Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:00

Pandemiya başa çatdı, bəs təsirləri?


İndiyədək dünyada 765 milyon insan COVID-19-a yoluxub.
İndiyədək dünyada 765 milyon insan COVID-19-a yoluxub.

Mayın 6-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 infeksiyasının pandemiya statusunu ləğv edib. Beləcə, 2020-ci ilin martından bəri elan edilən pandemiya rejimi də başa çatmış oldu. Rəsmi rəqəmlərə görə, indiyədək dünyada 765 milyon insan bu virusa yoluxub. Koronavirus üzündən ölənlərin sayı 7 milyon nəfərə yaxındır. ÜST COVID-19-u indən belə pandemiya saymasa da, Azərbaycanda xüsusi karantin rejimi hələ davam edir. Bununla bağlı Nazirlər Kabinetinin sonuncu qərarı aprelin 19-da açıqlanıb. Qərarda deyilir ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.

Azərbaycanda əhalinin karantin rejimindən əsas narazılığı hələ də ölkənin quru sərhədlərinin bağlı qalmasından qaynaqlanır. Artıq üç ildən çoxdur ki, Azərbaycan vətəndaşları quru sərhədləri vasitəsi ilə ölkəni tərk edə bilmir. Azərbaycan quru sərhədlərini hələ də bağlı saxlayan nadir ölkələrdən biridir. Bu qərar özəlliklə sərhədyanı ərazilərdə yaşayanlarda, eləcə də təhsil və səhiyyə xidmətlərindən yararlanmaq üçün qonşu ölkələrə üz tutanlarda narazılıq doğurur.

Pandemiyanın demoqrafiq təsirləri

Koronavirus pandemiyası, bir çox ölkə kimi, Azərbaycanda da ciddi demoqrafiq dəyişikliklər doğurub. İndiyədək koronovirus üzündən Azərbaycanda 10 min 257 nəfər dünyasını dəyişib. Pandemiyanın ilk ilində - 2020-ci ildə 2 min 641 nəfər vəfat edib. Ən çox ölüm 2021-ci ildə qeydə alınıb. Həmin il 5 min 717 Azərbaycan vətəndaşı bu infeksiyanın qurbanı olub. Ötən il koronovirus 1 min 650 nəfərin yaşamına son qoyub. Bu ilsə 249 ölüm halı qeydə alınıb.

Koronavirus ucbatından ölümlərin artması Azərbaycanda yeni antirekordların qeydə aldırıb. Belə ki, 2019-cu ilədək Azərbaycanda orta illik ölüm sayı 55 minə yaxın idisə, 2020 və 2021-ci illərdə bu rəqəm 20 min artaraq 75-76 min nəfərə yüksəldi. 2021-ci il Azərbaycan tarixində ən çox ölümün qeydə alındığı il oldu. Ölkədə doğum göstəricisi də xeyli aşağı düşdü. 2019-cu ildə 141 min uşaq doğulduğu halda, 2020-ci ildə bu rəqəm 126 minə, 2021-ci ildə 112 minə endi. Beləcə, iki il içində doğulanların sayı 30 minə yaxın azaldı. Ölümlərin artması, doğumlarınsa azalması ölkədə təbii artımı minimuma endirdi. 2019-cu ildə bu artım 85 min nəfər idisə, 2020-ci ildə 50 min nəfərə, 2021-ci ildə 35 min nəfərə düşdü. Bu baxımdan, pandemiyanın kəskinləşdiyi 2020 və 2021-ci illərdə Azərbaycanda əhali sayının artım sürəti azaldı.

Ötən il ölkədə doğum sayı 122 min, ölü sayı 60 min nəfərə yaxın olub. Bu göstəricilər 2020 və 2021-ci illərlə müqayisədə nisbətən yaxşılaşsa da, hələ də pandemiyaöncəsi göstəricilərdən aşağı qalmaqdadır.

Pandemiyanın iqtisadi təsirləri

COVID-19 pandemiyası demoqrafiq göstəricilərlə yanaşı, ölkənin iqtisadi göstəricilərini də aşağı saldı. Bu təsirlər həm makroiqtisadi göstəricilərin, həm də sosial durumun pisləşməsində özünü göstərir. 2020-ci ildə Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 72 milyard manat olmuşdu. Bu, 2019-cu illə müqayisədə 9 milyard manat və ya 4.3 faiz azalma demək idi. 2020-ci il iki dəfə devalvasiyanın baş verdiyi 2015-ci ildən sonra ÜDM-in bir öncəki illə müqayisədə azaldığı ilk il idi. Müstəqillik dövründə belə azalma cəmi üç dəfə qeydə alınıb – 2009, 2015 və 2020-ci illərdə.

Koronavirus pandemiyası Azərbaycanda yoxsul və işsizlərin sayını kəskin artırdı. Rəsmi bilgilərə görə, 2019-cu ilin sonunda Azərbaycanda işsizlik səviyyəsi 4.8 faiz idi. Hökumətin hesablamasına görə, həmin vaxt ölkədə 251 min nəfər işsiz şəxs vardı. Cəmi bir il sonra - 2020-ci ilin sonunda işsizlik 7.2 faizə, işsiz sayı 376 min nəfərə yüksəldi. Bu o deməkdir ki, 2020-ci ildə ölkədə işsizlik 50 faiz artıb. Statistika Komitəsinin sonuncu məlumatına görə, (2023-cü il aprelin 1-nə olan bilgi) ölkədə 303 min nəfərə yaxın işsiz var. Deməli, indi işlərin sayı pandemiya başlayan dövrlə müqayisədə 20 faiz daha çoxdur.

34 faiz bahalaşma

Pandemiya başlamadan öncə - 2019-cu ilin sonunda ölkədə yoxsulluq göstəricisinin 4.8 faiz olduğu açıqlanmışdı. 2020-ci ilin sonunda bu rəqəm 6.2 faizə yüksəlmiş, başqa sözlə, pandemiya başlayandan sonra ölkədəki yoxsul sayı 30 faiz artmışdı. 2021-ci ilin sonunda yoxsulluq göstəricisi 5.9 faizə ensə də, pandemiyadan öncəyə nisbətən yüksək olaraq qalmaqda idi. Ötən illə bağlı yoxsulluq göstəricisi hələ açıqlanmayıb.

Pandemiya bahalaşmaya da çox ciddi təsir göstərib, axı pandemiya tədarük zəncirini pozaraq dünyada inflyasiya proseslərini başladır. Bu inflyasiya indiyədək davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, pandemiyanın başladığı dövrlə müqayisədə indi Azərbaycanda istehlak qiymətləri indeksi 134 faizdir, yəni həmin dövrlə müqayisədə 34 faiz bahalaşma var. Pandemiyadan öncə 100 manat ödəyərək əldə edilə biləcək məhsul və xidmətləri almaq üçün hazırda 134 manat ödəmək lazımdır. Ərzaq qiymətləri baxımından bu göstərici daha yüksəkdir. Artıq 15 aydır ki, Azərbaycanda inflyasiya ikirəqəmli həddədir. Bu baxımdan, ÜST COVID-19-un pandemiya statusunu ləğv etsə də, koronovirusun iqtisadi göstəricilərə mənfi təsiri hələ də sovuşmayıb.

XS
SM
MD
LG