Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:05

Moldova: Əzablı yollarla Avropaya?


Aİ Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Moldova prezidenti Maya Sandu Kişinyovda mətbuat konfransında.
Aİ Komissiyasının prezidenti Ursula Fon der Lyayen və Moldova prezidenti Maya Sandu Kişinyovda mətbuat konfransında.

Moldovanın qərbpərəst prezidenti Maya Sandunun qələbəsi Avropa rəsmilərinə rahat nəfəs almaq imkanı verib. O, seçkilərin noyabrın 3-də keçirilən ikinci turunda rəqibi Aleksandr Stoyanoqlodan 10 faiz çox -55 faiz səs toplaya bilib.

AzadlıqRadiosunun Avropa məsələləri üzrə müxbiri Rikard Yozvyakın yazdığına görə, populist partiyalar Avstriyadakı parlament seçkilərində, onların almaniyalı həmkarları da ölkənin üç torpağında qələbəni qeyd edib. Ötən həftə bir ilə yaxın Aİ üzvlüyünə namizəd Gürcüstanda getdikcə avtoritarlaşan "Gürcü arzusu" parlament seçkilərində asan qələbə qazanıb. Rəsmi Brüsselin pozuntularla müşahidə olunan seçkilərə reaksiyası hələ bilinmir.

Adıçəkilən nəticələr Aİ-yə həm bəlli dərəcədə ölüm-dirim həyəcanı yaşadıb, həm də xeyli buna bənzər suallar doğurub: Qurumun cazibə qüvvəsimi zəifləyir? Aİ nəyi düz etmir? Bəlkə də, ən önəmli sual budur: Rusiya ilə ortaq qonşuluq məkanında rəsmi Moskvamı üstünlük qazanır?

Aİ Moldovada fəallaşıb

Moldova 2022-ci ilin iyununda Aİ-yə namizədlik statusu alıb. Gələn ilin əvvəlindən quruma qoşulmaqla bağlı danışıqlar başlanmalıdır. Son vaxtlar Aİ Moldovada həmişəkindən daha fəaldır. Namizəd olandan bugünədək Aİ ölkəyə 2.2 milyard avro (2.4 milyard dollar), seçkilər ərəfəsində isə daha 1.8 milyard avro ayırıb.

Avropa ilə bütünləşməyi istəməyən ruspərəst oliqarxlar İlan Şor ilə Vlad Plaxotnyuka qarşı sanksiyalar tətbiq edilib. Aİ-nin 10-dan çox lideri, prezident Maya Sanduya dəstək əlaməti olaraq, bu yay Kişinyova baş çəkib.

Bu, Aİ-nin ölkə qarşısında götürdüyü öhdəliklərin nümayişidir. Rəsmi Brüssel avropapərəst və rusiyapərəst düşərgəsinə bölünən Moldovanın taleyinə biganə deyil.

İlan Șor and Vlad Plaxotnyuk
İlan Șor and Vlad Plaxotnyuk

Di gəl, seçkilərin birinci turunda Maya Sandunun Aİ-yə mümkün inteqrasiyasına "hə" deyənlərin referendumda cüzi fərqlə qələbə qazanmaları Brüsseli həyəcan təbiri çalmağa məcbur edib. İndi Aİ-nin bütün diqqəti gələn yay Moldovada keçiriləcək parlament seçkilərinə yönəlib.

Sandunun ikinci prezidentlik dönəmində ölkə Aİ üzvlüyünə daha da yaxınlaşacaq. Amma bu, uzun və çətin yol olacaq, axı hökumət öz vətəndaşlarına Aİ-yə qoşulmanın konkret faydalarını göstərməlidir. Əks halda, Moldova Şimali Makedoniya və Serbiya kimi illərlə namizədlik statusunda qalan ölkələrin birinə çevriləcək. Üstəlik, Aİ-ni düşündürən başqa önəmli məsələlər də var. Məsələn: ABŞ-nin yeni administrasiyası, Ukrayna və Yaxın Şərqdə sürən savaşlar.

Rusiya ilə gerçək rəqabət necə olacaq?

Aİ-nin rəsmi Kişinyova daha çox vəsait ayıracağı güman olunsa da, özəlliklə Kremlin seçkilərdə səsləri satın aldığına dair iddialar fonunda bu qurumun Rusiya ilə gerçək rəqabət aparacağı suallar doğurur.

"Biz, avropalılar sözlə moldovalıların ürəyini almağa çalışırıq, rusiyalılarsa pulla onların ağlını", - bir Aİ rəsmisinin sözləridir.

Üstəlik, Aİ özü ilə daha yaxın bağlantıların faydasını inandırıcı şəkildə aşılaya bilmir. Bəzi müşahidəçilərin fikrincə, Aİ rəsmiləri paytaxt Kisinyovdan kənara tək-tək hallarda səfər edir. Digərləri Aİ-ni Moldovada daha fəal olmağa, diplomat və məmurların sayını artırmağa, ölkənin regional və yerli hakimiyyət orqanlarına yetki verməyə çağırır.

Moldova hökuməti də siravi vətəndaşlar üçün önəmli sonuclara çatmalıdır. Özəlliklə ədliyyə sisteminin təkmilləşdirilməsinə ehtiyac duyulur.

Brüsseldə populyar və sayqın siyasətçi, Dünya Bankının keçmiş əməkdaşı Sandu Moldovanın xaricdə tanınmasında böyük rol oynayıb. Amma bu yetməyə bilər. Görünən odur ki, Aİ ilə Rusiya arasında növbəti qarşıdurma Moldovanın daxili cəbhəsində gerçəkləşəcək.

XS
SM
MD
LG