Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:06

Ukraynanın Rusiyadan istədiyi ‘əxlaqlı’dır, amma ‘praktik’dirmi


Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur
Gözlə

No media source currently available

0:00 0:02:23 0:00

Ukrayna əsgərləri İran dronlarını avtomat silahlarla vurur

Britaniyalı jurnalist və tarixçi Ouen Mətyuz (Owen Matthews) Rusiyanı yaxından izləyir. Britaniyanın “The Spectator” jurnalına müntəzəm yazılar yazan Mətyuz bu yaxınlarda “Overreach: The Inside Story Of Putin And Russia's War Against Ukraine” (“Qəsb: Putin və Rusiyanın Ukraynaya qarşı müharibəsinin daxili hekayəsi”) adlı kitabını nəşr etdirib. O 1990-cı illərin ortalarında Rusiyadan xəbərlər verməyə başlayıb və 2006-2012-ci illərdə “Newsweek” jurnalının Moskva müxbiri olub.

Ouen Mətyuz
Ouen Mətyuz

AzadlıqRadiosunun gürcü xidmətinin müxbiri Vaja Tavberidzeyə müsahibəsində Mətyuz Ukrayna Prezidenti Volodımır Zelenskinin Rusiyaya qarşı ədalət tələb etməkdə haqlı olduğunu deyib. Ancaq o həm də hesab edir ki, Ukraynanın bütün ərazisini geri qaytaracağı, yaxud Rusiya Prezidenti Vladimir Putinin müharibə cinayətlərinə görə məsuliyyətə cəlb ediləcəyi ehtimalı aşağıdır. O bu cür məqsədlərin ən azı Rusiyanın nüvə silahlarına malik olması səbəbindən “praktik” olmadığını deyir.

Mətyuz “The Spectator”a verdiyi müsahibədə belə deyib: "Bu müharibənin necə bitməsindən asılı olmayaraq, ukraynalılar özlərini satılmış hiss edəcəklər… Putini ram etmək üçün onların torpağı qurban verilib. …Təəssüf ki, real hərbi mənada bu müharibənin Ukraynanın son nəticədə ərazi itirməsindən başqa hər hansı ciddi nəticəsini görmürəm. Çünki Putinin nüvə silahı var, Ukraynanınsa yoxdur”.

Kissincerin və keçmiş xarici işlər nazirinin dedikləri

Özünün bu fikrini AzadlıqRadiosuna izah edərkən Mətyuz belə deyib: “Sadə nəticə ondan ibarətdir ki, Ukrayna bir çox mühüm mənalarda artıq müharibəni udub. Bu çox aydındır. Məsələ yekun ərazi anlaşmasının formasının necə olacağındadır. Ukraynalılarınsa, aydın məsələdir ki, bir neçə gözləntisi var. Birincisi, 2014-cü ildən əvvəlki sərhədlərin, yəni Ukraynanın tam ərazi bütövlüyünün bərpası. İkincisi, Rusiyadakı rejimin tam süqutu. Zelenskinin özü bir neçə dəfə Putinlə danışıqlar aparmaq niyyətində olmadığını, Putinə inanmadığını deyib. Üçüncüsü, Rusiyanın cəzalandırılması və müharibə cinayətlərinə görə təzminat ödəməsi.

Bunların hər biri əslində məntiqlidir, daha doğrusu, ədalətlidir. Mənim sorğuladığım bu məqsədlərin praktikliyidir. Lap birincisindən və bəlkə də ən ziddiyyətlisindən başlasaq, beynəlxalq münasibət çevrələrində, …Qərb siyasi çevrələrində Qərbin Ukraynanın Krıma hücumuna dəstək verib-verməyəcəyi mövzusunda çoxlu müzakirələr aparılıb.

(ABŞ-ın keçmiş dövlət katibi və veteran diplomat) Henri Kissincer (Henry Kissinger) bunun əslində arzuolunmaz nəticə olduğunu dediyi üçün böyük problemlə üzləşdi. Bunun arzuolunmaz, başqa sözlə ziddiyyətli nəticə olmasının səbəbi isə müharibənin Krıma keçdikdən sonra fərqli müharibəyə çevrilməsidir. Bu, Rusiyanın tərkibində olmaq istəməyən ukraynalıların azad edilməsi məsələsi deyil. Bu, ukraynalı olmaq istəməyən insanları Ukraynanın bir hissəsi olmağa məcbur etməkdir.

…Zelenskinin ilk xarici işlər naziri olan Vadım Prıstayko 2020-ci ildə çox ziddiyyətli müsahibə verdiyinə görə işindən azad edilmişdi. O hazırda Ukraynanın Londondakı səfiridir və çox yaxşı işləyir. Ancaq Prıstayko Ukraynanın Donbası irinləmiş əl-ayaq kimi amputasiya edəcəyi halda daha çox fayda götürəcəyini deməyə cəsarət etmişdi. O demişdi ki, Donbası saxlamağın heç bir müsbət tərəfi yoxdur”.

Ədalətsizlikdir, vicdansızlıqdır, amma...

Amerika və Avropa üçün Rusiya ilə birbaşa hərbi qarşıdurmadan yayınmaq Ukrayna müharibəsində əxlaqi baxımdan ideal nəticə əldə etməkdən qat-qat daha vacibdir. Və bu kədərlidir. Bu ədalətsizdir. Bu, vicdansızlıqdır. Ancaq iş elə gətirib ki, bu həm də NATO-nun prioritetlərindən [biridir]. Əlbəttə, onlar Rusiyanın zəiflədilməsini istəyirlər. Bu sanksiyalar rejiminin bütün mənası, ABŞ Dövlət Katibi Entoni Blinkenin (Antony Blinken) müharibənin əvvəlində …dediyi kimi, Rusiyanın buna bənzər başqa bir müharibə aparmaq üçün iqtisadi imkanlarını aşındırmaqdır. Ancaq Putin rejiminin devrilməsi, Putin və generallarının, əsgərlərinin məhkəməyə cəlbi, təzminat ödəməyə məcbur edilməsi – bunlar artıq təəssüf ki, əlçatanlıq paradiqmasında deyil. Səbəbsə sadə və aydındır: Rusiya dünyada ikinci ən güclü nüvə dövlətidir və buna görə də oyunu fərqli qaydalarla oynayır.

Biz bunu xoşlamaya bilərik, bunun pis, iyrənc, dəhşətli olduğunu düşünə bilərik. Onu da deyə bilərik ki, Putin heç vaxt nüvə silahına əl atmayacaq, çünki bu onun özü və ölkəsi üçün intihar olardı. Bunların hamısı həqiqətdir. Ancaq aydın məsələdir ki, biz tamamilə rasional olmayan, …[hərəkətləri] proqnozlaşdırıla bilməyən və çarəsiz adamdan danışırıq. Nəticə etibarilə, təəssüf ki, Rusiya ilə hər hansı başqa normal ölkə ilə olduğu kimi davranmaq olmaz.

Bu kədərlidir, …çünki bu o deməkdir ki, Putin cəzalandırılmayacaq. NATO da məhz buna görə Ukraynanı uzaqmənzilli ATACMS raketləri, ağır silahlar, qırıcı təyyarələr və s. ilə silahlandırmaq məsələsinə bu qədər ehtiyatla yanaşır. Nüvə təhlükəsi olmasaydı, Ukrayna çoxdan döyüş meydanında bu müharibəni qəti qələbə ilə udardı. Ancaq bu, yeganə yayındırıcı amildir. Mənə görə bu, təəssüf doğurur. Putin rejiminin özünün bütün cinayətlərinə görə cavab verməsini istərdim. Ancaq təəssüf ki, nüvə silahlarına görə bu nəticəni əldə etmək mümkün deyil. …. Demək istədiyim odur ki, Rusiyanın nüvə statusu oyunu dəyişir. O bizim onu məğlub etmək və hərbi məğlubiyyətdən sonra cəzalandırmaq üçün nə edə biləcəyimizi və nəyi edə bilməyəcəyimizi dəyişir”, – Ouen Mətyuz deyir.

XS
SM
MD
LG