Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:58

Əvvəl Azərbaycanda 128 ömürlük məhbus var idi...


Keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov
Keçmiş OMON-çular Səfa Poladov və Arif Kazımov

“O məhbusların arasında elələri var ki, cinayəti məcburiyyətdən törədiblər və 30 ilə yaxındır cəza çəkirlər. Heç olmasa, belələrinin cəzası müddətli cəza ilə əvəz olunsun, ya da əfv edilsinlər”.

72 MƏHBUS

Dekabrın 16-da ömürlük həbs cəzası çəkənlərin ailələri yenə Milli Məclisin qarşısına toplaşıblar. Onlar məhbusların cəzasının dəyişdirilməsini istəyiblər. Oğlu ömürlük həbsdə olan Müslimət Rzaxanova AzadlıqRadiosu-na bildirib ki, uzun illərdir 128 ömürlük məhbusun hüquqlarının bərpasından ötrü döymədikləri qapı qalmayıb. Ötən illər ərzində həmin məhbusların bir hissəsi müxtəlif səbəblərdən dünyasını dəyişib. İndi tələb 72 məhbusun üzərində qurulub:

“Bu məhbuslarla bağlı Milli Məclis 1998-ci il fevralın 10-da qərar qəbul edib. Onların barəsində güllələnmə hökmü ömürlük həbs cəzası ilə əvəz edilib. Həmin vaxt prezident Heydər Əliyevin tövsiyəsi və mövcud qanunvericiliyə görə, onlara 15 ilə qədər cəza tətbiq olunmalı idi. Heydər Əliyev 1998-ci il yanvarın 23-də bu məsələ ilə bağlı xüsusi bəyanatla çıxış edərək demişdi ki, “ölümə məhkum olunmuş insanların cəzası uyğun qaydada uzunmüddətli cəzalarla əvəz edilə bilər”. Həmin dövrdə Cinayət Məcəlləsində ən uzun müddətli həbs cəzası 15 il idi”.

Buna da bax:​ OMON-çular: 'Güllələnmə bundan daha yaxşı idi'

Müslimət xanım deyir, məhbusların hüquqlarını müdafiə komitəsinin siyahısındakı məhbuslar subyektiv amillərin təsiri altında, ciddi araşdırma aparılmadan ağır cəzaya məhkum olunanlardır. Onların çoxunun sağlamlıq durumu çox ağırdır, xəstəliklərdən əziyyət çəkirlər. Bir qismi azı 25 ildir ki, cəza çəkir. Əksəriyyəti törətdiyi cinayətə uyğun olmayan ağır cəza alıb.

BİRMƏNALI “YOX”

Ömürlük məhbusların ailə üzvləri bildirirlər ki, qanunvericiliyə görə, ömürlük məhbuslar 10 il həbs yatandan sonra cəzalarının yüngülləşdirilməsi üçün müraciət edə bilərlər. Ancaq məhkəmələr birmənalı olaraq həmin məhbuslara “yox” deyir.

Buna da bax: '20 ildir kamerada oturub, bir dəfə siyasi mövqe nümayiş etdirməyib'

Məhbus ailələrini Milli Məclisin məsul əməkdaşı İbrahim Yusifzadə qəbul edib. O, həmin məsələnin Milli Məclisin səlahiyyətinə daxil olmadığını bildirərək ailələrə bir daha prezidentə müraciət etməyi məsləhət görüb.

Bundan öncə də məhbus ailələri Prezident Administrasiyası və digər qurumların qarşısına toplaşıblar.

XATIRLATMA

Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyası 2007-ci ildə qəbul etdiyi 1545 saylı qətnamədə Azərbaycan hökumətinə ömürlük məhbusa çevrilmiş şəxslərin cəzalarının yumşaldılmasını tövsiyə edib. Qətnamədə qeyd olunurdu ki, hər bir məhkumun işinə yenidən baxılmalı və qanunun geriyə qüvvəsi prinsipinin ən əlverişli müddəalarına uyğun cəza kəsilməlidir.

Buna da bax:​ Azərbaycanda necə cəza çəkirlər?

Deputat Çingiz Qənizadə 2 il öncə deyirdi ki, həmin qətnamənin müzakirəsi istiqamətində ilkin addımlar atılır və araşdırma başlanıb:

«Ermənistan, Gürcüstan bu məsələyə baxıb, həmin məhkumların cəza müddətini 20 illə əvəzləyib... Məhkumlar arasında 14-15, hətta 20 ildən çox cəza çəkənlər var. Fikrimcə, qısa zaman kəsiyində məhkumların cəzasının hissə-hissə dəyişdirilməsi məsələsinə baxmaq vaxtıdır».

XS
SM
MD
LG