Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06

'Minimum əməkhaqqı 550 manat olmalıdır'


'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'
Gözlə

No media source currently available

0:00 0:06:26 0:00

'Azərbaycanda normal yaşamaq üçün 3-4 min manat maaş lazımdır'

Deputat Vahid Əhmədov minimum əməkhaqqının 500 manata çatdırılmasını təklif edir. O, təklifini qiymətlərin yüksəlməsi ilə izah edib.

Azərbaycanda minimum əməkhaqqının bundan öncə qaldırılması təklifi yay aylarında Türkiyədə minimum əməkhaqqı 5 min 500 lirəyə (502 manat) çatdırılanda da səsləndirilmişdi. Amma onda hökumət və parlamentdən təklifə bir elə də müsbət münasibət olmamışdı. Hazırda Azərbaycanda minimum əməkhaqqı 300 manatdır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu ilin 10 ayında ölkədə inflyasiya 14 faizə yaxın olub. Ərzaq inflyasiyasının isə 20 faizə çatdığı açıqlanıb. Hərçənd, bir çox müstəqil iqtisadçılar bunun az qala açıqlanan rəqəmlərdən iki dəfə yüksək olduğunu iddia edirlər.

Amma indi də bu təklifə, hələlik, hakimiyyətdən hər hansı müsbət reaksiya müşahidə edilmir. Növbəti ildə orta aylıq əməkhaqqının artımı cəmi 7.1 faiz səviyyəsində nəzərdə tutulub.

"Minimum əməkhaqqı 2.3 dəfə artıb"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən "Turan"a bildirilib ki, son üç il yarım ərzində Azərbaycanda 4 milyon vətəndaşı əhatə edən üç sosial islahat paketi icra olunub və bunun üçün yalnız dövlət büdcəsindən əlavə 6 milyard manat ayrılıb: "Həmin dövrdə minimum əməkhaqqı 2.3 dəfə, əməkhaqqı fondu 2.2 dəfə artıb, əməkhaqqı fonduna əlavə 8 milyard manat yönəldilib. Median əməkhaqqında 86 faiz, minimum pensiyada 2.2 dəfə, orta aylıq pensiyada 75 faiz artım baş verib".

R.Həsənov
R.Həsənov

"Hökumət qızıl balansı tapmalıdır"

İqtisadçı Rəşad Həsənov isə AzadlıqRadiosuna bildirib ki, rəqəm müzakirə olunandır: "Amma əsas məsələ başqadır. Dövlət büdcəsi ilə bağlı Hesablama Palatanın rəyindən elə bir qənaət formalaşır ki, hökumət 2023-cü ildə antiinflyasiya tədbirləri kimi, əsasən, məhz əhalinin xərcləmələrinin cilovlanması və tələbin məhdudlaşdırılmasını görür. Bu yanaşma isə o qədər də düzgün deyil".

Ekspertin fikrincə, burada hökumətin funksiyası qızıl balansın tapılması olmalıdır.

O hesab edir ki, 2023-cü il büdcəsində ümumi həcmi dəyişməməklə əsas ağırlıq sosial xərclərə verilməli idi: "Təəssüf ki, bu, baş tutmadı. Ən azından bu günə qədər əldə olunan sənədlərdə bu məqam tam əks etdirilməyib. Əməkhaqqı fondunda 5 faiz artım nəzərdə tutulub ki, bu da daha çox məhz təhsil və səhiyyə sektorunda özünü göstərəcək. 650 milyonun 470 milyonu təhsil sektoruna yönəldiləcək. Bu da böyük ehtimalla 2022-ci ilin sentyabrından başlanan sertifikasiya ilə bağlıdır".

"Orta aylıq əməkhaqqı 830 manat göstərilirsə…"

İqtisadçı qeyd edir ki, hökumətin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasına uyğun olaraq minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60-65 faizinə çatdırılmalı idi: "Əgər hazırda Azərbaycanda orta aylıq əməkhaqqı 830 manat kimi göstərilirsə, bu o deməkdir ki, minimum əməkhaqqı təxminən 550 manat olmalıdır".

Məmurlar niyə müəllim və həkimlərdən çox maaş alır? Sosial ədalət varmı?
Gözlə

No media source currently available

0:00 0:04:37 0:00

R.Həsənovun sözlərinə görə, metodologiya özü dəyişməlidir: "Bu, düzgün yanaşma deyil ki, hansısa sərəncamla, büdcəyə baxılmaqla minimum əməkhaqqı ilə bağlı qərarlar qəbul edilir. Bu, kifayət qədər böyük sosial qrupun maaşlarıdır. Belə olduğu təqdirdə daha yaxşı olar ki, mütərəqqi təcrübələr gətirilsin. Yəni həmkarlar ittifaqları, hökumət və biznesin birgə əməkdaşlığı formatında ildə ən azından iki dəfə minimum əməkhaqqının səviyyəsinin müəyyənləşdirilməsi ilə bağlı bir rəqəm ortaya çıxarılmalıdır".

XS
SM
MD
LG