Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47

Krasnodarda kürd icması ilə bağlı insident olub


Krasnodar diyarının Korenovsk şəhərinin onlarla sakini kürd icmasının nümayəndələri ilə münaqişədən sonra iyulun 22-də “Ruslar, irəli” və “Rusiyaya eşq olsun!” millətçi şüarları ilə yürüş keçiriblər.

Yerli teleqram kanallarının yazdığına görə münaqişə ötən bazar günü yüksək səsli musiqiyə irad tutulmasına görə şəhərin kürd icmasının nümayəndələri ilə ruslar arasında yaşanıb.

Baza teleqram kanalının məlumatına görə birbaşa dava-dalaş iki nəfərin arasında olub, qalanları bunu kənardan seyr ediblər.

Xəbər verilir ki, dalaşan iki nəfərdən biri “Rus icması” təşkilatının nümayəndəsi olub.

Bu dava-dalaşdan sonra sosial media şəbəkələrində 40 nəfərdən ibarət kürd dəstəsinin 6 rus gəncə hücum etdiyinə dair xəbərlər yayılıb.

Yüksək səsli musiqiyə görə

Hadisə yerinə polislərin gəldiyi və polisə əl qaldırmış kürdün məntəqəyə aparıldığı xəbər verilir.

Kub Mash teleqram kanalında saxlanan şəxsin videosu dərc olunub. O videoda söyüş söyür, qolundakı qandalın açılmasını və təcili tibb yardımı çağırılmasını tələb edir.

Məlumatda deyilir ki, polisə itaətsizliyinə görə gənc barədə xırda xuliqanlığa dair protokol tərtib edilib və o inzibati qaydada 5 sutkalıq həbs olunub. Polis saxlanan şəxsin adını açıqlamır.

RIA Novosti xəbər verir ki, Korenovskdə polis nəfərinə hücuma görə cinayət işi açılıb. Agentliyin mənbələri bildiriblər ki, kürd mənşəli Rusiya vətəndaşları yüksək səsli musiqiyə irad tutan kişini döyüblər.

Milli zəmində münaqişələr artıb

Yanvar ayında Rostov vilayətinin Krasnı şəhərinin sakinləri və “Rusiya icması” təşkilatının fəalları yerli icra başçısından “bütün xarici vətəndaşların” (etnik miqrantlar-red) şəhərdən çıxarılmasını tələb etmişdilər. Bu hadisə bir yerli yeniyetmənin döyülməsindən sonra baş vermişdi.

Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hadisə ilə bağlı “miqrantların qanunazidd hərəkətlərinin” araşdırılmasını əmr etmişdi.

Aprelin 25-də “Rus icması”nın üzvləri Rostov vilayətindəki Koysuq qəsəbəsinin məktəbinə gəlmişdilər. Burada rus dili və ədəbiyyatı müəlliməsi ilə bir şagird arasında milli zəmində münaqişə olmuşdu.

Fəallar Bataysk prokuroru, polis rəisi və təhsil şöbəsinin müdiri ilə görüşmüşdülər.

Bundan sonra “Rus icması” təşkilatının 6 üzvü barədə “mitinq keçirilməsi qaydasının pozulması” ilə bağlı protokollar tərtib olunmuşdu.

XS
SM
MD
LG