Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:40

Erdoğan Finlandiya və İsveçin NATO üzvlüyünə etiraz edir


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan

NATO üzvləri Türkiyənin İsveç və Finlandiyanın bu təşkilata qoşulmasına qarşı olması ilə bağlı tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılacağına ümidlə yanaşırlar.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan mayın 16-da bəyan edib ki, Ankara Finlandiya və İsveçin NATO üzvlüyünə etiraz edir və bu ölkələrin nümayəndə heyətlərinin danışıqlar üçün Türkiyəyə səfər etməsinə ehtiyac yoxdur.

Mətbuat konfransında çıxış edən Erdoğan deyib ki, Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə “bəli” deyə bilməz:

“Hər iki ölkənin terrorçu təşkilatlara münasibətdə qəti mövqeyi yoxdur. İsveç terrorçu təşkilatlar üçün inkubatordur. Onlar terrorçuları parlamentə gətirir, onlara tribuna verir, xüsusi dəvətnamələr göndərirlər”.

Erdoğan bildirib ki, İsveç və Finlandiya PKK ilə bağlı yaraqlıları və Fethullah Gülenin davamçılarını gizlədir.

Hər hansı ölkənin NATO-ya üzv olması üçün bu təşkialtın bütün üzvlərinin razılığı zəruridir.

İsveçrə də NATO-ya meyllənir

İsveçrənin Müdafiə Nazirliyi bildirib ki, ölkənin neytral statusuna Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumu ilə bağlı yenidən baxılır.

Müdafiə Nazirliyinin yeni hesabatında NATO ilə birgə təlimlərin keçirilməsinin, silah-sursat ehtiyatı hazırlanmasının mühümlüyü qeyd olunur.

Nazirliyin təhlükəsizlik siyasəti şöbəsinin müdiri Paelvi Pulli Reuters agentliyinə deyib ki, sözü gedən hesabat müzakirə mərhələsindədir.

Pulli deyib ki, İsveçrənin xarici siyasətində neytrallığın təfsiri məsələsinə yenidən baxıla bilər.

Bu həftə Vaşinqtonda olan İsveçrə müdafiə naziri Viola Amherd deyib ki, onun ölkəsinin hazırda NATO-ya qoşulmaq planları olmasa da, ölkə Şimal alyansı ilə daha sıx əməkdaşlıq edəcək.

Xanım Amherd deyib ki, onun ölkəsinin hərbi rəhbərliyi NATO komandanlığı ilə müntəzəm görüşlər keçirir.

Reuters xəbər verir ki, İsveçrə ilə NATO arasındakı əməkdaşlığa dair hesabat sentyabr ayında açıqlanacaq.

Bundan sonra hesabat müzakirə üçün parlamentə təqdim olunacaq.

“Seysmik dəyişiklik”

İsçevrə 1815-ci ildən bəri heç bir fəal müharibədə iştirak etməyib.

1907-ci ildə qəbul olunmuş Haaqa Konvensiyasına görə İsveçrə heç bir beynəlxalq münaqişələrə qatılmamalı, münaqişə tərəflərinə rəğbət göstərməməlidir.

Buna baxmayaraq neytrallığı ölkə Konstitusiyasında təsbit edilmiş İsveçrə özünümüdafiə hüququna malikdir.

İsveçrə Rusiyanın Ukraynaya hücumunu pisləyib, lakin Ukraynaya İsveçrə istehsalı silahların təkrar ixracına qadağan qoyub.

NATO ilə sıx əməkdaşlığı olan İsveçrə indiyədək Lockheed Martin şirkətinin F-35A qırıcılarını alıb.

Rusiyanın İsveçrədəki səfiri Vladimir Xoxlov deyib ki, İsveçrənin müdafiə sistemində nəzərdə tutulan dəyişikliklər Moskva tərəfindən “neytrallığın radikal dəyişikliyi” kimi qiymətləndirilir və bunun müəyyən nəticələri olacaqdır.

Reuters xəbər verir ki, keçirilmiş rəy sorğuları ölkədə NATO ilə bağlara rəğbətin 37 faizdən 56 faizə yüksəldiyini göstərib.

İsveçrə Liberal-Demokrat Partiyasının lideri Tierri Burkart bunu ictimai rəydə “seysmik dəyişiklik” adlandırıb.

İsveç NATO üzvlüyünə rəsmən müraciət edir

İsveç hökuməti NATO-ya daxil olmaq barədə rəsmi qərarını elan edib.

Stokholm bu qərara Rusiyanın Ukraynaya səbəbsiz və əsassız hücumundan sonra gəldiyini bildirir.

İsveç bundan əvvəl 200 il ərzində neytral ölkə sayılıb.

Mayın 16-da Stokholmda parlamentə müraciət edən baş nazir Maqdalena Anderson deyib ki, bu qərar “ölkənin təhlükəsizliyi üçün tarixi qərardır”.

Baş nazirin sözlərinə görə İsveç NATO üzvlüyündə gələcək təhlükəsizliyini görür.

İsveçdən başqa Finlandiya da Şimal alyansına qoşulmaq niyyyətini bildirib.

Finlandiya II Dünya Müharibəsindən sonra neytrallıq statusu qəbul etmişdi.

İsveç və Finlandiyanın NATO-ya qoşulması Rusiya ilə alyans arasında birbaşa sərhəd xəttini iki dəfə artıracaq.

Rusiya prezidenti Vladimir Putin NATO-nun belə genişlənməsinin Moskva üçün birbaşa təhlükəsizlik hədəsi olmadığını deyib.

Amma o əlavə edib ki, Moksva NATO infrastrukturunun genişlənməsinə “cavab reaksiyası” verəcək.

NATO ölkələri Finlandiya və İsveçin üzvlük məsələsinə baxır

Mayın 15-də Almaniyanın paytaxtı Berlində NATO ölkələri xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısı keçirilir.

Gğrüşdə əsasən Finlandiya və İsveçin NATO-ya üzvlük məsələləri, Ukraynadakı mövcud durum, habelə NATO-nun Strateji Konsepsiyası və digər məsələlər müzakirə olunur.

Almaniya bəyan edib ki, əgər Finlandiya ilə İsveç NATO-ya üzvlük ərizəsi vermək qərarına gəlsələr, artıq sürətli ratifikasiya prosesi üçün hər çür hazırlıq görülüb.

Reütersin məlumatına görə bunu mayın 15-də Almaniyanən xarici işlər naziri Annalena Baerbok bəyan edib .

“Əgər onlar qoşulmaq qərarına gəlsələr, tez də qoşula bilərlər. Biz də əmin olmalarıq ki, onlara təhlükəsizlik zəmanəti verəcəyik.Onların statusunun qeyri-müəyyən olduğu keçid dövründə boz zona olmamalıdır”, deyə o vurğulayıb.

Reüters yazır ki, ratifikasiya müddəti bir ilədək uzana bilər və bu müddət ərzində bu iki ölkə hələ ki, NATO-nun bir müttəfiqə hücumun hamıya hücum olduğunu təmin edən 5-ci maddəsi ilə qoruna bilmir.

Amma Kanada hesab edir ki, ratifikasiya məsələsi bir neşə həftə çəkə bilər.

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da toplantıda iştirak edir.

Qeyd edək ki, Türkiyə prezidenti Racep Tayip Erdogan bundan əvvəl bildirmişdi ki, onun ölkəsi Finlandiya və İsveçin NATO-ya qoşulmasına “müsbət baxmır”.

Erdoqan jurnalistlərə aşıqlamasında bunun səbəbinin, İsveç və digər Skandinaviya ölkələrində kürd separatçıları və Türkiyənin terrorçu hesab etdiyi başqa qruplara dəstək verməsinə dair Ankaranın iddiaları ilə bağlı olduğunu demişdi.

Qeyd edək ki, NATO üzvü olan Türkiyə bu məsələdə veto qoymaq hüququndan istifadə edə bilər.

Amma NATO üzvləri tərəflər arasındakı fikir ayrılıqlarının aradan qaldırılacağına ümidlə yanaşırlar.

XS
SM
MD
LG