Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:35

Maltadakı etirazlarda Azərbaycanın adı çəkilir


İ.Əliyev Maltanın baş naziri J.Muscat-ı qəbul edir. 2015
İ.Əliyev Maltanın baş naziri J.Muscat-ı qəbul edir. 2015

Maltada bazar günü keçirilən etirazlarda müxalifət lideri Simon Busuttil ölkə prezidentini «konstitusiya böhranı»na müdaxilə etməyə, baş nazir Joseph Muscat-ı istefa verməyə çağırıb. Bu barədə «The Malta Independent» qəzeti yazır.

Korrupsiyaya qarşı etirazlar baş nazirin həyat yoldaşı Michelle-lə bağlıdır. Belə ki, onun Panamada açılmış «Egrant» şirkətinin əsas sahibi olduğu üzə çıxıb.

Baş nazir iddiaları təkzib edir. Qeyd edək ki, «Egrant» və daha iki şirkətlə bağlı qalmaqal ötən il «Panama Sənədləri» açıqlanandan siyasi qalmaqal yaradıb.

«YER ÜZÜNÜN ƏN KORRUPSİYALAŞMIŞ ÖLKƏSİ»

«Ölkəmizin bizə ehtiyacı var. Baş nazirimiz ucbatından Malta dünyanın diqqət mərkəzindədir. Normal ölkədə baş nazir istefa verərdi. Ölkədə fövqəladə vəziyyət yaranıb», – müxalifət lideri S.Busuttil çıxışında deyib.

S.Busuttil-in sözlərinə görə, baş nazir vəzifəyə gələndən Panamada üç gizli şirkət yaradılıb. Bu işdə baş nazirə kömək edən şəxslər kimi onun işlər idarəsinin rəhbəri Keith Schembri və energetika naziri Konrad Mizzi-nin adları çəkilir. 2014-cü ilin dekabrında baş nazirin K.Mizzi, K.Schembri və Kurt Farrugia ilə birlikdə Azərbaycana gizli səfər etdiyi, «yer üzünün ən korrupsiyaya uğramış ölkəsi»ylə 14 milyon avroluq razılaşma imzaladıqları qeyd olunur.

Keçən il Panama Sənədləri ilə ölkələr silkələndi - nələr dəyişdi?
Gözlə

No media source currently available

0:00 0:05:02 0:00

Ötən ilin fevralında jurnalist Daphne Caruana Galizia şirkətlərin ikisinin Mizzi və Schembri-yə məxsus olduğunu üzə çıxarıb, daha sonra bunu «Panama Sənədləri» də ortaya qoyub. «Ölkəmizin nüfuzu yerlə-yeksan olundu, çünki Joseph Muscat nəinki bu şəxsləri işdən çıxarmadı, əksinə, onları dəstəklədi», – S.Busuttil deyib.

«TƏMİZ AVROPA ÖLKƏSİ İSTƏYİRİK»

Sahibinin kimliyi gizli saxlanan üçüncü şirkətin yiyəsinin isə baş nazirin xanımı Michelle Muscat olduğu bu yaxınlarda bilinib. Müxalifət lideri S.Busuttil baş nazirin istefaya getməli olduğunu vurğulayır. O, ölkə prezidentinə üz tutub, onun baş naziri işdən çıxarmaq səlahiyyətinin olmadığını, amma onu istefaya səsləməyə mənəvi səlahiyyəti çatdığını söyləyib.

Etiraz aksiyasında çıxış edən Vətəndaş Cəmiyyəti Şəbəkəsinin üzvü Michael Briguglio isə deyib ki, Malta Avropa Birliyinə qoşulub, Azərbaycana, yaxud Zimbabveyə deyil. Onun sözlərinə görə, korrupsiya qalmaqalı ötən həftə yox, seçkidən sonra, gizli şirkətlər açılandan başlanıb.

«Təmiz, Avropa ölkəsi istəyirik. Joseph Muscat-ın istefasını istəyirik. Zimbabve rəhbəri Robert Mugabe kimi şəxslər istefadan imtina edir. Çoxumuz Maltanın hamımızın olmasını istəyirik, yalnız onların deyil», – M.Briguglio söyləyib.

Azərbaycan prezidenti Panama Papers hesabatında...
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00

ƏLAQƏLƏRİN XRONOLOGİYASI

«The Malta Independent» «Azərbaycan-Malta bağlılığının saqası» adlı digər məqaləsində isə yazır ki, prezident qızı Leyla Əliyevanın sahibi olduğu şirkət vasitəsilə Azərbaycandan nazir Konrad Mizzi, baş nazirin işlər idarəsinin rəhbəri Keith Schembri və həyat yoldaşı Michelle Muscat-ın şirkətlərinə pul köçürülüb.

Məqalədə ikitərəfli əlaqələrin bir neçə sahədə möhkəmləndirildiyi vurğulanır. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Delimara elektrik stansiyasının tikintisində iştirak edir, Malta Azərbaycandan 18 il ərzində təbii qaz almağa öhdəlik götürüb. Malta rəsmiləri 2014-cü ilin dekabrında Bakıya səfər ediblər. Prezidentin qızının Maltada yaratdığı şirkətin isə Azərbaycanın telekommunikasiya bazarından qazanc götürdüyü bildirilir.

Amma «The Malta Independent» onu da yazır ki, hələ bu qalmaqal təzə yarananda həm energetika naziri Konrad Mizzi, həm də baş nazir Joseph Muscat qəzetə müsahibələrində həmin iddiaları təkzib ediblər.

«Panama Sənədləri» keçən il Azərbaycan prezidenti İlham Əliyevin də ofşor hesablarda 490 milyon dollarlıq sərvətini, Əliyevlər ailəsinin dünyanın ən məxfi ofşor ərazilərində qeydiyyatdan keçirilmiş şirkətlər şəbəkəsi vasitəsilə ölkənin zəngin qızıl, gümüş və mis yataqlarına nəzarətə sahibləndiyini üzə çıxarmışdı. Prezident və ailə üzvləri, ya da dövlət rəsmiləri bu sənədlər haqda deyilənləri şərh etmirlər.

XS
SM
MD
LG