Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

Kipr şirkəti Ermənistana qarşı onun büdcəsinin dörddə biri məbləğində iddia qaldırıb


Zəngəzur Miss-Molibden Kombinatı
Zəngəzur Miss-Molibden Kombinatı

Ermənistanın ən böyük mədənçilik şirkətində kiçik səhm paketinə malik olan balıqqulağı şirkəti Ermənistan hökumətinə 1.2 milyard dollarlıq məhkəmə iddiası qaldırıb.

Kiprdə qeydiyyatdan keçmiş şirkət Ermənistan hökumətini onun “qanuni səhmdar hüquqlarını ciddi şəkildə pozmaqda” ittiham edir.

Walnort Finance Ltd şirkətinin Yerevandan tələb etdiyi təzminat Ermənistanın dövlət büdcəsinin təxminən dörddə biri qədərdir.

Dünya Bankının İnvestisiya Mübahisələrinin Həlli Mərkəzinə bu iddia 2021-ci ilin oktyabrında Zəngəzur Miss-Molibden Kombinatının Rusiya milyarderi Roman Trotsenkoya bağlı qurumlar tərəfindən alınmasının ardınca qaldırılıb.

Sanksiyalı Trotsenkonun "hədiyyəsi"

Yeri gəlmişkən Trotensko Rusiyaya qarşı Avropa İttifaqı sanksiyalarının son – 14-cü paketinin siyahısına salınıb.

Trotsenkonun şirkətləri Mis Molibden Kombinatı səhmlərinin 75 faizini Almaniya metallurgiya şirkətləri qrupundan alıb və bu payın 25 faizini Ermənistan hökumətinə hədiyyə edib.

Beləliklə, Ermənistan mədənçilik nəhəngində 22 faiz səhm payına sahib olub. Hökumət bundan əvvəl vergidən yayınmaya görə barələrində cinayət işləri açılmış kiçik erməni şirkətlərinin payına da sahiblənib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, rəsmi Yerevan ona edilmiş belə lütfkar “hədiyyənin” səbəbi barədə suallara heç vaxt yerli-yataqlı cavab verməyib.

Siyasi motiv

Zəngəzur kombinatı rəhbərliyinin həmin vaxta qədər baş nazir Nikol Paşinyanla münasibətləri pis idi.

2021-ci ilin parlament seçkisi kampaniyasında Paşinyan kombinatın “korrupsiyaçı səhmdarlarını” cəzalandırmaqla hədələmişdi. O demişdi ki, bu vəsaiti “xalqa qaytarmaq” niyyətindədir.

Buna görə də indi kombinatda 12.5 faiz səhm payına malik olan Walnort 2021-ci ildə şirkətin sahibinin dəyişilməsinin legitimliyini mübahisələndirir.

Şirkət iddia edir ki, Zəngəzur kombinatının nizamnaməsinə görə sözü gedən pay satış üçün əvvəlcə məhz ona təklif edilməliydi.

Lakin Walnort Ermənistan məhkəmələrində narazı qaldığı sövdələşməni ləğv etdirə bilməyib. Bu sövdələşmə əsasında Rusiyanın keçmiş səhiyyə naziri Mixail Zurabov şirkəti 2023-cü ilin noyabrında Cenevrədə mənzillənən Bell Capital Switzerland şirkətinə satıb.

Hökumət sorğulara cavab vermir

Walnort bu həftə elan edib ki, Paşinyan hökumətini 1998-ci ildə Ermənistan və Kipr arasında imzalanmış qarşılıqlı investisiyaların müdafiəsi razılaşmasını “ciddi şəkildə pozduğuna görə” məhkəməyə verib.

Walnort şirkəti bildirir ki, onun Zəngəzur Mis Molibden qapalı səhmdar cəmiyyətinə qoyduğu investisiyaya siyasi motivlə ziyan vurulub.

Şirkət bu zərəri 1.2 milyard dollar məbləğində qiymətləndirib.

Şirkətin iddiasına görə Ermənistan hökuməti vəziyyətdən “dostcascaına” çıxış yolunun tapılması üçün onunla danışıqlardan imtina edib.

Azatutyun yazır ki, hökumət xarici investorun ölkəyə qarşı tarixən ən böyük iddiası ilə bağlı sorğulara cavab vermir.

Ermənistandakı Qacaran şəhərində yerləşən Zəngəzur kombinatında 4 minədək işçi var.

XS
SM
MD
LG