Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:45

Overçuk da Yerevana ‘Zəngəzur dəhlizi’ni danışmağa gəlmişdi


Nikol Paşinyan Yerevanda Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib
Nikol Paşinyan Yerevanda Rusiya baş nazirinin müavini Aleksey Overçuku qəbul edib

Ermənistandan keçən tranzit marşrutlar bu ölkənin ərazi bütövlüyünü pozmayacaq. Bunu ötən həftəsonu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Rusiyanın Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasına yeni çağırışlarını şərh edərkən deyib:

“Kommunikasiyaların blokdan çıxarılması üç dövlətin başçıları tərəfindən əldə olunmuş 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının icrası ilə mümkündür. Siz bilirsiniz ki, Rusiya bu prosesə qoşulmağa və suverenlik, ərazi bütövlüyü və yurisdiksiya prinsipi əsasında kömək etməyə həmişə hazırdır”.

Overçuk Ermənistana ötən həftənin cümə günü səfər edərək baş nazir Nikol Paşinyanla görüşmüşdü.

Bundan əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasının açılmasını sabotaj etməkdə ittiham edən bəyanatları Yerevanı hiddətləndirmişdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Moskva və Yerevan 9 noyabr 2020-ci il üçtərəfli bəyanatının 9-cu bəndini fərqli şəkildə yozurlar.

Nəticə məlum deyil

Moskva iddia edir ki, həmin bəndə görə Azərbaycan və Naxçıvan arasında nəqliyyat kommunikasiyasına Rusiya sərhədçiləri nəzarət etməlidirlər.

Ermənistan rəsmilərinin sözlərinə görə isə bu heç də o demək deyildir ki, Azərbaycan və Naxçıvan arasında adamların və yüklərin hərəkətinə Rusiya nəzarət etməlidir.

Lavrov bundan əvvəl demişdi ki, Moskva orada “neytral sərhəd və vergi nəzarətinin” olmasını istəyir.

Overçuk Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri ilə birlikdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzərində işləyən üçtərəfli komissiyanın həmsədrlərindən biridir.

Ötən cümə günü Overçuk habelə ermənistanlı həmkarı Mher Qriqoryanla danışıqlar aparıb. Bu danışıqlarda hər hansı razılaşmanın əldə olunub-olunmadığı məlum deyil.

Ermənistan üçün Rusiyadan yaxa qurtarmaq məsələsi

Ermənistan politoloqlarından Armen Bağdasaryan Azatutyuna deyib ki, məsələ Ermənistanın sözü gedən 9-cu bəndi ləğv etdirə bilib-bilməməsindədir:

“Söhbət təkcə Naxçıvana yol açılmasından getmir. Əgər həmin marşrut Rusiyanın nəzarəti olmadan işləsə, Moskvanın regiondakı mövqeyi əhəmiyyətli dərəcədə zəifləyəcək. Yox, əgər kommunikasiya kanalları Rusiyanın nəzarəti altında olsa, Ermənistan Rusiyanın təsir dairəsindən çıxmaq niyyətindən həmişəlik əl çəkməli olacaq”.

Azatutyun yazır ki, Rusiyanın “Zəngəzur dəhlizi” kimi tanınan nəqliyyat kommunikasiyasının açılmasında belə israrlı mövqeyi İran Xarici İşlər Nazirliyi tərəfindən də tənqid olunur.

Tehran bildirir ki, regionda hər hansı “geosiyasi dəyişiklik” onun üçün qeyri-məqbuldur.

Rusiya XİN ötən həftə bildirmişdi ki, Moskva bu məsələdəki mövqeyini Tehrana aydınlaşdırmaq üçün “bütün zəruri izahatları” verib.

Lakin elə ötən həftəsonu İran millət vəkillərindən Fəda Hüseyn Maleki bəyan edib ki, Rusiyanın “Zəngəzur dəhlizi” məsələsindəki mövqeyi Tehrana arxadan zərbədir.

Azərbaycan 'Zəngəzur dəhlizi'ndən imtina edibmi?
Gözlə

No media source currently available

0:00 0:10:22 0:00

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycan Qarabağ bölgəsi, ətraf yeddi rayona nəzarəti itirmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin yeddi rayona, Qarabağın isə bir hissəsinə nəzarəti bərpa edib.

2023-cü il sentyabrın 19-20-də Bakı Qarabağda "lokal antiterror tədbirləri" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

XS
SM
MD
LG