Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:48

Məmur: 'Aldığımın cəmi 10 faizini mən yemişəm, qalanı...'


Rüşvət
Rüşvət

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsinin keçmiş əməkdaşı Hafiz Ağamalıyev adamları aldatmaqda suçlanır. İddia olunur ki, o, təxminən 10 nəfərə övladlarının hərbi xidmətlə bağlı problemlərini həll edəcəyinə söz verib, onlardan pul alıb. Deyib ki, bu pullar daha yuxarı vəzifədə işləyən adamlara çatacaq. Ona görə H.Ağamalıyev CM-in 178-ci (dələduzluq) maddəsilə yanaşı, həm də 34.312 (rüşvət verməyə təhrik) maddəsilə cinayət məsuliyyətinə cəlb olunub.

H.Ağamalıyev özünü qismən təqsirli sayır. Deyir, «günahım var, amma prokurorun istədiyi 5-illik cəzaya layiq deyiləm». O, sifarişlə həbs olunduğunu vurğulayır:


«Mən sifarişlə həbs olunmuşam. Əvvəl-axır bunların rüşvətxorluğu üzə çıxacaq. Mən demirəm ki, heç nə almamışam. Almışam, amma aldığımın cəmi 10 faizini yemişəm. Buna baxmayaraq, mən yenə kişilik elədim, heç kimin adını demədim. Günahım var, amma 5 ilə layiq deyiləm. Atam-anam fəhlə olub, biz ailədə 12 uşaq idik. Su satmışıq, amma həmişə haqq-ədalət axtarışında olmuşuq».

Vəkili hakimlərdən onun üçün şərti cəza istəyib. Deyir, müvəkkilinin əməlində dələduzluğun tərkibi var, amma rüşvətə təhrikin yox: «Kimə veriləcəkdi rüşvət, bəlli deyil. Ümumilikdə, zərərçəkmişlərdən alınan məbləğ də çox azdır (təxminən 2 min manat-red.), buna görə adama 5 il həbs cəzası vermək ədalətli olmaz, axı. Üstəlik, şikayətçi də yoxdur. Həyat yoldaşı onkoloji xəstədir, özünün də səhhətində ciddi problemlər var, ahıl yaşdadır».

Amma məhkəmə də ona prokurorun istədiyi cəzanı kəsib - 5 il həbs.

61-yaşlı H.Ağamalıyev Sabunçudan öncə Xidmətin Cəlilabad rayon şöbəsində işləyib. 2017-ci ildə Bakıya gəlib. Onun sözlərinə görə, Xidmətin Sabunçu rayon şöbəsinin rəis müavini İslam Məmmədovla aralarında gərginlik olub.

İ.Məmmədov da bir müddət öncə vəzifəsindən azad edilərək, sərəncama göndərilib.

XS
SM
MD
LG