Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Taleh Bağırovgilin işi ilkin instansiyaya qaytarıldı


"Nardaran işi"nin vəkilləri
"Nardaran işi"nin vəkilləri

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 18 nəfərin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb. İyunun 8-də Bakı Apellyasiya Məhkəməsində Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası bu haqda qərar qəbul edib.

Məhkəmə təqsirləndirilən şəxslərdən Taleh Bağırov, Fuad Qəhrəmanlı, İbrahim Xudaverdiyev və Aqil Quliyevin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanovun vəsatəti əsasında belə qərar çıxarıb.

Vəkil bildirib ki, Taleh Bağırov və digərləri haqqında hökm yanvarın 25-də çıxarılıb. Qanuna görə, hökmdən sonra üç gün ərzində onlara məhkəmə iclas protokolları ilə tanış olmağa imkan yaradılmalıydı.

Buna da bax:​ Nardaran məhbusu istintaq zamanı şalvarının çıxarıldığını deyir

“PROTOKOLLARLA TANIŞ OLA BİLMƏMİŞİK”

“Amma qanunun bu tələbi pozuldu. Bizə yalnız mayın birinci ongünlüyündə protokollarla tanış olmağa şərait yaradıldı. Bu işin həcmi böyükdür, 18 nəfər təqsirləndirilən şəxs var, ona görə protokollar da çoxdur. Biz protokolların davamı ilə tanış olmaq üçün növbəti dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinə gedəndə bildirildi ki, iş artıq Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Beləliklə, biz heç protokollarla tam tanış ola bilmədik”, – Yalçın İmanov belə deyib.

Müdafiəçi protokolların tanış olduqları hissəsindən də narazıdır. Bildirir ki, məhkəmədə baş verənlər, o cümlədən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına vəkillərin verdiyi suallar, onların cavabları və s. məsələlər təhrif olunub.

Yalçın İmanov bütün bunlarla əlaqədar protokollara qeydlərini hakimlərə təqdim edib. Başqa vəkil həmkarları da İmanovun vəsatətini müdafiə edib.

Buna da bax: Taleh Bağırovun adsız oğlu

Hakimlər də həmin qeydlər əsasında işin birinci instansiya məhkəməsinə qaytarılması haqda qərar qəbul ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsi vəkilin qeydləri ilə əlaqədar öz rəyini bildirməlidir.

“TƏQSİRLƏNDİRİLƏNLƏRİN SƏHHƏTİNDƏ PROBLEM VAR”

Bu səbəbdən Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırov və digərlərinin işinə baxılması qeyri-müəyyən vaxta təxirə salınıb.

Məhkəmədən sonra Yalçın İmanov AzadlıqRadiosu-na bildirib ki, Nardaran işi üzrə təqsirləndirilən şəxslərin bir neçəsinin səhhətində ciddi problemlər var. Həmin problemlər onlar saxlanılarkən, həmçinin sonradan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində verilən işgəncələr nəticəsində yaranıb. Təqsirləndirilənlərdən Şamil Abduləliyev və Bəhruz Əsgərov 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı güllələnib: “Bu gün də Şamilin bədənində iki, Bəhruzda isə bir güllə qalır. Onların təcili cərrahiyyə əməliyyatına ehtiyacı var. Bununla əlaqədar Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət olunub. Hələ ki, cavab yoxdur”.

Buna da bax:​ Məhkəmədə ilahiyyatçının qandalları açıldı

Şamilin atası Adil Abduləliyev də deyir ki, oğlunun vəziyyəti yaxşı deyil. Xüsusən bud sümüyündə qalmış güllə ona çox əziyyət verir: “Onun təcili əməliyyata ehtiyacı var. Bundan ötrü Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə, Penitensiar Xidmətin rəhbərliyinə, Baş Prokurorluğa müraciət etmişik. Ərizəni mayın 12-də təqdim eləmişik, bizə cavab verilməyib”.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Buna da bax:​ 'Nardaran işi-3': 'Şəxsiyyət vəsiqəmdəki imzaya baxıb, oxşadıb çəkdilər'

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırov və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG