Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

Xaricdən ən çox hansı rayonlara pul göndərilir?


Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir'
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00

Yevlaxlı qadın: 'Ərim daha Rusiyadan pul göndərə bilmir' (Arxiv. 2022)

Ötən il xarici ölkələrdən Azərbaycandakı fiziki şəxslərə 3 milyard 620 milyon məbləğində pul baratları göndərilib. Bu, bir il əvvəl ilə müqayisədə 2.5 milyard dollar və ya təxminən 3.2 dəfə artım deməkdir. Xaricdən Azərbaycana göndərilən pul köçürmələrinin bu qədər kəskin artması Rusiya-Ukrayna müharibəsindən qaynaqlanır. Bu savaş başlayandan bəri bir çox aparıcı iqtisadiyyatı olan ölkə Rusiyaya qarşı sanksiyalar tətbiq edib. Rusiya banklarının beynəlxalq ödəniş sistemlərindən çıxarılması, ölkənin aktivlərinin dondurulması, dollar almaqla bağlı məhdudiyyətlər, rus rublunun dəyərsizləşməsi, eləcə də ölkə iqtisadiyyatının zəifləməsi bu nəhəng Avrasiya ölkəsindən kapital qaçışını da sürətləndirib. Bu baxımdan, Azərbaycana göndərilən pul köçürmələrində Rusiyanın payı daha da artıb. Əgər 2021-ci ildə Azərbaycana göndərilən bütün pul köçürmələrinin 55 faizi Rusiyanın payına düşürdüsə, ötən il bu göstərici 82 faizə yüksəlib.

Ən yüksək göstərici Qazax-Tovuz iqtisadi rayonundadır

Dövlət Statistika Komitəsi (DSK) ölkə üzrə 10 min 200 ailənin göstəriciləri əsasında əhalinin gəlirlərinin strukturu ilə bağlı araşdırma aparıb. Bu araşdırma ölkənin iqtisadi regionlarında pul köçürmələrindəki fərqləri görməyə imkan verir. Həmin araşdırmaya görə, ölkənin iqtisadi rayonları arasında xaricdən adambaşına ən çox pul köçürməsi qeydə alınan bölgə Qazax-Tovuz iqtisadi rayonudur. Söhbət Ağstafa, Gədəbəy, Qazax, Tovuz və Şəmkir rayonlarından gedir. Bu bölgədə ötən il adambaşına aylıq 13 manat pul köçürməsi qeydə alınıb. Deməli, bu bölgədə yaşayan hər bir şəxs il ərzində xaricdən ortalama 156 manat pul alıb. Müqayisə üçün: 2021-ci ildə eyni göstərici 8 manat 10 qəpik idi. Belə çıxır ki, ötən il Qazax-Tovuz iqtisadi rayonunda adambaşına düşən orta aylıq pul köçürməsinin məbləği 60 faizdən çox artıb.

Adambaşına düşən pul köçürmələrinin orta məbləğinin ən yüksək olduğu ikinci iqtisadi rayon Lənkəran-Astaradır. Bu iqtisadi rayonun tərkibinə Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı daxildir. Bu regionda qeydə alınan orta aylıq pul köçürməsinin məbləği 12 manat 10 qəpikdir. Maraqlıdır ki, 2021-ci ildə həmin göstərici nisbətən yüksək – 13 manat 10 qəpik olub. Deməli, digər bölgələrdən fərqli olaraq, Lənkəran-Astara iqtisadi rayonunda yaşayan şəxslərə xaricdən köçürülən pulun orta aylıq məbləği 2021-ci illə müqayisədə 8 faiz azalıb.

Xaricdən köçürülən vəsaitlərin adambaşına düşən orta aylıq məbləğinin ən yüksək olduğu üçüncü iqtisadi rayon Gəncə-Daşkəsəndir. Burada adambaşına orta aylıq pul köçürməsinin məbləği 12 manatdır. 2021-ci ildə eyni göstərici 8 manat 50 qəpik idi. Deməli, ötən il ərzində bu regionda da xaricdən adambaşına pul köçürməsinin məbləği 42 faiz artıb. Bu iqtisadi rayonun tərkibinə Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları, eləcə də Naftalan və Gəncə şəhərləri daxildir.

Şərqi Zəngəzur bölgəsi nəzərə alınmasa, xaricdən göndərilən pul vəsaitlərinin adambaşına ən aşağı məbləği Mil-Muğan iqtisadi rayonunda qeydə alınıb – 1 manat 50 qəpik. Bu, Qazax-Tovuz iqtisadi rayonu ilə müqayisədə doqquz dəfə daha azdır. Mil-Muğan iqtisadi rayonunun tərkibinə Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları daxildir.

Pul köçürmələri toplam gəlirdə ən çox harada pay sahibidir?

Xaricdən pul köçürmələrinin adambaşına məbləği qədər, toplam gəlirlərdə payı da çox önəmlidir. DSK-nın araşdırmasına görə, 2022-ci ildə xaricdən göndərilən pul köçürmələri ən çox Qazax-Tovuz iqtisadi rayonunda rol oynayıb. Bu bölgədə adambaşına gəlirin 4.3 faizi məhz həmin mənbə hesabına formalaşıb. Başqa deyimlə, sözügedən iqtisadi rayonda adambaşına orta aylıq gəlirin hər 100 manatından 4 manat 30 qəpiyi pul köçürmələri hesabına formalaşıb.

Xaricdən pul köçürmələrinin toplam gəlirdə payına görə öncəki illərdə lider olan Lənkəran-Astara iqtisadi rayonu ötən il ikinci pilləyə geriləyib. Bu iqtisadi rayonda adambaşına gəlirin 4.1 faizi xaricdən göndərilən pul vəsaitləri hesabına formalaşıb.

Belə köçürmələrinin toplam gəlirlərdə payının ən çox olduğu üçüncü iqtisadi rayonsa Dağlıq Şirvandır. Söhbət Şamaxı, İsmayıllı, Qobustan və Ağsu rayonlarından gedir. Adıçəkilən bölgədə əhalinin gəlirlərinin formalaşmasında xaricdən pul köçürmələrinin payı 3.5 faizdir.

Xaricdən pul köçürmələrinin əhalinin gəlirlərində ən az paya sahib olduğu iqtisadi rayonsa Mil-Muğandır. Bu bölgədə əhalinin gəlirlərinin tərkibində pul köçürmələrinin payı cəmi 0.5 faizdir. Eyni göstəriciyə görə ikinci ən aşağı nəticə Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb. Xızı və Abşeron rayonlarının, eləcə də Sumqayıt şəhərinin daxil olduğu iqtisadi rayonda əhalinin gəlirlərinin cəmi 0.6 faizi xaricdən göndərilən pul köçürmələri hesabına formalaşıb.

Rəsmi rəqəmlərdən aydın olur ki, Azərbaycana xaricdən göndərilən pullar kənd əhalisinin gəlirlərinin formalaşmasına şəhərlərlə müqayisədə daha çox təsir göstərir. Ötən il kənd sakinlərinin gəlirlərinin tərkibində bu tip köçürmələr 2 faizlik paya sahib olub. Şəhərlərdə eyni göstəricinin payı 1.5 faizdir.

XS
SM
MD
LG