Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:25

Kənd Təsərrüfatı Nazirliyində 420 min manatlıq qalmaqal


Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Dünya Bankının dəstəyi ilə gerçəkləşdirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin icrasında yeyintilərə görə bir neçə cinayət işi başlanıb.

Cinayət məsuliyyətinə cəlb olunanlar arasında həm nazirliyin, həm də müxtəlif bankların əməkdaşları var.

BMT-nin ayırdığı vəsait hara köçürülüb?

Cinayət işində deyilir ki, sözügedən layihə çərçivəsində müxtəlif şirkət və fiziki şəxslərin adına pul ayrılıb və pullar onların bank hesabına köçürülüb. Hesab sahibləri o pulları nağd şəkildə çıxararaq, bir hissəsini onları bu işə cəlb edənlərə qaytarıblar, bir hissəsini də özlərinə götürüblər.

Bu cinayət işlərinin bir neçəsi indi məhkəmədə araşdırılır. Bunlardan biri də KTN-də maliyyə menecerinin assistenti işləmiş Sevinc Zeynalova, onun yaxın tanışı Emil Bağırov və IFAD (Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond) layihəsində xidməti müqavilə ilə çalışmış Arzu İsmayılovanın birlikdə hakim önünə çıxarıldığı prosesdir.

İddia olunur ki, Sevinc Zeynalova layihə çərçivəsində müxtəlif adamların adına maliyyə köçürmələri barədə sənədlər hazırlayıb. Adlarına pul ayrılan adamların bundan xəbəri olmayıb. Həmin vəsaitlərin bir hissəsi bankda digər iki təqsirləndirilən şəxsin – Emil Bağırov və Arzu İsmayılovanın adlarına açılan hesablara da köçürülüb.

Emil Bağırov və Arzu İsmayılova əlbir olmadıqlarını, sadəcə, Sevinc Zeynalovanın xahişini yerinə yetirdiklərini və daha sonra adlarına hesab açdırdıqlarını və köçürülən məbləği onun özünə qaytardıqlarını deyirlər.

"Məqsədim kömək etmək olub"

"Atabank"ın "Nərimanov" filialının mühasibi Esmira Əliyeva haqqında da ayrıca cinayət işi başlanıb. Esmira Əliyeva həbsdə olmasa da, haqqında araşdırmalar gedir və hələ istintaq başa çatmayıb.

O, Sevinc Zeynalovagilin məhkəməsində şahid kimi dindirilərkən deyib ki, Emillə dost olublar. Emil hesab açılmasına, pulların nağdlaşdırılıb çıxarılmasına kömək istəyəndə həmin vəsaitlərin biznes məqsədilə lazım olduğunu deyib: "Məqsədim Emilə kömək etmək olub. Onun dediyi adamların adına köçürülmüş pullar çıxarılaraq ona verilib".

Nazirlik 420 min manatı tələb edir

İyulun 17-də Kənd Təsərrüfatı Nazirliyindəki yeyintilərlə bağlı daha bir cinayət işinin məhkəməsi başlanıb. Söhbət "Bank Respublika"nın əməkdaşı Əşrəf Kabulov haqqında cinayət işindən gedir.

O, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. Əşrəf Kabulova CM-in 193-1 (cinayət yoluyla əldə edilmiş vəsaitləri leqallaşdırma) və 179-cu (mənimsəmə) maddələriylə ittiham verilib.

İttihamda yazılıb ki, bu şəxs də Esmira Əliyeva, Emil Bədəlov və digərləri ilə əlbir olaraq, saxta sənədlər hazırlayıb, üstəlik, vəzifəli şəxslərin adından sənədlər imzalayıb. Beləcə, müxtəlif layihələrin icra olunduğunu göstərilib və həmin sənədlər əsasında ayrı-ayrı banklardakı hesablara pul köçürülüb.

İttihamda bu yolla mənimsənilmiş toplam məbləğ 420 min manat göstərilib. Kənd Təsərrüfatı Nazirliyi məhz bu məbləğdə mülki iddia qaldıraraq, təqsirləndirilən şəxslərdən o pulu tələb edir.

“Azı, 300 min manat Türkiyə şirkətinə köçürülüb”

Məhkəmədə ifadə verən Əşrəf Kabulov özünü qismən təqsirli saydığını bildirib və bu işdə adı keçənlərdən yalnız Esmira Əliyevanı tanıdığını deyib:

"Özüm uzun illər "Bank Respublika"da işləmişəm. Esmira Əliyeva ilə də orada birlikdə çalışmışıq. Esmira dedi ki, hesablarına pul köçürməkdən ötrü 4 şirkətə ehtiyac var. Mən də ona 4 şirkətin adını verdim. Bir müddət sonra məndən yenə şirkət adı istədi, dedim ki, başqasını tanımıram. Sonradan istintaqda məlum oldu ki, 15-ə yaxın şirkətin adına köçürmələr edilib. Mən bu işdə adı keçən nə Sevinci tanıyıram, nə də Emili. Ancaq Esmiranı tanımışam".

Dindirmə vaxtı prokuror məlumat verib ki, pulun 300 min manatdan çoxu Türkiyədəki şirkətin hesabına köçürülüb. Bu, istintaq araşdırmalarında üzə çıxıb.

Esmira Əliyeva, digər təqsirləndirilənlər kimi, Əşrəf Kabulovun da məhkəməsində dindirilib. O, burada da deyib ki, Emil ondan pul köçürmək üçün şirkət istəyib. O da Əşrəf Kabulovdan belə bir şirkət tanıyıb-tanımadığını soruşub:

"Əşrəfdən bir neçə şirkət adı istədim. Ondan rekvizitləri aldım, köçürmələri elədim. Mənim bildiyim budur ki, Kənd Təsərrüfatı Nazirliyindən layihələrin icrasına ayrılan pullar köçürülürdü. Pul da nağdlaşdırılıb Emilə verilirdi...".

Məhkəmə araşdırmaları davam edir.

XS
SM
MD
LG