Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:17

Bakı bazarında: 'Bu il meyvələr iki dəfə bahalaşıb'


Bakı bazarı
Bakı bazarı

Azərbaycanda mövsümi meyvələrin əvvəlki illərlə müqayisədə bahalaşdığı bildirilir. Ayrı-ayrı Bakı sakinlərinin AzadlıqRadiosuna demələrinə görə, paytaxt bazarlarında gilasın qiyməti 4-10, albalı 4-5, ərik isə 4-7 manat arasında dəyişir. Onlardan bəzilərinin şikayətlənməsinə görə, meyvələrin çoxu Rusiyaya ixrac olunur, Azərbaycanda isə qıtlıq yaranıb və nəticədə qiymətlər qalxıb.

Bazarlarda satıcılar da bu il meyvələrin ötən ilə nisbətdə baha olduğunu təsdiqləyirlər. Onların sözlərinə görə, qiymətlər ortalama iki dəfə artıb. "Keçən il gilas və albalı 2-3 manata, ərik 3-4, şaftalı da 2-3 manata satılırdısa, bu il bu meyvələr təxminən iki dəfə bahalaşıb", - "Yaşıl bazar"da satıcılardan biri deyir.

Satıcılar meyvələrin bahalaşmasını, əsasən, hava şəraiti ilə əlaqələndirirlər. "Əvvəl güclü yağışlar və külək olub, sonra dəhşətli istilər düşüb. Ona görə də meyvələrin çoxu ya yetişmədən xarab olub, ya da istidən yanıb", - həmin satıcı vurğulayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, bu ilin ilk beş ayı ərzində Azərbaycandan 251 milyon 281 min dollar dəyərində 230 min 907 ton meyvə-tərəvəz ixrac olunub. Bu, ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 7 min 986 ton və ya 3.45 faiz azdır.

Son ayların statistik məlumatları olmasa da, 2024-cü ilin yanvar-fevralında Rusiya Federasiyasına meyvə-tərəvəz ixracının bir ildə 40 faiz artdığı bildirilirdi.

Vahid Əhmədov
Vahid Əhmədov

"Yağış və külək..."

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov "Turan"a bildirib ki, bu il yağış və külək çox olduğu üçün kifayət qədər meyvə yetişməyib: "Bu, qiymətlərə təsir edir. Amma bir məsələ də var ki, bayramqabağı həmişə qiymətlər artır. Hesab edirəm ki, bayramdan sonra qiymətlər müəyyən qədər enəcək". (Milli qurtuluş və Qurban bayramı ilə bağlı 17-19 iyun tətildir)

Deputatın sözlərinə görə, yay mövsümündə meyvə-tərəvəzin qiyməti həmişə düşür: "Meyvələr boldur, bu da qiymətlərin aşağı düşməsinə şərait yaradır. Amma indi deməzdim ki, qiymətlər çox aşağıdır, qiymətlərin kifayət qədər yüksək olduğu hiss edilir".

"Daxili istehsalın həcmi çox deyil"

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, meyvələrin bahalaşmasında bir neçə amilin rolu var: "Birinci hava şəraiti ilə bağlı olan amildir. Bir çox rayonlarda hava şəraiti ilə əlaqəli meyvənin həcmi azalıb, çünki dolu vurub, çürümə olub, yığım prosesində problem yaşanıb".

Onun sözlərinə görə, Azərbaycanda daxili istehsalın həcmi o qədər çox deyil, həm ixracı artırıb, həm də yerli bazarı təmin etmək çətindir: "Bu mənada Rusiya bazarı bir indikator rolunu oynayır. Ora meyvə-tərəvəzin ixracatı artan kimi daxili bazarda həmən qiymət yüksəlir".

Natiq Cəfərli
Natiq Cəfərli

N.Cəfərlinin fikrincə, bağçılıqla bağlı problem ondan ibarətdir ki, bu sahənin bəhrəsini görmək üçün azı beş-yeddi il zaman lazımdır: "Bizdə isə aqrar sektorla məşğul olanların uzunvadəli iş görmək üçün potensialları çox zəifdir. Meyvə bağları salmaq, onlara qulluq etmək ən azı beş il yalnız xərc tələb edir, qazanc gətirmir. Buna isə fermerlərin pulları çatmır. Kredit götürsən belə, indiki faizləri nəzərə alsaq, belə kreditin mənası da qalmır".

Amma Dövlət Statistika Komitəsi (DSK) meyvə istehsalında artım olduğunu açıqlayıb. Rəsmi məlumata görə, bu il iyunun 1-nə kimi 33.6 min ton meyvə və giləmeyvə (14.2 faiz çox) yığılıb.

Bəzi müstəqil iqtisadçılar da hesab edirlər ki, meyvə-tərəvəzin bahalaşmasında istehsal və ixracdan asılı olmayaraq ölkədəki ümumi inflyasiyanın da təsiri var.

XS
SM
MD
LG