Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:00

MİS balansından ucuz ev almaq istəyənlər belə aldandılar


Bina
Bina

Suraxanı Mənzil Kommunal Təsərrüfat Birliyinin 74 saylı Mənzil-İstismar Sahəsinin (MİS-in) mühəndisi Eldar Həsənov bu qurumun balansındakı mənzilləri satmaq adıyla adamları aldatmaqda suçlanır. İddia olunur ki, bu şəxs ayrı-ayrı adamlara «sənə JEK-in (MİS-in rusca qısaltması –red.) balansındakı boş mənzilləri düzəldə bilərəm» deyərək, onlardan xeyli pul alıb. Mühəndisdən şikayətçilər arasında «8 min manat verdim» deyən də var, «20 min ziyana düşdüm» söyləyən də...

E.Həsənov adamların şikayətindən sonra həbs olunub və hazırda məhkəməsi gedir. O, məhkəmədə deyib ki, özünü qismən təqsirli bilir və ittihamda yazılanların bir bölümüylə razılaşır.

«Mühəndisin MİS balansındakı əmlakı satmağa ixtiyarı vardımı» sualına «hə» cavabını versə də, hansı hüquqi sənədlə mühəndisə belə yetki verildiyini bilmir: «Boş evdirsə, verə bilərdim. İstintaq vaxtı müstəntiq tapıb göstərmişdi mənə...».

«Bizdən 1000 manat alıb polis idarəsinə girdi»

Məhkəmədə danışılanlardan məlum olub ki, E.Həsənov mənzili satmaqla yanaşı, adamları ora qeydiyyata saldırmağa da söz verib. Hətta bu adla onları polis idarəsinə də aparıb. Şahid Ramilə Həsənova belə deyir. Onun həyat yoldaşı Faiq Həsənov bu işdə zərərçəkən, özü isə şahid kimi tanınıb.

R.Həsənova deyir ki, həyat yoldaşı gəlib evdə 74 saylı MİS mühəndisinin onlara 8 min 300 manata ikiotaqlı ev düzəldəcəyini söyləyib. Günlərin birində həmin mühəndis həmin evə qeydiyyata saldırmaqdan ötrü onları polis idarəsinə də aparıb: «Həyat yoldaşımla getdik, Eldar Həsənovun da yanında bir nəfər vardı. Bizə dedi ki, «siz çöldə gözləyin». Həyat yoldaşımdan da həmin vaxt 1000 manat istədi ki, qeydiyyatdan ötrü lazımdır. Pul məndə idi, verdik. Pulu alıb özü idarəyə girdi. Təxminən 10 dəqiqə sonra bizi də çağırdılar. Gedəndə bir polis əməkdaşı bizə blanklar verdi, doldurduq».

R.Həsənovanın sözlərinə görə, polis idarəsindən çıxandan sonra E.Həsənova 4 min 700 manat da veriblər.

Təqsirləndirilən mühəndis də verilən ifadəni təsdiqləyib.

«BP-də işə düzəlmək üçün 7 min manat verdim»

Başqa bir şahid - Əli Abbasov mənzil almaq yox, işə düzəlmək istəyib. E.Həsənov ondan BP-yə işə düzəltmək adıyla 7 min manat pul alıb. Onu anasının iş yoldaşının vasitəsilə tanıdığını deyən şahidin sözlərinə görə, E.Həsənovun şirkəti də varmış və gərəkəndə o şirkətdən faydalanırmış: «Demişdi ki, BP-də layihə sektorunda qohumu işləyir. Anam soruşdu ki, məni işə düzəldə bilər? Biləndə ki ingilis dilində danışıram, razılıq verdi. 7 min istədi, iki dəfəyə verdim - 5 min JEK-də iş yerində, 2 min də dayanacaqda».

Ə.Abbasovun sözlərinə görə, xeyli gözləsə də, işdən xəbər çıxmayıb. Bu səbəbdən BP-nin qarşısına gedib. Həmin vaxt Eldar özü də ora gəlib: «İçəridən çıxıb dedi ki, bayaqdan gözləyirəm, o adam gəlib çıxmır. Başa düşdük fırıldaqdır, pulu tələb elədik. 4 min manatını qaytardı...».

E.Həsənov bu ifadənin bəzi hissələriylə razılaşmadığını desə də, nəyi qəbul etmədiyini dəqiqləşdirməyib. Sadəcə, bunu əlavə edib ki, BP-də qohumu işləmirdi, yalan danışıb.

Bu cinayət işində yer alan başqa aldatma epizodlarıyla bağlı məhkəmə araşdırmaları davam edir.

E.Həsənov CM-in 178 (dələduzluq), 34.312 (rüşvət verməyə təhrik) maddələriylə suçlanır. Bu maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG