Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

Azərbaycan sülh sazişi ilə bağlı yenidən təkliflər hazırlayıb Ermənistana göndərəcək


Ceyhun Bayramov
Ceyhun Bayramov

Azərbaycan sülh sazişi ilə bağlı yenidən təkliflər paketi hazırlayıb yaxın müddətdə Ermənistana təqdim edəcək.

Bunu sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov serbiyalı həmkarı Marko Curiç ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib. Onun sözlərinə görə, təkliflər beynəlxalq hüquqa əsaslanır və Azərbaycanın milli maraqlarına cavab verəcək.

C.Bayramov habelə vurğulayıb ki, Azərbaycan sülh sazişi üzrə növbəti versiyasını hələ iyunun 24-də Ermənistana təqdim edib, rəsmi Yerevan təxminən 70 gün sonra öz versiyasını Azərbaycana göndərib.

Nazirin sözlərinə görə, Ermənistanın göndərdiyi cavabda əvvəl tərəflərin razılığa gəlmədiyi məqamlar mətndən çıxarılıb: "Ermənistanın düşüncəsinə görə, bu yolla məsələni həlli etmək olar. Saziş layihəsində önəmli məqamlara yer ayrılmayıb və bizə məsələnin həllinin bu olduğu deyilib. Bizim Ermənistan tərəfinə tövsiyəmiz ondan ibarətdir ki, onlar bu məsələlərə daha ciddi yanaşsınlar".

Nikol Paşinyan
Nikol Paşinyan
31 avqust

Paşinyan Azərbaycanla vasitəçisiz danışıqlara üstünlük verir

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 31-də deyib ki, Azərbaycanla vasitəçisiz danışıqlara üstünlük verir. O, Rusiya prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün vasitəçilik təklifini şərh edərkən belə deyib.

Paşinyan Rusiyanın iki Cənubi Qafqaz ölkəsi arasında nəqliyyat xətlərini açmaqla bağlı danışıqlarda vasitəçiliyini də istisna edib. O, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yerevana qarşı tənqidini "tamamilə əsassız" adlandırıb.

Paşinyanın arqumenti

Putin avqustun 19-da Bakıda səfəri zamanı prezident İlham Əliyevlə görüşündə belə təkliflə çıxış edib. O, sonradan Paşinyan və Əliyevlə telefon söhbətlərində görüşün nəticələrini müzakirə edib. Yerevan bu ilin əvvəlində Moskva ilə gərginlik artanda da Rusiyanın oxşar təşəbbüslərini rədd edib.

"Ümumi anlaşmaya uyğun olaraq, Azərbaycanla ikitərəfli formatda işləyirik. Bu yolda irəliləyiş əldə edə bilsək, deməli, bu, düzgün formatdır. Rusiya prezidenti ilə son telefon danışığımızda bunu ona da dedim", – Paşinyan mətbuat konfransında söyləyib.

"Mən hər hansı (üçüncü tərəf) vasitəçiliyini istisna etmirəm, amma bu, dəyərləndirilməsi gərəkən çoxsaylı şərtlərdən asılıdır. Səmimi desəm, regional nəqliyyat xətləri məsələsində Ermənistanı sabotajda ittiham edən ölkəni vasitəçi kimi necə təsəvvür edirsiz", – Paşinyan vurğulayıb.

Paşinyan Lavrovun avqustun 19-da səsləndirdiyi fikri nəzərdə tutub. Lavrov Ermənistanı Azərbaycanın Naxçıvan eksklavına nəqliyyat dəhlizi açmaqdan imtina etdiyini deyib. Belə bir marşrutun açılması 2020-ci ildə İkinci Qarabağ müharibəsini dayandıran, Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs bəyanatında nəzərdə tutulub.

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Sülh sazişini indi imzalamaq təklifi

Paşinyan sülh prosesinin gedişindən məmnunluğunu dilə gətirib, avqustun 30-da sərhəd delimitasiyası üzrə yeni razılaşma əldə olunduğunu deyib. Baş nazir onu da deyib ki, Yerevan avqustun 30-da diplomatik münasibətlərin qurulması üçün çərçivə sazişi imzalamağı təklif edib. Onun sözlərinə görə, sülh sazişi layihəsinin 17 bəndindən 13-ü tam razılaşdırılıb.

"Təklif edirik ki, indiki məqamda razılaşdırılanları imzalayaraq ratifikasiya edək, qalan məsələlər üzrə müzakirələri davam etdirək", – o bildirib.

Azərbaycan prezidenti İlham Əliyev isə avqustun 30-da bir daha deyib ki, Ermənistanın mövcud konstitusiyasının dəyişdirilməsi sülh sazişinin imzalanmasından ötrü vacib şərtdir. Bakı həmin sənəddə Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirir.

Paşinyan yeni konstitusiya qəbulunu planlaşdırır. Amma o, ərazi iddiaları olmadığını deyir, əksinə, onun sözlərinə görə, Azərbaycan konstitusiyasında Ermənistan ərazisinə qarşı iddia var.

Azərbaycan XİN-in mövqeyi

Azərbaycan XİN isə Paşinyanın bu iddiasını "tamamilə yanlış" adlandırıb.

"Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil", – XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.

Mətbuat katibi iki ölkə arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərti bir daha səsləndirib. Bu, "başda Ermənistan və Dağlıq Qarabağın birləşməsinə çağıran Ermənistanın Müstəqillik Aktına açıq şəkildə istinad edən Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır", – o deyib.

Ötən əsrin 80-ci illərində yenidən qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında silahlı toqquşmalara səbəb olmuşdu.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla Qarabağa nəzarəti bərpa edib. Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər delimitasiya olunmayıb.

XS
SM
MD
LG