Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:26

'O evdə Həmidə xanımın ruhu var...'


Həmidə Cavanşirin ev muzeyi
Həmidə Cavanşirin ev muzeyi

‘Həmidə xanımın Kəhrizlidəki ev muzeyini canlandırmaq lazımdır’.

Bu sözləri AzadlıqRadiosunun ‘İZ’ proqramına ötən ay bir qrup ziyalı ilə Ağcabədi rayonunun Kəhrizli kəndində Həmidə xanım Cavanşirin malikanəsini ziyarət edən professor Rəhman Bədəlov söylədi.

Son nöqtəsini qoyduğu və Həmidə xanım Cavanşirə xüsusi yer ayırdığı kitabından sonra professor bu ‘parlaq və xoşbəxt qadın’ın doğulduğu, gəzib-dolaşdığı yerləri görmək fikrinə düşüb və bir neçə həmfikrini də ziyarətə qoşub.

‘KƏHRİZLİ DAHA CANLI OLA BİLƏR!’

Ev muzeyi
Ev muzeyi

​Onun sözlərinə görə, kənddə ev- muzeyin olması ilk addımdır:

‘Oranın rəhbəri sadə bir qadındır. Əlbəttə, mən istərdim ki, o, Həmidə xanımın həyatını daha dərindən bilsin. Amma hər halda çox mehribandır. İşinə çox ciddi yanaşır. Hər tərəf tər-təmizdir. Yəni kənddə potensial imkanlar çoxdur. Mən gördüm ki, Kəhrizli daha canlı ola bilər. Çox iş görmək olar.Hər halda, yaxşı ki,o ev-muzey var. Kim bunu edibsə, saq olsun. Bizə dedilər icra hakimiyyəti yaradıb’.

‘O KƏNDƏ TURİST CƏLB ETMƏK LAZIMDIR’

Professorun fikrincə, təkcə Həmidə xanımın malikanəsini deyil, ətraf məkanları da gəzməyə dəyər:

‘ Söhbət adi turistdən getmir. Elə turist ki, o həmin kənddən Azərbaycanın yaxın keçmişini öyrənə bilsin’.

‘3-4 OTAQLIQ EV, 3 BÖYÜK ÇİNAR, QARŞISINDA BİR SOYUQ DAŞ…’

​Rəhman Bədəlov Həmidə xanımın malikanəsinin mülkədar evinə oxşamadığına da təəccüblənib:

3-4 otaqlıq balaca evdir. Qarşısında 3 böyük çinar var. Onları Həmidə xanımın atası Əhməd bəy əkib. Çinarların biri quruyub, amma yenə əzəmətini saxlayıb…Qarşıda bir daş da var Əhməd bəyin gətirdiyi. Həmişə sərin olur…Bir az kənarda qulluqçuların otağı varmış. İndi orada qaçqınlar yaşayır. Aşağısında da at saxlayırlarmış’.

KƏHRİZLİYƏ GEDƏN YOL…

Rəhman müəllim Kəhrizliyə gedən yolun rahatlığına da diqqət çəkdi:

‘Bərdəyə 4 saata getmək olur. Oradan da Kəhrizliyə saat yarımlıq yoldur’.

KƏHRİZLİNİN KƏHRİZİ YOXMUŞ!

Professor bəzi məsələlərdən gileyləndi də:

‘İki dəfə soruşduq ki, yaxşı bu kəndin adı Kəhrizlidir. Onun kəhrizi hanı? Heç olmasa, yerini, izini göstərin. Məlum oldu ki, heç kəs heç nə bilmir…Axı Həmidə xanımın xatirələrində oxumuşdum ki, Əhməd bəy Kəhrizliyə gələndə, məhz kəhriz işləriylə məşğul olub. Sonralar sovet dövründə Həmidə xanım mühəndis tapıb və kəhrizi təzədən işlədib. Bəs hanı həmin kəhriz? Bilən yoxdur’.

‘AĞ EV’ VAŞİNQTONDADI…’ ‘YOX, HİNDARXIN DA ‘AĞ EV’İ VAR!’

Həmidə xanımın ev muzeyindəki eksponatlar
Həmidə xanımın ev muzeyindəki eksponatlar

​Rəhman Bədəlov daha bir gileyini dilə gətirdi:

‘Həmidə xanımın ‘Xatirələr’ində oxumuşdum ki, yaxınlıqda Hindarx adlı kənd var. Orada Vəzirovların böyük mülkü var. Onlar imkanlı olublar. Fikrimcə, neftlə bağlı idilər. Və Vəzirovların ‘Ağ ev’ adlanan malikanəsi var. Kəndə gedib ‘Ağ ev’i soruşduq. Bizə dedilər ki, ‘Ağ ev’ Hindarxda yox, Vaşinqtondadır…(gülüşmə). Sonra Vəzirovların evini göstərdilər. Təmir gedirdi. Və mən anladım ki, bu ‘Ağ ev’in saxlanmasıyla, qorunmasıyla heç kəs məşğul olmayıb… Düzdür, çağırdıq, sağ olsunlar, gəlib açdılar qapını. Amma dediyim kimi, bunlar ilk addımlardır və orada xeyli iş görmək lazımdır’.’

HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏ YERLƏŞƏN ZƏRDABİ MUZEYİ…

Rəhman müəllim Həmidə xanımın ev muzeyini Həsən bəyin Zərdabdakı ev muzeyi ilə müqayisə etdi:

‘Zərdabinin o evdə bir ədəd belə əşyası yoxdur…O ev də Zərdabi yaşayan ev deyil. Hələ onu demirəm ki, Zərdabda Zərdabinin ev-muzeyi Heydər Əliyev prospektində yerləşir…Adına prospekt yoxdur. Kəhrizlidə isə başqa mənzərədir. Burada əşyalar var və əşyalar ovqat yaradır. Əyləşirsən stulda və düşünürsən ki, ‘Xatirələrim’də oxuduqların burada baş verib…maraqlı hadisələr də, xəstəliklər də, problemlər də…’.

KƏHRİZLİYƏ…KABAB YEMƏYƏ? YOX!

Səfərin təşkilatçısı Murad Nəsibbəyıli bu yolçuluğun nəyə görə maraqlı olduğunu AzadlıqRadiosunabelə açıqladı:

‘3 səbəb var. Birinci səbəb odur ki, səfər ideyasını Rəhman müəllim vermişdi. Mən onun yazdığı kitabda Həmidə xanımın yer aldığını bilirəm. Hər dəfə görüşəndə, Rəhman müəllim kitabın yeni hissəsindən bizə danışırdı. İkincisi, bizdə adətən, rayonlara səfər turistik səbəbdən baş verir. Meşə, dağ, kabab və s. Amma bu səfərin konsepsiyasında bunlar yox idi. Sırf maarifçi bir səfər idi’.

‘KİÇİK BİR QARABAĞ SƏFƏRİ...’

Muzey otağı
Muzey otağı

​Murad Nəsibbəyli maraqlı bir nüansa diqqət çəkdi:

‘ Üçüncüsü, biz orta məktəblərdə şəxsiyyətlərin şəxsi həyatlarını öyrənmirik. İndiyədək elə bir hal olmayıb ki, mənim hər hansı Azərbaycan yazıçısının şəxsi həyatıyla bağlı detallı bilgi almaq imkanım olsun. Orta məktəbin yuxarı siniflərində mən iki yayı XIX-XX əsr ‘Ədəbiyyat müntəxəbatı’ kitabını oxumağa həsr elədim (onu da deyim ki, indi ‘Ədəbiyyat müntəxabatı’nı tədrisdən çıxarıblar...). Və iki yayın mənə verdiyini hələ də özümlə daşıyıram. Bu mənada həmin dövrün təmsilçisini kəşf etməkmənim üçün çox maraqlı idi. Axşam Bərdəyə çatdıq. Günorta Kəhrizlini gəzdik. Qayıdanda Quzanlıdan keçdik və bu, əslindəkiçik bir Qarabağ səfəri oldu’ .

İKİ QOÇ HEYKƏLİ...İÇİ QIZILLA DOLU...VƏ AVROPADAN GƏLƏN SOBA

Murad Nəsibbəyli ev muzeydə gördüklərini bizə belə anlatdı:

‘Həmidə xanımın evinin qabağında iki qoç heykəli olub. Birini dağıdıblar. Elə biliblər içi qızılla doludur. Sındırıb görüblər heç nə yoxdur...Evin qabağında 4 çinar ağacı olub. Biri quruyub. Evin içindəki divar sobaları diqqətimi çəkdi. Adını götürüb axtarışa verdim. Məlum oldu ki, bu sobaları Birinci Dünya Müharibəsindən əvvəl Polşada qurulmuş bir şirkət hazırlayıb. Dövrün məşhur ictimai binalarının divar sobalarını bu şirkət qururmuş. İndi də tarixi binalarda o sobalar qalır. Maraqlıdır ki, Ağcabədinin ucqar bir kəndində yaşayan bəy (Həmidə xanımın atası Əhməd bəy-red.) özü üçün Avropadan soba gətirirmiş...’.

100 İLLİK GÜLLƏ İZİ...

Murad Nəsibbəyli daha bir müşahidəsini bölüşdü:

‘Evin bayır divarında güllə izi olub. Həmin gülləni Həmidə xanım atıb. O güllə izi orada indiyədək qalıbmış. Muzeyi təmir edəndə onu çıxarıb, üstünü örtüblər. Çox heyf! Həmidə xanımın atdığı güllə izini divarda görmək maraqlı olardı’.

ƏVVƏL MƏKTƏB, İNDİ MUZEY...

Murad Nəsibbəyli Həmidə xanımın evinin əvvəl musiqi məktəbi olduğunu dedi:

‘Sonra məktəb eləyiblər. Daha sonra 90-cı illərdə Ağdamdan gələn məcburi köçkünləri yerləşdiriblər. Muzeyin yaradılma söhbəti ortaya atılanda, onları qulluqçuların yaşadığı hissəyə köçürüblər. Elə ev muzeyə onlar baxırlar. Əslində məndə belə bir hiss yarandı ki, Həmidə xanım orada yoxdur, amma evin xidmətçiləri hələ də iş başındadır...’.

‘O EVDƏ HƏMİDƏ XANIMIN RUHU VAR’

Həmidə xanımın istifadə etdiyi qablar
Həmidə xanımın istifadə etdiyi qablar

​Rəhman Bədəlov aparıcının: ‘Ev muzeyində Həmidə xanımın aldığı toxucu dəzgahları qalıb-qalmayıb’ sualını belə cavabladı:

‘Hə, Həmidə xanım o vaxtlar Kəhrizlidətoxucu dəzgahı almışdı ki, müəyyən iş görə bilsin, pul qazansınlar. İndi o fabrik yoxdur...dəzgahlar da yoxdur. Amma dedilər ki, sərgilənən əşyalar elə o evindir. Bəzi əşyaları isə, məsələn, ütünü elə həyətdən tapıblar. Əşyalar kifayət qədər eksklüzivdir-o mühitin əşyalarıdır. Zərdabi muzeyindəki kimi deyil. Orada hər şey parıldayır, amma ab-hava, ovqat yoxdur...Həmidə xanımın muzeyində ovqat var, o süfrə var, o şəkillər var. Dövrün zövqüylə çəkilmiş sadə şəkillər. Onların da öz cazibəsi var. Ən əsası, o evdə Həmidə xanımın ruhu var’.

ƏHMƏD BƏY CAVANŞİR

Professor maraqlı bir təklif irəli sürdü:

‘ Məlumdur ki, o evi Həmidə xanımın atası Əhməd bəy tikdirib. Əslində mən istərdim ki, o ev- muzey ikisinin də adına olsun. İstərdim Əhməd bəyin adı itməsin. Sonra öyrəndim ki, yaxınlarda Əhməd bəy Cavanşirin ‘Qarabağ xanlığı’ haqqında kitabı çap edilib. Sevindim. Onun rus ədəbiyyatından tərcümələri də var. Əhməd bəy rus dilini gözəl bilirdi, zabit idi. Maraqlı insan imiş. Həm sərt, həm tərs olub. Həmidə xanımı oğlansayağı böyüdüb. Rusiyaya ali təhsil almağa göndərməyib.. Qorxub qayıtmasın...Amma ilk evliliyində Həmidə xanım əri İbrahim bəy Davatdarovla birgə Rusiyada yaşayıb. İbrahim bəy çar ordusunda xidmət edib. Podpolkovnik olub’.

‘XOŞBƏXT QADIN’- HƏMİDƏ XANIM

Rəhman Bədəlov Həmidə xanımı ‘xoşbəxt qadın’ adlandırdı:

‘Onun həyatı çox çətin keçib. Halbuki xatirələri göstərir ki, o çox xoşbəxt qadın olub...əsas o deyil ki, asfalt kimi hamar yolun olsun. Əsas odur ki, axırda anlayasan ki, çiynində daşıdığın yük səni əzməyib, səni insan edib, insanlaşdırıb. Bu, mənim üçün çox vacib mesaj idi və yazdığım kitabda çalışmışam ki, bu nüansı çatdırım. Təkcə onu yox, Zərdabinin ömür yoldaşı Hənifə xanımı və Əhməd bəy Ağaoğlunun xanımı Süsən xanımı da nəzərdə tuturam. Həyatları çətin olsa da, bunlar uğurlu talelərdir. Amma uğur o demək deyil ki, sən hər şeyin hazırına çıxırsan və bir kişinin arxasında gizlənirsən...’

KİM BİRİNCİDİR-MİRZƏ CƏLİL, YOXSA HƏMİDƏ XANIM?

Murad Nəsibbəyli gəncləri Kəhrizliyə səslədi:

‘Getsinlər və o ev-muzeyi görsünlər. Ondan başqa kənddə bu insanlar barədə dolaşan hekayələri eşitsinlər. Onların bu iki şəxsiyyət barədə maraqlı hekayələri var. Məsələn, Bakıdan baxanda, bizim üçün birinci Cəlil Məmmədquluzadə gəlir. O kənd üçünsə Həmidə xanım birincidir (gülüşmə). Bəlkə də, Mirzə Cəlilə qarşı bir az da qərəzli, bir az da sərt davranırlar...’.​

Filosof Rəhman Bədəlov, 2012
Filosof Rəhman Bədəlov, 2012

​‘MİRZƏ CƏLİLİ MİRZƏ CƏLİL EDƏN HƏMİDƏ XANIM OLUB?!’

Rəhman Bədəlov Muradın dediklərini təsdiqlədi:

‘Mən dərinə getmədim, amma bu nüansı hiss elədim...Onlara başa salmaq istəmədim ki, Mirzə Cəlil Həmidə xanımla görüşəndə, artıq Mirzə Cəlil idi, ‘Molla Nəsrəddin’ jurnalını nəşr edirdi. Ola bilərdi ki, başqa cür olsun. Amma başqa cür olmadı... Bir sözlə, kənd camaatı bu fikirdədir ki, Mirzə Cəlili Mirzə Cəlil edən Həmidə xanım olub (gülüşmə). Onlar düşünürlər ki, Həmidə xanım əsasdır. Mirzə Cəlil kimdir ki? Naxçıvanlı sadə ailədən olan bir adam. Həmidə xanımsa kübar qadındır. Xan qızıdır. Yəni bu rəvayətlər var. Ola bilsin təhtəlşüur səviyyəsində, amma var. Bu rəvayətləri dağıtmaq da lazım deyil. Düzdür, mütəxəssislər gərək elə yanaşmasın, amma kənd camaatı o rəvayətlərlə yaşaya bilər’.

İZ verilişini buradan dinləyə bilərsiniz

Mirzə Cəlili Həmidə xanım Cavanşir dahiyə çevirib?
Gözlə

No media source currently available

0:00 0:29:57 0:00
Direct-ə keçid

XS
SM
MD
LG