Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:54

Lukaşenko Putinə deyib ki, Əliyev ilə görüşdən 'çoxlu maraqlı' təkliflər ilə qayıdıb


Aleksandr Lukaşenko mayın 23-də Vladimir Putini Minsk hava limanında qarşılayıb
Aleksandr Lukaşenko mayın 23-də Vladimir Putini Minsk hava limanında qarşılayıb

Mayın 23-də axşam Minskdə Rusiya və Belarus prezidentləri arasında Aleksandr Lukaşenkonun təşəbbüsü ilə görüş və danışıqlar keçirilib.

Bu danışıqlarda habelə Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxunulub.

Lukaşenko Putinlə Bakıya səfərdən dərhal sonra görüşüb.

Lukaşenko Putinə Bakıdan “maraqlı təkliflərlə” qayıtdığını bildirib: "Mənim bizim regionumuza və Qafqaz regionuna dair çoxlu maraqlı təkliflərim var. Mənim Azərbaycana son səfərim zamanı biz həmin təklifləri çox ciddi müzakirə etmişik".

AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun" yazır ki, açıqlanmış qısa videodan həmin təkliflərin nədən ibarət olduğu məlum olmur.

Putin və Lukaşenko arasında danışıqlar bağlı qapı arxasında aparılıb.

Bakı görüşündə nələrdən danışılmışdı

Lukaşenkonun Bakıya səfərinin yekunlarına dair Azərbaycanın rəsmi məlumatlarında iki ölkə arasında bir sıra ikitərəfli sənədlərin imzalandığı bildirilir.

Bunların böyük əksəriyyəti iki ölkə arasında ticarət və təsərrüfat əlaqələrinə aiddir.

Aleksandr Lukaşenko Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevə belə müraciət etmişdi: "Bizlərdə deyildiyi kimi zaman sizi seçib və siz bir lider kimi Qafqaz regionu üçün məsuliyyət daşıyırsınız".

Lukaşenko Əliyevlə siyasi müzakirələrindən danışarkən yalnız bunu demişdi ki, Ukrayna məsələsində Bakı və Minskin mövqeləri "ya yaxındır, ya da üst-üstə düşür".

Yerevanın reaksiyası

Lukaşenkonun Bakıda verdiyi bəyanatlar Yerevanda mənfi reaksiya doğurmuşdu.

Mayın 22-də parlamentdə hökumət saatında Ermənistan baş naziri Nikol Paşinyan Belarus liderinin bugünlərdə Bakıda verdiyi bəyanatı şərh etmişdi.

Lukaşenko Azərbaycanda səfərdə olarkən Əliyevə demişdi: "Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar".

Paşinyan vurğulayıb ki, Azərbaycan prezidenti ilə görüşdə Belarus prezidenti dörd ildir Ermənistana demək istədiyini deyib.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük əməliyyatla ərazilərinə nəzarəti bərpa edib.

Son illər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılır.

XS
SM
MD
LG