Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:01

Yeni araşdırma: Maska taxanlar COVID-19-u yüngül keçirirlər


Bütün koronavirus pandemiyası dövründə ağız maskalarına istər ictimaiyyətin, istərsə də hətta ekspertlərin münasibəti ziddiyyətli olub.

Bəziləri maskaların mənasız olduğunda israr etsələr də, nəhayət ondan istifadənin zəruriliyini Dünya Səhiyyə Təşkilatı (DST) və əksər hökumətlər də tanıdı.

Amma indi The Independent yazır ki, yoluxmalarla mübarizədə maskaların nəinki faydalı olduğunu, hətta son dərəcə faydalı olduğunu isbata yetirən elmi araşdırma keçirilib.

Bu elmi araşdırma göstərib ki, maska hətta koronavirusdan qoruya bilmədiyi hallarda belə əksərən xəstəlik simptomlarının daha yüngül olmasını təmin edir.

Yaxın vaxtlaradək yalnız güman edilirdi

San Fransiskodakı Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə eksperti doktor Monica Gandhi bildirir ki, maska taxan insanlara koronavirus zərrələrinin daha az hissəsi keçir və bu onların immun sisteminin xəstəliklə daha asan mübarizəsinə imkan yaradır.

Qəzet yazır ki, maskanın bu faydasının olduğu yaxın vaxtlaradək yalnız güman edilirdi.

Alimlərin hesablamalarına görə yoluxanların 40 faizində COVID-19 virusu ümumiyyətlə heç bir simptom yaratmır.

Amma indi məlum olub ki, insanların maska taxdıqları mühitdə simptomsuz xəstələrin sayı sıçrayışla artmış olur.

Məsələn Oreqon ştatındakı dəniz qidaları kombinatında işçilərin icbari maska taxması yoluxanların 90 faizində COVID-19-un simptomsuz keçməsini təmin edib.

Dağsiçanları üzərində təcrübə

The New York Times yazır ki, bu ilin əvvəllərində Çin alimləri bu nəzəriyyənin isbatı üçün dağsiçanları üzərində təcrübə aparıblar.

Onlar koronavirusa yoluxmuş heyvanlarla sağlam heyvanları qonşu qəfəslərdə yerləşdiriblər. Qəfəslərdən bəzilərinin arası tibb maskaları ilə bağlanmışdı.

Nəticədə sağlam dağsiçanlarının çoxuna koronavirus yoluxmayıb, amma yoluxan heyvanlarda simptomlar daha zəif olub.

Ekspertlər bildirirlər ki, bu araşdırmalar maska taxılmasının əvvəllər məlum olduğundan daha faydalı olduğunu göstərib.

Alimlər bunu belə izah edirlər ki, immun sistemi yalnız az sayda virus zərrələri ilə üzləşdikdə onların öhdəsindən daha asanlıqla gəlir.

İki gəminin əhvalatı

Məqaləsi bugünlərdə Journal of General Internal Medicine məcmuəsində çapa hazırlanan doktor Gandhi deyib ki, kruiz səyahət gəmilərindən alınan məlumatlar bu nəzəriyyəni bir daha sübut edir.

Fevral ayında Yaponiyanın Diamond Princess gəmisində maska taxana qədər yoluxanların 80 faizi xəstəliyi simptomlarla keçirmişdi.

Amma mart ayında Argentinaya məxsus başqa bir gəmidə bir yoluxma aşkar edilən kimi hamıya maskalar paylanmışdı.

Bu gəmidə simptomlu yoluxmalar cəmi 20 faiz təşkil etmişdi.

Başqa bir nəzəriyyəyə görə koronavirusa yoluxanlar yoluxmanın ilk günlərində başqaları üçün daha təhlükəli olurlar.

Doktor Ghandi deyir ki, məhz bu səbəbdən də adamlar hətta özlərini yaxşı hiss etdikləri vaxtlarda da maskadan istifadə etməlidirlər.

XS
SM
MD
LG