Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:49

Lənkəran bazarında əti qramla alanlar, iş axtaranlar...


Lənkəran rayonunun mərkəzi bazarı
Lənkəran rayonunun mərkəzi bazarı

Lənkəran şəhərinin 10-a yaxın küçəsi mərkəzi bazarla kəsişir. Üstəlik, kəndlərə işləyən avtobuslar bazarın qarşısında dayanır. Bazar yollarında daim tıxac yaranır. Əsas yolun hər iki tərəfində də satışa çıxarılan kənd təsərrüfatı məhsulları düzülür. Yolların vəziyyəti də yaxşı deyil. Deyilənə görə, yollar uzun müddətdir ki, təmir olunmur. Bazarın ətrafında arxlardan isə pis qoxu gəlir. Bazarlığa gələn şəhər sakinlərindən biri: "32 ildir müstəqilik. Vəziyyət dəyişmir Yayda toz-torpaq, qışda isə palçıq".

"Evdə işləyənim yoxdur"

Bir tərəfdə sənaye, digər tərəfdə kənd təsərrüfatı məhsulları satılır. Kənd təsərrüfatı məhsullarının satıcıları, əsasən, yaşlı qadınlardır. Onlardan birinin dediyinə görə, pensiyaçıdır, həyətdə əkdikləri tərəvəz məhsullarını hər gün bazara çıxardır: "Yağış, qar yağanda bazara gəlmirəm. Açıq havada məhsul satıram. Bəzən də topdansatışdan kartof, pomidor, yerkökü, soğan alıram, üstünə 10-15 qəpik qoyub satıram. Amma göyərtini özüm yetişdirmişəm. Evdə işləyənim yoxdur. Gəlin, oğlum işsizdir. Ərim və mən pensiya alırıq, onları saxlayırıq. Buna da şükür".

Köhnə sovet avtobusları
Köhnə sovet avtobusları

"Çox nadir hallarda bir nəfər 5 kiloqram kartof alır"

Əsasən naringi, feyxoa, alma, kartof və soğan gözə dəyir. Satıcılardan biri deyir ki, son vaxtlar alver azalıb: "Kartofu Lerikdən gətirmişik, kiloqramı 70 qəpiyədir. Sarımsağın bir kiloqramı 3 manatdır, Sabirabad məhsuludur. Qırmızı soğan Şəmkirdən gətirilib, 1 manata. Ağ soğan Bərdənindir, 70 qəpiyə. Pomidor və xiyar bahalaşıb. Bazarda elə də alver getmir. Əsas səbəb əhalinin alıcılıq qabiliyyətinin aşağı olmasıdır. Çox nadir hallarda bir nəfər 5 kiloqram kartof alır".

Yanında durub müştəri səsləyən gənc oğlanı göstərib deyir ki, qardaşıdır, qazancı iki yerə bölürlər: "Elə gün olur ki, qazandığımızı bazarda qoyuruq. Payız, qış gəlir. Bizim müsibətli günlərimiz onda başlanır. Daldalanmağa yer yoxdur. Çörəyimizi bazardan çıxardırıq...".

Özünü Əziz kimi təqdim edən bir alıcı da deyir ki, bazarın yaxınlığında yaşayır: "Məktəbli uşaqlarım var, ona görə qənaət edirik. Hər qiymətə kartof var. Xırdaların kiloqramı 50 qəpikdir, almışam. Pomidorun kiloqramı 3-4 manatadır. Xiyar da bahadır, almaq bizə əl vermir. Bu məhsulların mövsümü qurtardı. Alma almışam uşaqlar üçün. Ağartı bahadır. Südün litri 1 manat 20 qəpikdir. Yayda litri 1 manata idi. Uşaqlarım südsüz keçinmirlər. Kənd yumurtalarının bir ədədi 20-30 qəpikdir".

Balıq bahadır
Balıq bahadır

"Dənizdə də balıq tükənir"

Yaxınlıqda kütüm, külmə və başqa balıqları satırlar. Balıq almaq istəyənlər isə azdır. Satıcı deyir ki, balıq onlara baha başa gəlir: "Dənizə düşmək çətinləşib. Balığı bazara çıxardana qədər çoxlu maneələrdən keçirik. Kütüm balığının ədədini 18 manata satıram. İndi kütüm az çıxır. Mayda bunun qiyməti 8-10 manat olur. Balığı qohumum tutur, mən ondan alıb satıram. Dənizdə də balıq tükənir. Dərin sulara girməyə icazə yoxdur... Camaat daha çox külmə alır. Bu külmə iridir, üç ədədini 10 manata satıram".

"Kasıblar üçün deyil"

"Nərə balığı satılırmı" sualına əli ilə susmaq işarəsi verir. Söhbətə qoşulan alıcı isə deyir ki, bazarda nərə balığı olmur: "Bizim evimiz dənizə yaxındır. Süfrəmizdə balıq əskik olmazdı. 10 ilə yaxındır ki, nərə balıqları yoxa çıxıb. Gizli satırlar. Baha olduğu üçün ala bilmirik. Burada dənizdə tutulan nərə balığının ətinin kiloqramı 40 manatdır. Bakıya çatanda bir az da bahalaşır. İranın qapısı açıq olanda oradan gətirirdilər, kiloqramını 25 manata. İndi yoxdur. Kasıblar üçün deyil".

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin yazından Azərbaycanın qonşu ölkələrlə quru sərhədlərində gediş-gəliş məhdudlaşdırılıb. Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığı elan etsə də, Azərbaycanda bu məhdudiyyət qalır. Hökumət bununla bağlı bir elə də izahat vermir.

Bazarın içi
Bazarın içi

Bazarda isə satıcı alıcının sözlərinə əlavə olaraq bildirir ki, nərə balıqlarının satışı qadağandır: "Qoymurlar. Kimdə tutsalar, evi yıxıldı. Mən balıq satanam, çoxdandır ki, nərə balığının əti dilimə dəymir. Bura belə söhbətlərin yeri deyil".

"Elələri var ki, əti qramla alır"

Yaxınlıqda olan ət dükanında heç kim yoxdur. Satıcı deyir ki, dana ətinin kiloqramını 13 manata, qoyun əti isə 18 manata satılır: "Əti hər kəs ala bilmir. Alıcılar, əsasən, vəzifəli adamlardır. Əhali qiymət artımına öyrəşib. Elələri var ki, əti qramla alır".

Bazarı pul dəyişənlər dolaşır. ABŞ dollarının, rus rublunun dəyişməsini təklif edirlər...

Bazarın girişində iş axtaranlar da dolaşır. Amma danışmaq istəmirlər. Sakitcə deyirlər ki, "bizə burada toplaşmağa icazə vermirlər".

Bazarda eşitdiyimiz şikayətlərlə bağlı aidiyyəti rəsmilərlə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG