Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:54

Keçmiş prezidentin qızı, təzə prezidentin kürəkəni...


Gulnara Karimova
Gulnara Karimova

Özbəkistanın Ədliyyə Nazirliyi və Baş Prokurorluğu keçmiş prezidentin qızı Gulnara Karimovanın Fransadakı 10 milyon dollarlıq aktivlərini ölkəyə qaytara biliblər.

Bu barədə məlumatı Ədliyyə Nazirliyinin mətbuat xidməti yayıb:

"Bu vəsait Özbəkistan Respublikasının dövlət büdcəsinə qaytarılıb və ondan ümumi qaydada istifadə olunacaq”.

Hakimiyyət orqanları bildiriblər ki, Karimovanın İsveçrə, ABŞ, Fransa, Rusiya Federasiyası və başqa ölkələrdə olan pul vəsaitlərinin də qaytarılması üçün iş davam etdiriləcək.

Keçmiş prezident qızının xarici banklarda 1.3 milyard dollaradək vəsaitinin qaldığı düşünülür.

CurrentTime yazır ki, ölkənin birinci prezidenti Islam Karimov 2016-ci ildə vəfat etdikdən sonra onun böyük qızı Gulnara Karimova 10 il müddətinə azadlıqdan məhrum edilib.

O vergidən yayınmada, oğurluqda, reketçilikdə və ofşor şirkətlərə aid sənədləri məhv etməkdə ittiham olunur.

Üç cinayət işi

Özbəkistanda Karimovaya qarşı cinayət işi Birləşmiş Ştatlar və Avropa İttifaqının bir neçə ölkəsi onu çirkli pulların yuyulmasında ittiham etdikdən sonra açılıb.

Bu iş üzrə ilk məhkəmə qərarından sonra Karimova bir müddət ev məhbusluğunda saxlanırdı.

Mərhum prezident Islam Karimov və böyük qızı Gulnara Karimova
Mərhum prezident Islam Karimov və böyük qızı Gulnara Karimova

Lakin o 2019-cu ildə ev məhbusluğunun şərtlərini kobud şəkildə pozduğuna görə Daşkənd vilayətindəki həbsxanalardan birinə köçürülüb.

Karimovanın özü və onun qızı israr edirdilər ki, ev məhbusluğunun şərtləri pozulmayıb.

Bundan sonra Gulnara Karimovaya qarşı ikinci cinayət işinə başlanıb.

Üçüncü cinayət işi üzrə keçmiş prezident qızına 13 il 4 ay iş kəsilib.

Məhkəmə hökmündə deyilirdi ki, o və bir neçə başqa şəxs “qrup halında reket, büdcə vəsaitlərinin oğurlanması və cinayətkar gəlirin xarici ölkələrdə leqallaşdırılması” kimi cinayət törədiblər.

Yenə bank, yenə pul

Bu arada Özbəkistandan verilən başqa bir xəbərdə deyilir ki, Özbəkistanın artıq yeni prezidenti Shavkat Mirziyoevin böyük qızının əri Oybek Tursunov banklararası Uzcard ödəniş sisteminin əksər səhmlərinin sahibi olub.

CurrentTime yazır ki, Özbəkistan şirkət və təşkilatlarının dövlət reyestrində qeydiyyatda olan “Vahid ümumrespublika prosessinq mərkəzi” MMM-in təsisçisi dəyişib.

Otabek Umarov
Otabek Umarov

Brend adı Uzcard olan müəssisənin direktoru Akhror Makhmudov şirkət səhmlərinin 75 faizini Tursunova satıb.

“Vahid ümumrespublika prosessinq mərkəzi” 2019-cu ilə olan məlumata görə 17 milyon Uzcard bank kartlarına xidmət göstərir.

Şirkətin saytında deyilir ki, Özbəkistanda 29 bank və 40 ödəniş sistemi Uzcardın xidmətlərindən istifadə edir.

Fergana saytı yazır ki, hakimiyyət mayın 20-dən etibarən bütün pensiya ödənişlərini “Xalq Bankın” Humo kartlarından Uzcard sisteminin kartlarına köçürülməsinə dair qərar qəbul edib.

Bu da deyilir ki, bu dəyişiklik pensiyaçılardan gələn çoxsaylı şikayətlərə görə edilib.

Mirzioyevin də iki qızı var

Shavkat Mirziyoev 2016-cı ildə Özbəkistan rəhbəri olandan bəri, demək olar dərhal övladlarını və yaxınlarını yüksək vəzifələrə təyin etməyə başlayıb.

O böyük qızı Saidanı İnformasiya və Kütləvi Kommunikasiyalar Dövlət Agentliyinin direktor müavini təyin edib.

Prezidentin kiçik qızı Shakhnoza 2018-ci ildən Məktəbəqədər Təhsil Müəssisləri Nazirliyində uşaq bağçalarına baxan idarənin rəis müavinidir.

Prezident Shavkat Mirziyoev və ailəsi
Prezident Shavkat Mirziyoev və ailəsi

Saidanın əri Oybek Tursunov prezident administrasiyası rəhbərinin müavinidir.

Mirziyoevin kiçik kürəkəni Otabek Umarov prezidentin təhlükəsizlik xidmətinin rəis müavinidir.

Ötən ili keçmiş və indiki prezidentlərin övladlarını dolayısı ilə “bağlayan” bir xəbər də yayılmışdı.

Daşkənd vilayətinin Bostanlık rayonundakı Sijjak istirahət zonasında yerləşən və keçmiş prezident İslam Karimovun qızı Gulnara Karimovaya məxsus olmuş malikanə 2017-ci ildə müsadirə olunmuşdu.

O vaxt xəbər verilirdi ki, sözü gedən malikanə ödənişsiz olaraq Özbəkistanın triatlon – üçnövçülük federasiyasına verilməlidir.

Bu federasiyaya 2019-cu ilin martından Özbəkistan prezidenti mühafizə idarəsi rəisinin birinci müavini, Shavkat Mirziyoevin kiçik qızının əri Otabek Umarov rəhbərlik edir.

Mirzioyevin də, xələfi Karimov kimi iki qız övladı var.

XS
SM
MD
LG