Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:41

'Kanal 13'ün icraçı direktorunun valyuta qaçaqmalçılığı ittihamına xitam verilib


Əziz Orucov
Əziz Orucov

"Kanal 13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun valyuta qaçaqmalçılığı ittihamına xitam verilib. Onun işi Cinayət Məcəlləsinin 188.2-ci (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsi ilə məhkəməyə göndərilib.

Ə.Orucov yaxın günlərdə bu ittihamla Səbail rayon Məhkəməsində hakim önünə çıxarılacaq. İşə hakim Günel Səmədova baxacaq.

Ə.Orucovun işində Əmlak Məsələləri Dövlət Xidməti zərərçəkmiş qismində tanınıb. Bu qurumun təmsilçisi məhkəməyə zərərçəkmişin nümayəndəsi kimi qatılacaq.

"Kanal 13"ün icraçı direktoru Səbail rayonunun "20-ci sahə" qəsəbəsində dövlət qurumlardan icazəsiz ev tikməkdə suçlanır. O, elə bu ittihamla ötən il noyabrın 27-də həbs edilsə də, bir ay sonra - dekabrın 19-da ona valyuta qaçaqmalçılığı ittihamı da verilmişdi. Üç gün sonra - dekabrın 22-də eyni cinayət işi üzrə "Kanal 13"ün əməkdaşı Şamo Eminov da həbs edilmişdi. Ona da qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

İstintaqın sonunda Ə.Orucovun işi ayrılaraq məhkəməyə göndərilmişdi.

"Kanal 13"ün icraçı direktoru haqqında qaçaqmalçılıq ittihamına xitam verilməsi və işin məhkəməyə göndərilməsi haqda məlumatı vəkili Bəhruz Bayramov da AzadlıqRadiosuna təsdiqləyib. Vəkilin sözlərinə görə, Ə.Orucov digər ittihamı da qəbul etmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu düşünür.

"Bakıda yüz minlərlə sənədsiz ev tikilib, adamlar yaşayırlar. Hansı birinə görə orada yaşayanları həbs ediblər?", - vəkil B.Bayramov belə deyib.

Xatırlatma

Ötən ilin noyabrından Azərbaycanda "AbzasMedia", "Kanal 13", ToplumTV, meclis.info, MeydanTV kimi çoxsaylı media orqanının 20 nəfərdən çox əməkdaşı qaçaqmalçılıq ittihamı ilə həbs olunub. Media orqanlarının redaksiyaları möhürlənib.

Jurnalistlər bu ittihamları rədd edir, tənqidçi fəaliyyətlərinə görə siyasi sifarişlə cəzalandırıldıqlarını deyirlər.

Hökumət təmsilçiləri ölkədə heç kimin siyasi məqsədlərlə təqib olunmadığını, həbs olunanların konkret cinayətlərə görə cəzalandırıldığını iddia edir.

XS
SM
MD
LG