Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:50

Ukrayna ordusunun hücumundan sonra Krımda neft bazası yanır


Feodosiyada yanğın
Feodosiyada yanğın

İlhaq edilmiş Krımın Feodosiya şəhərindəUkrayna ordusunun hücumu nəticəsində neft bazasının yandığı xəbər verilir.

Bu barədə məlumatı yayan Rusiya mediası yanğının səbəblərindən söz açmır. Bununla belə oktyabrın 7-də teleqram kanalları Ukrayna dronlarının Krım üzərinə hücumu barədə xəbərlər yayıb.

Rusiya tərəfindən Feodosiyaya başçı təyin edilmiş İqor Tkaçenko bildirir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və hazırda orada fövqəladə hallar idarəsinin əməkdaşları işləyirlər.

Ukrayna silahlı qüvvələri isə bildirir ki, Krıma hücumun, o cümlədən neft terminalına zərbənin nəticələri dəqiqləşdirilir.

Bu da vurğulanır ki, sözü gedən neft terminalı Rusiya ordusunu yanacaqla təchiz edir. Terminalların hər birinin tutumu 250 min kubmetrdir. Krım yarımadasında iki belə neft bazası mövcuddur. Digər terminal Sevastopolda yerləşir.

Feodosiya neft bazasında yanğınla bağlı yerli hakimiyyət orqanları “texnogen fövqəladə vəziyyət” elan edib.

Ətraf ərazidən 300-dək sakinin evakuasiya olunduğu və müvəqqəti yerləşdirmə mərkəzinin yaradıldığı xəbər verilir.

Astra teleqram kanalı yanğını görüntüləyən videolar dərc edib. Videolardan birində Feodosiya ilə qonşu Bereqovoye qəsəbəsinin yol nişanı görünür.

Rusiyanın hərbi teleqram kanalları yazırlar ki, hazırda bir neçə yanacaq çəni yanır və ətraf küçələr bağlanıb.

32 rezervuarı olan bu baza peyk görüntülərinə əsasən Feodosiyanın şərq qurtaracağında, Bereqovoye qəsəbəsinin yaxınlığında yerləşir.

Sözü gedən neft bazası bundan əvvəl iki dəfə - 2023-cü ilin noyabrında və 2024-cü ilin martında hücuma məruz qalıb.

Mart ayında baş vermiş hücum nəticəsində mərkəzi yanacaq kəməri zədələnmiş və yanğın başlamışdı.

Rusiya Müdafiə Nazirliyinin 7 oktyabr məlumatında deyilir ki, ötən gecə Krım üzərində 12 dron vurulub. Belqorod, Bryansk və Voronej vilayətlərində də dronların vurulduğu xəbər verilir.

Nazirlik Feodosiyadakı yanğın barədə heç bir məlumat vermir.

“Krımski veter” teleqram kanalının məlumatına görə oktyabrın 7-ə keçən gecə Saki və və Belbek hərbi aerodromlarına da zərbələr endirilib.

Media məlumatlarına görə 2024-cü il ərzində Ukrayna dronları Rusiyanın neft emalı obyektlərinə və infrastrukturuna 64 dəfə hücum ediblər.

XS
SM
MD
LG