Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:42

Nigar Həzi: 'Tofiq Yaqublu prokurora deyib ki...'


Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi
Gözlə

No media source currently available

0:00 0:02:12 0:00

Tofiq Yaqublu barədə üç aylıq həbs qətiimkan tədbiri seçildi

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddətinin uzadılmasını apellyasiya məhkəməsi də haqlı hesab etdi. İyunun 24-də həbs-qətimkan tədbirinin daha iki ay uzadılması qərarından şikayətə baxan Bakı Apellyasiya Məhkəməsi onu təmin etməyib. T.Yaqublunun istintaq dövründə həbs müddətinin avqustun 22-nə qədər uzadılması haqda Nizami Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıb.

Qapalı keçirilən məhkəmə iclasında T.Yaqublu özü də iştirak edib.

Vəkil Aqil Layıc AzadlıqRadiosuna bildirib ki, T.Yaqublu özünü təqsirli bilməyib: "Biz bildirdik ki, həbsin uzadılması üçün maddi və prosessual əsaslar yoxdur. Bu fikrimizi də əsaslandırdıq. Amma məhkəmə şikayətimizi təmin etmədi. Tofiq Yaqublu ilk gündən təqsirsiz olduğunu, sifarişlə həbs olunduğunu bildirir".

A.Layıc əlavə edib ki, istintaq dövründə T.Yaqublunun həbsdə saxlanması qərarından artıq Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərilib.

T.Yaqublunun qızı Nigar Həzi deyir ki, atasının istintaq dövründə həbsdə saxlanmasının əsaslarından biri kimi, onun bundan əvvəl həbsdə olması göstərilir.

"Prokuror Tofiq Yaqublunu cinayətkar, residivist kimi təqdim edir. Ata da haqlı olaraq cavab verib ki, "cinayətkar mən yox, sizsiniz, üzərinizdə yüzlərlə günahsız adamın qanı, ömründən oğurlanmış illəri var". Tofiq Yaqublu üç aydan çoxdur həbsdədir, ortada heç bir istintaq hərəkəti yoxdur. Bir ekspert rəyini aylardır ala bilmirlər. Daha doğrusu, almırlar ki, işi məhkəməyə göndərsinlər", – N.Həzi belə deyir.

Xatırlatma

T.Yaqublu martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.


Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yanında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu CM-in 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Amma T.Yaqublu özünü təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır".

T.Yaqublu haqqında həbs qərarı verilərkən məhkəmədə də bildirib ki, baş verənləri o, telefonuyla çəkmişdi. Amma həqiqəti gizlətmək üçün polis idarəsində onun telefonunu yoldaşından alıblar və geri qaytarmayıblar.

XS
SM
MD
LG