Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:04

'Dedi ki, Zakir Qaralov, Rüstəm Usubov qol çəkib. Onların da hesabı çatmasa...'


Zakir Qaralov
Zakir Qaralov

Həbsdə olan MTN generalı və digər sabiq vəzifəlilərin işində onlarla zərərçəkəndən biri olan Əfsəl Həsənəliyev prokurorluğun rəhbər şəxslərinin məsuliyyətdən kənarda qalmasından narazıdır. Deyir ki, prokurorluğun razılığı olmasaydı, ən azı, göz yummasaydı, keçmiş MTN-çilər istədikləri adamı həbsə göndərə, pulunu alandan sonra azadlığa buraxa bilməzdilər. Onun sözlərinə görə, şəxsən özü və yoldaşları qanunsuz həbs olunanda məhkəməyə təqdimatı ovaxtkı prokurorluq rəhbərliyi vermişdi.

"Məni 5 ay həbsdə saxlayıb, başıma müsibət açdılar. Sonda azad edilməyim üçün 100 min manatdan 50 min dollara düşdülər. Onda müstəntiq Yasin Məmmədov kabinetində mənə dedi ki, sizin həbsiniz üçün təqdimata prokurorluq rəhbərliyi - Zakir Qaralov, Rüstəm Usubov qol çəkib. Onların da hesabı çatmasa, buradan çıxa bilməyəcəksən, çürüyəcəksən", – Həsənəliyev AzadlıqRadiosuna bildirib.

"Zakir Qaralov, Rüstəm Usubov niyə cəzalandırılmır?"

O, eyni fikirləri bir sıra dövlət strukturlarına, o cümlədən dövlət başçısına, hazırkı Baş prokuror Kamran Əliyevə məktubunda da yazıb. Zərərçəkmiş vurğulayıb ki, keçmiş MTN-in vəzifəli şəxsləri insanları qanunsuz həbs edib rüşvət qarşılığında azadlığa buraxmağa görə cəzalandırıldığı halda, prokurorluğun məsul şəxslərinin kənarda saxlanması doğru deyil: "Həbs üçün təqdimatı prokurorluğun vəzifəliləri vermişdi. Onların icazəsi olmasaydı, MTN bunu eləyə bilməzdi. Zakir Qaralov, Rüstəm Usubov niyə cəzalandırılmır?".

Hazırda Bakı Hərbi Məhkəməsində mühakiməsi gedən MTN generalı, uzun illər nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev də ötən məhkəmə iclaslarından birində Usubovun adını çəkib.

Namil Rzayev adlı zərərçəkmişdən 200 min dollar alması haqda iddiaları təkzib edən general deyib ki, həmin cinayət işi üzrə istintaqa prosessual rəhbərlik baş prokurorun ozamankı birinci müavini Rüstəm Usubovda olub: "Müstəntiqlər kimi istəsəydi, çağırıb dindirə bilərdi. Namil Rzayevin çağrılmasından xəbərim olmayıb, onunla kabinetimdə görüşməmişəm. İstintaqa nəzarət baş prokurorun birinci müavinində idi. Mən kim olmuşam ki?!".

N.Səfərov
N.Səfərov

"Şəxs heç bir cinayət törətməyibsə..."

Hüquqşünas Namizəd Səfərov deyir ki, müxtəlif qurumların tabeliyində istintaq orqanları fəaliyyət göstərir. Amma bütün hallarda, istintaqa prosessual nəzarət səlahiyyəti prokurorluqdadır. Ona görə də istintaq prosesində qanunlara əməl olunmasına görə prokurorluq məsuliyyət daşıyır.

"Əgər istintaq prosesində qanunsuzluq baş veribsə, kimsə əsassız həbs olunubsa, bunun birbaşa məsuliyyəti prokurorluğun üzərindədir. Şəxsin həbs olunması üçün vəsatəti müstəntiq hazırlayır, məhkəməyə təqdimatı prokuror verir. Əgər şəxs heç bir cinayət törətməyibsə, MTN əməkdaşları onu pul qoparmaq üçün həbsə yollayırsa, Rüstəm Usubov hansı haqla onun haqqında məhkəməyə təqdimat verib?", – Səfərovun sözləridir.

Hüquqşünas vurğulayıb ki, istintaqa prosessual nəzarət bir yana, MTN-çilərin əməllərindən ziyan görən şəxslər prokurorluğa onlarla şikayət məktubları yazıblar. Onları MTN-də baş verən hadisələrdən xəbərdar ediblər: "Azı 10 nəfərə hüquqi yardım göstərib ərizə yazmağa özüm kömək eləmişəm. Təəssüf ki, heç ərizələrinə cavab belə vermirdilər. İndi "xəbərimiz olmayıb" deyib, yaxalarını kənara çəkməklə deyil. Lap yaxşı xəbərləri vardı. Sadəcə, özləri başqa məsələlərlə bağlı da bilgilərə sahib olduqlarına görə onlara dəyib-dolaşan yoxdur".

"Təqsirsiz birinin həbsi üçün qanunsuz təqdimat verilməsi faktı varsa..."

İxtisasca hüquqşünas olan deputat Fazil Mustafa da AzadlıqRadiosuna bildirib ki, əgər prosessual qaydalar pozulmasından söhbət gedirsə, bu məsələdə prokurorluq əməkdaşları məsuliyyət daşıyır. Çünki prosessual nəzarət onların səlahiyyətindədir:

F.Mustafa
F.Mustafa

"Məsələn, indiki halda istintaq prosesində MTN əməkdaşları vəzifə səlahiyyətlərini aşma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, korrupsiyaya görə məsuliyyət daşıyırlarsa, prokurorluq əməkdaşları da qanunların icrasına nəzarət edə bilmədiklərinə görə məsuliyyət daşıyır. Əgər təqsirsiz birinin həbsi üçün qanunsuz təqdimat verilməsi faktı varsa, təbii ki, prokurorluq məsuliyyət daşımalıdır. Bu halda məsuliyyətdən kənarda qalan ola bilməz. Hətta həmin təqdimatı təmin edən məhkəmə ilə bağlı da araşdırma aparılmalıdır".

Xatırlatma

Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudov vəzifədən uzaqlaşdırılıb, 20-dən artıq vəzifəli şəxs, o cümlədən beş general həbs olunub.

Onların işi bir neçə qrupa bölünüb və ayrılıqda məhkəməyə göndərilib.

Sabiq MTN-çilərə 3 ildən 14 ilə qədər həbs, üç nəfərə isə şərti cəza verilib. Generallardan hazırda yalnız ikisi - Elçin Quliyev və Teymur Quliyev həbsdədir.

Ümumiyyətlə, 2015-ci ildə həbs olunanlardan həbsdə qalanların sayı cəmi beş nəfərdir.

XS
SM
MD
LG