Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:03

Təhqiqatçılar Priqojinin 20 milyard dollarlıq aktivlərini aşkar ediblər


Kollaj: Yevgeni Priqojin və Vladimir Putin
Kollaj: Yevgeni Priqojin və Vladimir Putin

Vaqner özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin qohumlarının İtaliyada 3.5 milyon avro dəyərində malikanəsi var, onun şəxsi aktivlərinin dəyəri isə 20 milyard dollardan çoxdur.

Bu barədə məlumatı müxalifətçi Aleksey Navalnının Korrupsiya ilə Mübarizə Fondu (KMF) verib.

Təhqiqatçıların məlumatına görə Priqojinin oğlu Pavel Peterburq restoratoru Sergey İnkinin qızı Yekaterina İnkina ilə evlidir.

KMF-nin məlumatına görə Pavel 2017-ci ildə İtaliyanın Forte dei Marmi şəhərində ümumi sahəsi 400 kvadrat metr, qiyməti isə 3.5 milyon avro olan malikanəni alıb.

KMF bildirir ki, bu şəhərdə Rusiya oliqarxları Roman AbramoviçOleq Deripaska, habelə baş nazirin müavini Aleksandr Xloponin də villalar alıblar. Xloponin sonradan öz vilalsını biznesmen Mixail Proxorova satıb.

Dövlət sifarişləri

Bundan başqa Navalnının tərəfdarları Vaqner təsisçisinin dövlət kontraktlarından qazandığı pullardan bəhs edirlər.

Məsələn Priqojinin firmalarından birinin keçmiş mühafizəçisi Arseni Berdyayev “Texnologiya” şirkətinin sahibi kimi qeydiyyatdan keçib. Bu şirkət işğal olunmuş Ukrayna əraziləri də daxil Rusiya hərbi hissələrini ərzaqla təchiz edir.

Təhqiqatçıların məlumatına görə Texnologiya son 1 il yarım ərzində dövlət sifarişlərindən 847 milyon rubl (9.2 milyon dollar) qazanıb.

Priqojinin firmalarından biri də Konkord şirkətinin əməkdaşı Nadejda Tixonavanın adına rəsmiləşdirilib. Onun “Kulinar” firması Rusiya Müdafiə Nazirliyinə banket xidməti göstərir. Firma bu işdən son bir ildə 262 milyon rubl qazanıb.

Jurnalistlər hesablayıblar ki, təkcə açıq mənbələrdəki məlumatlara görə Priqojinin aktivləri 2 trilyon rubl (20 milyard dollar) təşkil edir.

Hesabatda deyilir ki, Priqojinin əslində nə qədər qazandığını söyləmək faktiki olaraq mümkün deyil:

"Biz bunun yalnız dövlət sifarişlərinə görə açıqlanmış rəsmi hissəsini görürük. Bu isə əslində aysberqin ucudur. Söhbət trilyonlarla rubldan gedir”.

Qiyamdan sonra

İyunun 23-də Vaqner özəl hərbi şirkətinin başçısı Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyini və Baş Qərargahını Ukrayna müharibəsində səriştəsizlikdə ittiham etmiş və Moskvaya yürüşə başlamışdı.

Lakin iyunun 24-də gecə Vaqner və Rusiya rəhbərliyi arasında Belarus lideri Alyaksandr Lukaşenkanın vasitəçiliyi ilə razılaşma əldə olunduqdan sonra yürüş dayandırılıb.

Rusiya hakimiyyəti bildirirdi ki, lap əvvəldən Priqojinin hərəkətlərinə qoşulmaqdan imtina edən döyüşçülər Müdafiə Nazirliyi ilə müqavilə bağlaya bilərlər.

Bu da vəd olunub ki, Priqojinin Moskvaya yürüşündə iştirak edən döyüşçülərə qarşı cinayət təqibi tətbiq edilməyəcək.

Daha sonra FTX Priqojinin qiyamı ilə bağlı qaldırdığı cinayət işinə xitam verildiyini bildirmişdi.

Açıqlanan rəqəmlər

Vladimir Putin qiyamdan sonra etdiyi çıxışında demişdi ki, Vaqner şirkəti tamamilə dövlət tərəfindən maliyyələşdirilib.

Onun sözlərinə görə şirkət 2022-ci ilin may ayından indiyədək muzdluların saxlanması və mükafatlar üçün dövlətdən 86.3 milyard rubl alıb.

Vaqnerin sahibi olan Konkord şirkətinə isə dövlətdən 80 milyard rubl ödənib.

Bu rəqəmlər bundan əvvəl müstəqil jurnalistlərin açıqladığı rəqəmlərdən xeyli yüksəkdir.

CurrentTime yazırdı ki, Priqojinin dövlət sifarişlərinin ümumi dəyəri 2011-ci ildən 2019-cu ilədək 209 milyard rubl təşkil edib.

XS
SM
MD
LG