Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:15

MTN polkovniki: 'Şeytan maşını işə düşüb, daha dözə bilmirəm...'


"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.
"MTN işi". İllüstrasiya. Gündüz Ağayev.

“Maskalı, silahlı adamlar bizə hücum elədilər, həyat yoldaşımın əllərini bağladılar. Səs-küy saldım, qışqırdım ki, ‘belə eləməyin, o, infarkt keçirib’. Maskalılardan biri başıma silah dirədi, susmağımı tələb etdi. Silahı başıma dirəyən şəxsi heç vaxt bağışlamayacam”, – bunu mayın 12-də Bakı Hərbi Məhkəməsində həbsdə olan MTN polkovniki Mirəziz Əsgərovun işi üzrə dindirilən Təranə Əhmədova deyib.

MTN-in Baş Əks-Kəşfiyyat İdarəsinin şöbə rəisi olmuş Mirəziz Əsgərovun haqqındakı cinayət işində zərərçəkmiş var – Vidadi Əzizov. MTN polkovniki hədə-qorxu ilə Vidadi Əzizovun 340 min manat pulunu almaqda ittiham olunur. Təranə Əhmədova zərərçəkmiş Vidadi Əzizovun həyat yoldaşıdır.

Buna da bax:​ 'Məni MTN-də intim məsələlərlə şantaj elədilər'

“YOLDAŞIM 40 MİN DƏ VERDİ”

Şahid həyat yoldaşının necə həbs olunmasından danışıb: “Mebel mağazasında idik, orada hiss elədim ki, bizi iki-üç nəfər gənc oğlan izləyir. Bu barədə Vidadiyə heç nə demədim. Mağazadan çıxıb “Zaminbank”ın “Nərimanov” filialına getdik. Sürücü ilə mən maşında qaldıq. Bir qədər sonra Vidadi bankdan çıxdı, əlində qara torba vardı. Torbanı maşına qoyanda maskalı, silahlı adamlar hücum elədi”.

Təranə Əhmədova deyir ki, həyat yoldaşını aparandan sonra Daxili İşlər Nazirliyinin “102” xidməti ilə əlaqə saxlayıb. Amma polislər Vidadi Əzizovun yerini tapa bilməyib. Həyat yoldaşını polis idarə və bölmələrində özləri də bir xeyli axtarandan sonra evə qayıdıblar. Bir qədər keçib və Əzizov özü gəlib: “Vidadi gəlib dedi ki, onu aparanlar MTN əməkdaşları olub, pulunu alıblar. Budan üç gün sonra Vidadiyə tez-tez zənglər gəlməyə başladı. Zəng edənin kim olduğunu soruşanda dedi ki, “MTN-dən Mirəzizdi, 40-50 min pul istəyir”. Sonradan yoldaşım 40 min də verdi”.

Buna da bax: MTN generalı və polkovnikinin işi: 'Eldar Mahmudov dindirilsin'

Zərərçəkmişin bacısı Solmaz İbrahimzadə, qardaşı Əziz Əzizov da ifadə verib. Əziz Əzizov deyib ki, qardaşı MTN-ə təcili pul çatdırmalı olanda Goranboyun Qarabucaq kəndindəki fermalarında olan mal-qaranı dəyər-dəyməzinə satıblar.

Mirəziz Əsgərov isə Vidadi Əzizovdan saxlanılan gün 300 min, bir neçə gün sonra da 40 min alması haqda deyilənlərin yalan olduğunu söyləyib. MTN polkovniki ilə zərərçəkmiş və onun yaxınları arasında mübahisə yaranıb.

“GÖZLƏYƏ-GÖZLƏYƏ BU GÜNƏ ÇATMIŞAM”

“Yalanlar hələ də davam edir. Şeytan maşını işə düşüb. İndi də yalan kulminasiya nöqtəsinə çatıb. Daha hansı yalanları danışacaqlar?”, – deyən Mirəziz Əsgərova hakim səbirli olmağı tövsiyə edib. O isə belə cavab verib: “Elə gözləyə-gözləyə bu günə çatmışam. Daha dözə bilmirəm, 1 il 8 aydır şər-böhtanla həbsdəyəm. Bu adamların hamısının xaricdən gələn pullardan xəbəri olub. Vidadi qızına söz verib ki, pul xaricdən gələndən sonra ona “Porsche” markalı maşın alacaq. Evdə, hətta maşının nə rəngdə olacağı haqda da söhbətləri olub. Bütün bunlar dinləmə və izləmə ilə əldə olunub. Mən həmin sənədlərin məhkəməyə gətirilməsini istədim, çünki orada hər şey aydın olacaq. Bu ailənin hara getməsi, kimlərlə görüşməsi foto-video çəkilişlərlə sübut olunur. Əslində, hadisə baş verən günü bunların mebel almaq üçün mebel mağazasına getməyiblər. Onlar izlənilib-izlənmədiklərini müəyyənləşdirməkdən ötrü mebel mağazasına giriblər. Orada da onları cavan oğlanlar yox, kənardan bir nəfər əməkdaş izləyib”.

Buna da bax:​ Polkovnik ifadə verəndən 5 gün sonra özünü asıb

Bu deyilənlərdən sonra yenə MTN polkovniki ilə zərərçəkmiş tərəf arasında mübahisə yaranıb. Hakim bu üzdən məhkəməni mayın 17-nə qədər təxirə salıb.

Mirəziz Əsgərov Vidadi Əzizovun azadlığa buraxılmasından ötrü ondan həbs olunan gün 300 min, daha sonra biznesinə mane olmamaq üçün 40 min almaqda suçlanır. MTN polkovniki isə ittihamın yalan olduğunu bildirir. İddia edir ki, MTN-də Vidadi Əzizovun beynəlxalq miqyasda çirkli pulların yuyulmasında iştirakı, xarici xüsusi xidmət orqanlarına casusluq etməsi barədə məlumatlar vardı. Əzizov bu səbəbdən saxlanılıb, MTN-ə gətirilmişdi. Amma gətiriləndən sonra rəhbərlikdən zəng gəlib və onun buraxılması haqda göstəriş verilib. Həmin vaxt onun üzərində olan pulu da MTN-dən buraxılanda özünə qaytarılıb.

Buna da bax:​ Həbsdə olan MTN polkovniki: 'Özümə qəsd edəcəyəm'

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG