Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Prokuror Cahangir Hacıyevin cəzasının azaldılmasını istəyir, amma...


C.Hacıyev
C.Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ona verilmiş cəzanın azaldılması üçün məhkəməyə üz tutub. Prokuror da mənimsəməyə görə ona verilən cəzanın azaldılmasına etiraz etmir. Əksinə, özü də fevralın 10-da Qaradağ rayon Məhkəməsində bu təkliflə çıxış edib.

C.Hacıyev 2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə dəyişikliklərə əsaslanaraq, cəzanın azaldılmasını istəyir. Bu dəyişiklikdən sonra C.Hacıyevin suçlu sayıldığı bir neçə maddənin cəza həddi də aşağı salınıb.

Keçmiş bank rəhbəri haqqında 15 illik birinci hökm dəyişiklikdən əvvəl çıxarılmışdı. 2019-cu ildə onun haqqında ikinci hökm çıxarılanda əvvəlki 15 il nəzərə alınmaqla, yekun olaraq 16 il 6 ay cəza təyin edildi. C.Hacıyev haqqındakı birinci hökmün qanundakı dəyişikliyə uyğunlaşdırılmasını, cəzasının azaldılmasını istəyir. Bu, ikinci hökmə də təsir göstərərək ümumi cəzanı dəyişə bilər.

«Niyə başqalarına şamil olundu, mənə yox?»

«2017-ci ildə qanunvericiliyə bu dəyişikliklər ediləndə mən 13 saylı Cəzaçəkmə Müəssisəsindəydim. Kimlərin ki maddələrində cəza azalıb, o məhkumların işinə yenidən baxılırdı, cəzalar dəyişikliklərə uyğunlaşdırılırdı. Amma mənə şamil olunmadı. Bu dəyişikliklərin məqsədi insanların vəziyyətini yüngülləşdirməkdir. Niyə başqalarına şamil olundu, mənə yox? Görünür, Ədliyyə Nazirliyindən təzyiqlər vardı, ona görə...», – C.Hacıyev məhkəmədə belə deyib.

Onun ittiham olunduğu maddələrdən həm 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), həm də 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, ağır nəticələrə səbəb olduqda) maddələrinin sanksiyasında cəza həddi dəyişib. Məhkəmələr şəxsə ittiham olunduğu maddələrin hər biri üzrə ayrıca cəza təyin edir, sonra o cəzaları bəzən tam, çox vaxt isə qismən toplamaqla, yekun müddəti elan edir.

Prokuror C.Hacıyevə CM-in 179.3.2 maddəsi ilə təyin edilmiş cəzadan 1 il çıxılmasını təklif edib. Amma yekun cəzanın elə 15 il saxlanmasını istəyib.

Keçmiş bankir buna etiraz edib.

Qaradağ rayon Məhkəməsi bu məsələ ilə bağlı qərarını fevralın 11-də verəcək.

Xatırlatma

2015-ci il dekabrın 4-dən həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib. O, CM-in 179 (mənimsəmə və ya israf), 313 (vəzifə saxtakarlığı), 213 (vergidən yayınma) və başqa maddələri ilə ittiham olunub.

Amma özünü təqsirli bilmir. O, Beynəlxalq Bankdan kredit kimi götürülən vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir. Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib. Lakin onları nə satıb tam məbləği bağlayırlar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyirlər.

C.Hacıyev haqqında 16 il 6 aylıq ikinci hökm hələ qüvvəyə minməyib, çünki özü və onunla birlikdə mühakimə olunan bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov hökmdən şikayət verib. Onların işinə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır.

XS
SM
MD
LG