Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:54

MTN işi: ''Moda' mağazasına səhər saatlarında iki nəfər gəldi...'


Akif Çovdarov
Akif Çovdarov

Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təlükəsizlik Baş İdarəsinin rəisi işləmiş Akif Çovdarov səhhətində ciddi problemlər olduğunu deyərək, tibbi ekspertiza keçirilməsini tələb edir

Keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təlükəsizlik Baş İdarəsinin rəisi işləmiş Akif Çovdarov səhhətində ciddi problemlər olduğunu deyərək, tibbi ekspertiza keçirilməsini tələb edir. Özü də onu Almaniyada əməliyyat edən həkimlərin iştirakı ilə...

Noyabrın 28-də həbsdəki general və vəkilləri bu barədə məhkəmədə vəsatət qaldırıblar.

Buna da bax:​ Generalların istintaqı başa çatır

General Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxırlar. Məhkəmə Sabunçu Rayon Məhkəməsinin binasında keçirilir.

Jurnalstləri bu dəfə də məhkəmə zalına buraxmayıblar.

General məhkəməyə yenə oksigen balonu ilə gəlib

Vəkil və zərərçəkmişlərdən alınan bilgilərə görə, Akif Çovdarov bu dəfə də məhkəməyə oksigen balonu ilə, həkimlərin nəzarəti altında gətirilib. Vəkilləri elə məhkəmə gedişindəcə generalın xahişlərini hakimlərin diqqətinə çatdırıblar. Söhbət Çovdarovun öz hesabına xaricdən onu müayinə edəcək mütəxəssislərin çağrılmasından, onun məhkəmə iclaslarında iştirak etmək gücündə olub-olmaması, hakim önündə neçə saat dayana biləcəyi barədə sualları həmin mütəxəssislərin cavablandırmasından gedir.

Buna da bax:​ Qızıl-brilyant ticarətçisi: 'Eldar Mahmudov üçün də brilyant gətirmişəm'

Prokuror bu vəsatətlərin təmin olunmasına ehtiyac görməyərək deyib ki, Azərbaycanda yetərincə təcrübəli və peşəkar yerli mütəxəssis var.

Çovdarov peşəkar kadrların olması fikri ilə razılaşsa da, ekspertizaya qatılan yerli həkimlərin obyektiv rəy verə bilmədiyini, onlara təzyiq edildiyini bildirib və qeyd edib ki, indi baş verənlərə görə deyil, uzun illər boyunca aldığı məlumatlara əsaslanaraq, fikrində israr edir.

Həbib Həsənovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin etməyib.

Ötən məhkəmə iclaslarında dindirilmiş qızıl-brilyant ticarətçisi Şahmar Qurbanovdan 500 min dollar pul, eləcə də Akif Çovdarov və keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov üçün 380 min dollarlıq zinət əşyalarının alınması ilə əlaqədar məhkəmə araşdırmaları noyabrın 28-də də davam etdirilib. Zərərçəkmiş Şahmar Qurbanovun vaxtilə evini satdığı Tariyel Əliyev məhkəmədə şahid kimi dindirilib. O deyib ki, Şahmarın evini alandan sonra aralarında münasibət yaranıb. Ardından Şahmar Qurbanov ondan 10 min dollar borc pul alıb və indiyədək o borcu geri qaytarmayıb. Şahid Tariyel Əliyev həmin borcu o, MTN-ə 500 min dollar çatdırmaq üçün pul toplayanda alıb-almadığını bilmədiyini söyləyib.

Buna da bax:​ General Çovdarov ittihamları 'Piri babanın nağılı' adlandırır

“Moda”nın sahibi necə müflisləşib öldü?

Daha sonra əntiq malların satıldığı "Moda" mağazasının sahibi olmuş Əbil Vəzirovdan hədə-qorxu ilə MTN-də 200 min dollar tələb olunub, sonda 80 min alınması ilə bağlı araşdırmalar başlanıb. Cinayət işinin materiallarına görə, Əbil Vəzirov ötən il oktyabrın 22-də dünyasını dəyişib. Onun ölümündən sonra həyat yoldaşı Şərəf Vəzirova şikayətçi olub.

Şərəf Vəzirova məhkəməyə gəlməyib və məhkəməyə gələ bilməməsini səhhətindəki problemlərə bağlayıb.

İttihama görə, 2009-cu il oktyabrın 17-də paytaxtın “Beşmərtəbə” ərazisindəki “Moda” mağazasına səhər saatlarında iki nəfər gəlib, mağazanın sahibi Əbil Vəzirovla iki qadın satıcıdan – Nailə Vəlibəyova və Leyla Məhərrəmovadan onlarla getməyi tələb edib. Onları əvvəlcə hava limanına aparıblar. Sonra MTN-ə gətirəndə yolda Leyla Məhərrəmovanı düşürüblər.

Buna da bax:​ Akif Çovdarovun həbsdəki əmlakları

MTN-də Əbil Vəzirova deyiblər ki, alver elədiyi Mişa adlı adam qaçaqmalçılıqla məşğuldur və onunla əlbir olduğundan həbs ediləcək. Həbsə girməmək üçün mərhum Vəzirovdan 200 min manat tələb olunub. Mağaza sahibi və işçisi 10 saat MTN-də saxlanılandan sonra pulu gətirmək üçün buraxılıblar.

Şərəf Vəzirovanın istintaqdakı ifadəsinə görə, həyat yoldaşı qohum-əqrəbadan 80 min dollar toplayıb, MTN-də Çovdarova verib. Nəticədə həyat yoldaşının maddi durumu pisləşib, borcları ödəmək üçün bankdan kredit götürməyə məcbur olub, hazırda da banka borcları var və yaşadıqları mənzil də girovdadır. Başına gətirilənlərdən stress keçirən Əbil Vəzirov ötən il oktyabrın 22-də qəflətən dünyasını dəyişib. Ölümü kəskin ürək çatışmazlığından qaynaqlanıb.

Zərərçəkmiş Şərəf Vəzirova məhkəməyə gəlmədiyindən, bu epizod üzrə şahidlər dindirilib. Akif Çovdarovun vəkilləri zərərçəkmişin özü dindirilmədən şahidlərin ifadə verməsinə etirazlarını bildirsələr də, məhkəmə etiraza əhəmiyyət verməyib.

Buna da bax:​ 'Çovdarov yalnız ailəsinin göndərdiyi dərmanları atır...'

Şahid Fuad Ələkbərov ifadəsində deyib ki, MTN-də rəhmətlik Əbil Vəzirovdan pulu tələb edəndə, ondan 35 min manat borc pul alıb.

Akif Çovdarov isə Əbil Vəzirovdan 80 min dollar alması barədə həyat yoldaşının ifadəsində yazılanların şər-böhtan olduğunu bildirib.

Məhkəmə noyabrın 30-da davam edəcək.

Xatırlatma

A.Çovdarov ötən il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun ovaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilirdi. Artıq həbsdə olan 19 nəfərdən yuxarıda adları çəkilən dörd nəfərin işi məhkəməyə göndərilib.

Buna da bax: 'Gülağa Tənha' və 'Çovdarov işi'ində adı keçənə 13 il həbs istənildi

A.Çovdarov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israfetmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma ) və daha bir neçə ağır maddələri ilə ittiham irəli sürülüb.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha 2 ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG