Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:22

Prezident: '…Bəzi hallarda köçkünlərdən pul alırdılar'


Prezident İlham Əliyev Azər Qocayevi videoformatda qəbul edib
Prezident İlham Əliyev Azər Qocayevi videoformatda qəbul edib

"...Bu il köçkünlərə 8 minə yaxın mənzil veriləcək. Bu mənzillərin verilməsində tam şəffaflıq olmalıdır. Həm Dövlətqaçqınkom və eyni zamanda, yerli icra orqanları burada birgə işləməlidirlər. Köçkünlərin dəqiq uçotu aparılmalıdır".

AZƏRTAC-ın xəbərinə görə, bunu bugün, mayın 13-də prezident İlham Əliyev Azər Qocayevi Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Prezidentin vurğulamasına görə, əfsuslar olsun ki, əvvəlki illərdə bu uçot lazımi səviyyədə aparılmırdı: "Belə məlumatlar var ki, bəzən qəsdən aparılmırdı. Çünki dəqiq uçotun olmaması müxtəlif manipulyasiyaya yol açırdı. İndi biz araşdırma, təftiş aparırıq, görürük ki, köçkünlər üçün tikilmiş evlərdə bəzi hallarda heç köçkün statusuna aid olmayan insanlar yaşayır. İndi biz bəzi ictimai binaları boşaldırıq, köçkünləri yeni mənzillərə köçürürük, sonra da görürük ki, - məsələn, bu yaxınlarda mənə məlumat verildi, - bir binada yaşayanların 20 faizi heç köçkün deyildi. Necə gəliblər oraya? Kim onları yerləşdirib? Kim onları qeydiyyata alıb? Dövlət orqanları".

Dövlət başçısının qeyd etməsinə görə, nəyinsə müqabilində bunu ediblər: "Yoxsa necə ola bilər ki, köçkünlər üçün nəzərdə tutulan binada başqa insanlar yaşayır. Belə hallar var. Mənzillərin bölgüsündə mənfi hallar kifayət qədər çox idi. Mənə verilən məlumata görə, bəzi hallarda köçkünlərdən pul alırdılar. Halbuki, dövlət onları pulsuz mənzillərlə təmin edir. Bu faktlar da araşdırılır. Ona görə, ilk növbədə, dəqiq uçot aparılmalıdır. Dövlətqaçqınkoma bu məsələ ilə bağlı göstərişlər verilib. Aidiyyəti yerli icra orqanlarının rəhbərliyi bu məsələdə çox diqqətli olmalıdır və bu işlər birgə tənzimlənməlidir".

Bu il martın 9-da Aqil Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdi. Bununla bağlı prezident İ.Əliyev sərəncam imzalayıb.

A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

Mayın 13-də prezidentin sərəncamı ilə onun yerinə Azər Qocayev təyin edilib.

Xatırlatma

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. İndi həmin yerlərdən köçkün düşən insanlar ölkənin başqa ərazilərində məskunlaşdırılıblar.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG