Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:41

MTN-nin agenturaya ayırdığı pullar


Foto arxiv
Foto arxiv

Son günlərdə əsas müzakirə mövzularından biri MTN-in agenturaya ayırdığı böyük pullardır. Həbsdə olan sabiq MTN generallarına həmin vəsaitlərin mənimsənilməsi haqda da ittiham verilib. Təkcə elə MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyevin işində 7 milyon 700 minlik yeyintidən söhbət gedir. İddia olunur ki, əməliyyat xərcləri və agentlərə, informasiya ötürən etibarlı şəxslərə ödəniş adıyla nazirliyin Maliyyə İdarəsindən götürülmüş bu qədər vəsait mənimsənilib.

Azərbaycan manatı
Azərbaycan manatı

Elçin Quliyev istintaqa ifadəsində deyib ki, Maliyyə İdarəsindən əməliyyat və ya agentlərə pul alınması üçün idarə rəisi kimi, onun razılığından sonra mütləq nazir Eldar Mahmudovun özünün də imzası olmalıydı. Generalın sözlərinə görə, şəxsən nazir iki dəfə ona zəng edib, İsraildən avadanlıq alınması adıyla Maliyyə İdarəsindən pul götürülməsini istəyib. Tapşırıb ki, idarədən götürülən pul köməkçisi, eyni zamanda da əmisi oğlu olan Vüqar Mahmudova çatdırılsın. Nazirin göstərişi ilə hər dəfə 1 milyon olmaqla, ümumilikdə 2 milyon vəsait onun köməkçisinə verilib.

47 SƏHİFƏLİK MƏXFİ SƏNƏD

Yeri gəlmişkən, Elçin Quliyev agentura və əməliyyat xərcləri adı altında götürülmüş pulları mənimsəməklə yanaşı, həm də bu məsələlərlə bağlı məxfi sənədləri gizlətməkdə ittiham olunur. Generalın haqqında hədə-qorxu ilə tələb etmə, mənimsəmə ittihamları ilə cinayət işinin istintaqı yekunlaşıb, hazırda Bakı Hərbi Məhkəməsində mühakiməsi davam edir. Amma məxfi sənədlərin gizlədilməsinə görə onun barəsində DTX-da da araşdırma aparılır.​
Cinayət işinin materiallarına görə, Elçin Quliyev 2015-ci il dekabrın 25-də saxlanılarkən ona məxsus “Mercedes Benz GL” markalı, 90-TT-757 dövlət nömrə nişanlı avtomobildən qovluq tapılıb. Qovluqda 47 səhifəlik tam məxfi sənədlər olub.

2015-ci ilin oktyabrında MTN ətrafında məlum hadisələrdən az sonra - noyabrın 25-də Elçin Quliyev Antiterror Mərkəzinin rəisi vəzifəsindən azad olunmuş, MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra müdiri təyin olunmuşdu. İddia olunur ki, general MTN-dən vəzifədən çıxsa da, məxfi sənədləri təhvil verməyib.

Foto arxiv
Foto arxiv

Dindirilən bəzi MTN-çilər də Elçin Quliyevin bu cür sənədləri gizlətməyə çalışdığını, məxfi materialları öz istədiyi kimi sənədləşdirdiyini deyiblər.

Avtomobildən tapılmış materiallarla bağlı araşdırmanın DTX-da aparılmasına gəlincə, bildirilir ki, sənədlər tam məxfi qrifli olduğundan bu quruma təhvil verilib.

Buna da bax:"MTN generalı və polkovnikinin işi: 'Eldar Mahmudov dindirilsin'

“ŞİMAL KÜLƏYİ”NƏ XƏRCLƏNƏN PULLAR

Cinayət işinin materiallarından o da bəlli olur ki, 2011-ci ildə 25 saylı “Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi açılıb. Bu iş "2013-cü ildə prezident seçkiləri ərəfəsində destruktiv qüvvələr mövqeyindən ölkəmizə qarşı aparılan mümkün təxribat pozuculuq əməllərinin aşkarlanması, qarşısının alınması, sənədləşdirilməsi, düşmənə dezinformasiyasının ötürülməsi və əməliyyat oyunlarının aparılması məqsədi ilə” açılıb.

Maraqlıdır ki, "Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi üzrə sənədlər məhv edilib. Sənədlərin nazirin göstərişiylə məhv edildiyi bildirilir. 2013-cü ilin oktyabrında keçirilən prezident seçkisindən az sonra – dekabrda Eldar Mahmudovun sanksiyası ilə iş bağlanıb və bütün materiallar məhv edilib.

Eldar Mahmudov
Eldar Mahmudov

İstintaq materiallarına görə, sözügedən "Şimal küləyi” Əks- Kəşfıyyat Əməliyyatları işi çərçivəsində 3 milyon 791 min manat, 253 min 500 dollar pul xərclənib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Buna da bax: 'Məni MTN-də intim məsələlərlə şantaj elədilər'

XS
SM
MD
LG