Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:59

İstilər yalnız 3 ölkədə 204 min qadının həyatına son qoya bilər


Hindistan
Hindistan

Tədqiqatçılar xəbərdar edirlər ki, planetin istiləşməsi, ifrat temperaturlar qadınların işinə, qazancına və həyatına təhlükədir.

Arsht-Rock kimi tanınan Adrien Arşt-Rokefeller Fondunun Dayanıqlılıq Mərkəzinin (Adrienne Arsht-Rockefeller Foundation Resilience Center) “Qızmar uçurum” adlı hesabatında deyilir ki, temperaturun yüksəlməsi qadınlara kişilərdən xeyli artıq təsir göstərəcək.

ABŞ-da yerləşən bu qeyri-kommersiya təşkilatının Hindistan, Nigeriya və Birləşmiş Ştatlara fokuslanan araşdırmasında deyilir ki, bu üç ölkədə isti illər ərzində ifrat temperaturlar ildə 204 min qadının həyatına son qoya bilər.

"İfrat isti bütün dünyada qadınlara sakitcə, ancaq dərin təsir edir”, – Arsht-Rockun direktoru Ketu Bouman MakLeod (Kathy Baughman McLeod) söyləyir. Hesabatda deyilir ki, istilik qadınların üzərinə “ikiqat yük” qoyur.

"Qadınlar təkcə istidən fiziki xəstələnməyə daha meylli deyillər. Onlardan eyni zamanda istidən xəstələnən hər kəsin işini görmək gözlənilir. İstər ödənişli, istərsə də ödənişsiz”, – MakLeod Thomson Reuters Fonduna müsahibəsində deyib.

Hesabatda deyilir ki, qadınlar təhlükəli yüksək temperaturlarda həm çöldə, məsələn, tarlada daha çox işləməyə məcbur olacaqlar, həm də evdə yemək bişirmək və təmizlik kimi maaşı ödənməyən işlər onların boynunda qalacaq.

"Yoxsul qadınlar daha çox yoxsulluq burulğanına yuvarlanır, yoxsulluqdan çıxmağa çalışanlarsa yenidən geri sovrulur", – MakLeod deyir.

Çirkli hava azərbaycanlıları necə xəstə salır? Qafqazda hər kəsdən geridə
Gözlə

No media source currently available

0:00 0:09:55 0:00

120 milyard dollarlıq zərər

Hesabatda deyilir ki, 2050-ci ilədək istilik dalğalarının sayının azı iki dəfə artacağı nəzərə alınsa, Hindistan, Nigeriya və ABŞ-da ən yoxsul və marginallaşdırılmış icmalardakı qadınların məhsuldarlığına çox böyük zərbə dəyəcək.

Araşdırmaçılar bu üç ölkədə məhsuldarlığa zərərin ildə təqribən 120 milyard dollara çatacağını yazırlar. Dəyən zərər əsasən ödənişsiz gördürülən ev işləri və evlərdə havanı soyudan avadanlığın yoxluğu ilə bağlı olacaq.

BMT-nin “Sustainable Energy for All” (SEforALL) təşəbbüsünün məlumatına görə, 2030-ci il üçün bütün dünyada istər şəhərlərdə, istərsə də kəndlərdə yaşayan yoxsulların 1,2 milyard nəfərinin havanı sərinləşdirən avadanlığın olmadığı şəraitdə yaşayacağı gözlənilir. Onların 323 milyonu Hindistanda yaşayanlar olacaq.

Hesabatda deyilir ki, qadınlar evin, uşaqların və yaşlı ailə üzvlərinin qayğısına qalmaqla evdə kişilərdən iki dəfəyə qədər daha çox vaxt keçirirlər. Kondisioner almağa imkanı olmayanların produktivliyinə ciddi zərbə dəyəcək.

Hamilə qadınlar

İstiliyin malyariyadan tutmuş sari qızdırmaya qədər tropik xəstəliklərə yol açdığı Nigeriya kimi ölkələrdə anaların yükü iki dəfə artır. Onlar həm özlərinin, həm də xəstə ailə üzvlərinin qayğısına qalmalı olurlar. Bu isə ödənişsiz əmək saatlarının artması deməkdir.

Elektrikin tez-tez kəsildiyi Nigeriyada həkimlər xəstəxanaların daha yaxşı ventilyasiya olunmasını, çöldə işləyən hamilə qadınların azı 3 saat fasilə götürməsini tələb edirlər.

"Hamilə qadınların istiliyin yaratdığı xəstəliklərdən ölmə riski daha böyükdür. Artmaqda olan temperatur dölün inkişafına təsir edir və hamilə qadının ümumi sağlamlığını çətinləşdirir”, - laqoslu ginekoloq Samuel Adebayo deyir.

“Dünyada ana ölümlərinin 20%-i Nigeriyanın payına düşür. Bu, ildə 58 min qadın ölümü deməkdir. İstilik vəziyyəti daha da mürəkkəbləşdirir”, – Arsht-Rock Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən yazır.

İstiyə görə maaşlar da kəsilir

40-yaşlı ferma işçisi Savitri Devi yayın qızmarında, 44ºC-yə çatan istilərdə Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatında tarlada işləyir. İyunda bu ştatda çox sayda adam istidən həyatını itirib.

Hindistanda qadınlar yüksələn istilər ucbatından maaşlı iş saatlarının 1/5-ni itirirlər. İfrat istilər kənd təsərrüfatında qadınların maaşlarını yoxsulluq səviyyəsindən aşağı salmaqdadır. Hesabata görə, burada qadınların 70%-i kənd təsərrüfat sektorunda çalışır.

"Əlbəttə, günəşdə işləməkdən əziyyət çəkirdim. Xəstələndim və maaşım isti səbəbindən itirilən hər saata görə kəsildi. Bəs nə edim? Pula görə işləməliyəm”, – səkkiz saatlıq iş gününə 250 rupi (3,05 dollar) alan Devi deyir.

XS
SM
MD
LG