Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:23

Özbəkistan əmiuşağı nikahlarını yasaqlamaq istəyir, anadangəlmə qüsurlara görə...


Sirojiddin Toghaev və Oybahar Toğayeva
Sirojiddin Toghaev və Oybahar Toğayeva

Özbəkistanın cənub-şərqində yerləşən Surxondəryo bölgəsinin sakini Sirociddin Toğayev hərəkət etmək üçün əsa, əlil arabası və skuterdən yararlanmalı olur. O öz sağlamlıq durumunu qohum evliliyindən doğulması ilə əlaqələndirir:

“Atam öz bibisiqızı ilə evlənib. Evlilik qərarını babam verib. Valideynlərimiz qan qohumu olduğundan, böyük bacım Oybahorla mən anadangəlmə qüsurlarla doğulmuşuq”.

Bu qohum evliliyindən doğulan tək sağlam övlad Firuzədir. Valideynləri bir neçə il öncə öldüyündən, indi bacısına və qardaşına o baxmalı olur. Bacılardan hər birinin yaşı 30-u haqlayıb. Qardaşlarıyla birgə Denov şəhərində, valideynlərinin evində yaşayırlar.

Qan qohumları arasında evlilik Özbəkistanın çox yerində yayğındır

AzadlıqRadiosunun əməkdaşı Farangis Nəcibullah yazır ki, Toğayevin vətəni olan Surxondəryo və qonşu Qaşqadəryo bölgələrində belə evliliklərə özəlliklə çox rast gəlinir.

Sakit qarşılanmayacaq bu durumun körpələrdə irsi pozğunluq doğurduğunu əsas gətirən Özbəkistan hökuməti həmin praktikaya son qoymaq istəyir.

Ailə və Uşaq Məsələləri Komitəsi ölkənin “Ailə Məcəlləsi”nə düzəliş təklifi edib. Qurum parlamentə xala-bibi-dayı və əmi uşaqları, eləcə də 2-ci dərəcəli qan qohumları arasında evliliyin yasaqlanmasını təklif edir.

Sənəddə qeyd edilir ki, düzəliş layihəsinin məqsədi “körpələrin anadangəlmə əlilliklə doğulmasının önünü kəsməkdir”.

Xaricdə aparılan bəzi araşdırmalar qan qohumları arasında evliliklərin anadangəlmə qüsurlarla doğulması riskini artırdığını göstərir. Axı bir-biri ilə yaxın qohum olan insanların eyni genetik mutasiyaları daşıması ehtimalı daha yüksəkdir.

Özbəkistanın rəsmi statistikasına görə, ötən il ölkədə əlilliklə doğulan körpələrin 10 faizə yaxını qohum evliliklərindən doğulan uşaqlardır.
Bu halların təxminən 1/3-i Surxondəryoda qeydə alınıb. Siyahıda ondan sonra Qaşqadəryo əyaləti gəlir. Bu iki əyalət qohum evliliklərinin ən çox olduğu bölgələrdir. Bir hesabata görə, 2021-ci ilin iyul-dekabr aylarında qeydə alınan 1210-a yaxın qohum evliliyinin 60 faizə qədəri bu iki bölgənin payına düşür.

Xəstə uşaqların 29 faizi qohum evliliyindən doğulanlardır

Ötən il Sırdəryo, Əndicon, Səmərqənd və Buxara əyalətlərində də əlilliklə doğulan körpələrin sayı yüksək olub.

Özbək mediasının verdiyi xəbərə görə, bu ilin ilk beş ayında Daşkənddəki Milli Pediatriya Mərkəzində müxtəlif xəstəliklərdən müalicə edilən 6 min 660 uşağın 29 faizə yaxını qohum evliliklərindən doğulanlardır.

Özbəkistanda qohum evliliklərinin məhdudlaşdırılması, yaxud yasaqlanması ilə bağlı çağırışlar 2000-ci illərin əvvəllərindən başlanıb. Ancaq həkimlər və məmurlar körpələrin sağlamlığı ilə bağlı mümkün risklərə dair xəbərdarlıq etsələr də, ənənə hələ də güclüdür.

Ölkənin şərqində yerləşən Namanqan bölgəsində yaşayan Sabohatxon Alimova 40 ildən çox öz xalası oğlu ilə evli olub. Onun valideynləri də xalauşağı olublar.

Əslən qonşu Tacikistandan olan Alimova övladlarının dördünün də “sağlam və normal” doğulduğunu iddia edir. Onlardan ikisi qohumlarla evlənib.

“Belə evliliklərdə qohumlar arasında daha çox güvən və sevgi olur; boşanmalar çox olmur. Gəlin, yaxud kürəkən öz qohumun olanda, bilirsən ki, sən qocalıb xəstələnəndə sənə qulluq edəcəklər”, - Alimovanın sözləridir.

“Qohumlarınızla evlənməyin”

Ancaq gündəlik həyatında əlillikdən çox əziyyət çəkən Toğayevin fikrincə, valideynlərin verdiyi qərarın ağır bədəlini onların övladları ödəyir:

“Bu yaxınlarda bizim əyalətin qubernatoru İnternetdə yazmışdı: “Qohumlarınızla evlənməyin. Bunun əziyyətini siz yox, övladlarınız çəkəcək”. Düz deyir. İnsanlar evlənmək haqda düşünərkən bunu nəzərə almalıdırlar”.

Toğayev və bacısı Oybahor həyatda qalmağa və öz çətin durumlarını mümkün qədər yaxşılaşdırmağa çalışırlar. Oybahor yerli sakinlərin xaricdə çalışan qohumlarının göndərdiyi pulları almağa gəldiyi köşkdə işləyir.

Toğayevsə əyalət hökumətinin ona hədiyyə etdiyi skuterin köməyilə bacısını işə aparıb-gətirir. Balaca pikap maşınını xatırladan skuter ehtiyac olanda ərzaq və mal daşımağa da yarayır.

Gəlir qazanmaq üçün dörd qoyun saxlayan və tərəvəz yetişdirən Toğayev ötən ay turp satışından 80 dollar qazandığını deyir.

Ancaq ev işlərinin çoxunu ailənin əlilliyi olmayan tək övladı Firuzə görməyə məcbur qalır.

XS
SM
MD
LG