifindən bu ilin əvvəllərində də imtina etmişdi.

Yerevan yenə də Bakı ilə birbaşa danışıqlara və ya Qərbin vasitəçiliyinə üstünlük verdiyinə işarə etmişdi.

Paşinyanın prezident İlham Əliyevlə son görüşü fevral ayında Almaniya kansleri Olaf Şolts tərəfindən təşkil olunmuşdu.

Moskva Ermənistan və Azərbaycan arasında danışıqlara Qərbin vasitəçilik etmək cəhdlərini kəskin tənqid etmişdi.

Əliyevlə Paşinyanın eyni suala qısa cavabları

MDB dövlət başçılarının sammiti əsnasında jurnalsitlər prezident İlham Əliyevə və baş nazir Nikol Paşinyana ayaqüstü sual verə biliblər: “Sülh müqaviləsi nə vaxt imzalanacaq?”

İlham Əliyev bu suala “hər şey razılaşdırılanda” cavabını verib. Nikol Paşinyan isə deyib:

“Mən artıq öz təklifimiz irəli sürmüşəm. Düşünürəm ki, sülhü məhz indi imzalamaq üçün kifayət qədər razılaşdırılmış kontent var”.

Rusiyanın narahatlığı

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya mediasına bildirib ki, görüşlərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması da müzakirə olunacaq. Onun sözlərinə görə, söhbət ilk növbədə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının həyata keçirilməsindən gedir.

Uşakov vurğulayıb ki, ABŞ və bir sıra Qərb ölkələri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi prosesinə müdaxilə etməyə cəhdlər göstərirlər: "Biz hesab edirik ki, bütün əsas iş Moskvada görülüb. Hazırda qərblilər danışıqlar prosesinə və bununla da regiona soxulmağa cəhd göstərirlər".

"Vedomosti" qəzeti yazır ki, Uşakov habelə Avropa İttifaqı müşahidə missiyasının Ermənistanda olmasından Moskvanın narazılığını bir daha dilə gətirib.

Xatırlatma

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatla ərazi bütövlüyünü bərpa edib. Ancaq tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

Bu il ABŞ-ın vasitəçiliyi ilə iki ölkənin xarici işlər nazirlərinin bir neçə görüşü keçirilib. Amma son bir həftədə ABŞ-Azərbaycan münasibətlərində gərginlik müşahidə olunur.

MDB 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaradılıb. Hazırda qurumda Baltikyanı ölkələr, Gürcüstan, Ukrayna və Moldovadan başqa qalan keçmiş SSRİ respublikaları fəaliyyət göstərirlər. Gürcüstan 2010, Ukrayna 2014, Moldova isə 2023-cü ildə qurumda fəaliyyətlərini dayandırdıqlarını açıqlayıblar.

XS
SM
MD
LG