Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:53

Pakistanda hər il yüzlərlə qadın 'namus qətli'nin qurbanı olur


Pakistanlı qadınlar qadınlara qarşı zorakılığa etiraz ediblər.
Pakistanlı qadınlar qadınlara qarşı zorakılığa etiraz ediblər.

Pakistanın şimal-qərbində bir neçə qadının ölümü bu Cənubi Asiya ölkəsində "namus qətlləri"ni diqqət mərkəzinə gətirib.

Hər il Pakistanda yüzlərlə qadın, qız əksər hallarda qohumları tərəfindən öldürülür. Qatillər ailələrinin şərəfini qoruduqlarını deyirlər.

Ölkədə qanunların sərtləşdirilməsinə, ictimai qəzəbə baxmayaraq, insan haqları qrupları belə qətllərin davam etdiyini bildirirlər.

Bu yaxınlarda polis bir kişinin 18 yaşlı qızının qətlində ittiham olunduğunu bildirib. Qız Cirqa qəbilə şurasının fətvası ilə, qohumu olmayan kişilərlə fotosunun sosial mediada yayılmasına görə öldürülüb. Polis qurbanın dayısı daxil olmaqla daha üç nəfərin də noyabrın 29-da həbs olunduğunu bildirib. Hadisə uzaq Xayber-Paxtunxva əyalətində baş verib.

Rima Bibi adlı qızı atası noyabrın 24-də öz evlərində güllələyib. Bundan az öncə yayılan fotolarda o, bir qadın və iki kişi ilə birlikdə görüntülənib.

Pakistanın qatı mühafizəkar kənd yerlərində qadınların fotosunun yayılması tabu sayılır. Amma polis Bibinin fotolarının dəyişdirildiyini bildirib. Polis fotolardakı digər qadının və kişilərdən birinin qoruma altına alındığını deyib. İkinci kişinin yeri bəlli deyil.

Bir ildə 400 "namus qətli"

Xayber-Paxtunxva əyalətində noyabrın 28-də daha dörd nəfər öldürülüb. Bir kişi həyat yoldaşını ailə münaqişəsi zəminində qətlə yetirib. Buna cavabında isə qurbanın qardaşı kişinin valideynlərini və kiçik bacısını öldürüb.

"Çox qəddar hərəkətdir, dəhşətli yerli adətlər üzündən gerçəkləşdirilir. Bu, dərindən kök salmış cəhalətin nəticəsidir", – Müfti Həfizulla Səbri Radio Maşal-a deyib.

Kandil Baloç Pakistanda "namus qətlləri"nin ən tanınmış qurbanlarından biridir.
Kandil Baloç Pakistanda "namus qətlləri"nin ən tanınmış qurbanlarından biridir.

İnsan haqları qrupu bu insidentləri Pakistanda "namus qətlləri"nin son nümunəsi adlandırır. Qadınlar ərlərini atıb özgəsi ilə qaçıb getməyə, zinaya, hətta onlayn video və fotolarda görünməyə görə qətlə yetirilir.

Pakistan İnsan Haqları Komissiyası təkcə 2022-ci ildə azı 384 belə qətli sənədləşdirib. Onların 103-ü Paxtunxvada törədilib.

Qanun sərtləşdirilsə də...

2016-cı ildə Pakistanda cinayət məcəlləsinə dəyişiklikdə "namus adına törədilmiş qətl" xüsusi cinayət sayılıb, buna görə məişət zorakılığından daha sərt cəza nəzərdə tutulub. Bu cinayətə görə ölüm cəzası, yaxud ömürlük həbs kəsilə bilər.

Ancaq insan haqları qrupları daha sərt cəzaların belə qətllərin sayını azalda bilmədiyini deyirlər.

"Belə hücumlardan sonra adamları həbs etmək yetərli deyil. Hakimiyyət zorakılığa görə cəzasızlığa son qoymalı, belə dəhşətli cinayətlərə göstəriş verən kənd və qəbilə şuralarını ləğv etməlidir", – "Amnesty International" təşkilatından Nadia Rahman bildirib.

2019-cu ildə Pakistanın Ali Məhkəməsi qəbilə şuralarını qeyri-qanuni elan edib, onların konstitusiyanı və İslamabadın insan hüquqlarını qorumaq, gender ayrıseçkiliyinə son qoymaqla bağlı beynəlxalq öhdəliklərini pozmasını əsas gətirib.

Ancaq Rahman söyləyir ki, Pakistan hakimiyyəti qanundankənar cirqalar, yaxud qəbilə şuralarının paralel hüquq sistemi kimi fəaliyyətini məhdudlaşdıra bilməyib.

Pakistanlı vəkil Kainat Kakaxel qanuna dəyişikliyin tam yerinə yetirilmədiyini bildirib. Belə ki, qanuna görə, "namus qətli'ndə təqsirli bilinəni qurbanın ailəsi əfv edə bilməz. İslam qanunu - şəriətdə isə buna icazə verilir.

"Bir çox hallarda namus qətlləri qətl hadisəsi kimi sənədləşdirilir, bu isə barışığa yol açır. Bu, böyük qüsurdur", – Kakaxel deyib.

AzadlıqRadiosunun RadioMaşal xidmətinin əməkdaşlarının məlumatlarını Əbubəkr Siddiqi qələmə alıb.

XS
SM
MD
LG