Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:10

HƏMAS-ın İsrailə hücumu İranı, proksi şəbəkəsini gözdən saldı


İsrail və Hizbullah arasında sərhəd atışmaları, arxiv fotosu
İsrail və Hizbullah arasında sərhəd atışmaları, arxiv fotosu

İran onilliklər ərzində İsrailə qarşı silahlı proksiləri və müttəfiqlərinin “müqavimət oxu” deyilən dağınıq şəbəkəsini toparlamaqla məşğul olub.

Bu şəbəkə İranın İsrailə hərbi təzyiqi saxlaması, əzəli düşməninin islam respublikasına birbaşa hücumunu önləməsinə yönəlik səylərinin əsasını təşkil edir.

Ancaq ötən il oktyabrın 7-də bu oxun əsas üzvlərindən biri İsrailin sərhədini keçərək ölümcül hücum gerçəkləşdirməklə şəbəkəni gözdən saldı, İran isə İsraillə mümkün birbaşa müharibə riski ilə üzləşdi.

ABŞ və Aİ-nin terrorçu hesab etdiyi HƏMAS Fələstin qruplaşması İsrailə hücum zamanı 1200-dək israillini qətlə yetirib, 251 nəfəri girov götürüb. HƏMAS Qəzza zolağına nəzarət edir.

Bu misilsiz hücumdan bir il keçir və İsrail İranın “müqavimət oxu”nun əsas üzvlərini zəiflədib.

Ox qırıldımı?

HƏMAS Qəzza zolağında İsrailin hava bombardmanı, quru işğalına məruz qalıb.

Bu müharibədə əsasən dinc sakinlər olmaqla azı 41 min fələstinli öldürülüb. İsrail isə öldürülənlərin əsasən döyüşçülər olduğunu bildirir. Təl Əviv 17 minədək HƏMAS döyüşçüsünü qətlə yetirdiyini desə də, qruplaşma bu rəqəmi rədd edir.

İyulda HƏMAS-ın siyasi lideri İsmayıl Haniyə Tehranda İsrailin gerçəkləşdirdiyi deyilən zərbədə həlak olub.

Livanda silahlı qruplaşma və siyasi partiya Hizbullah isə son bir ildə fələstinlilərə dəstək məqsədilə İsrailə minlərlə raket atıb.

Müqavimət oxunun ən güclü üzvü olan bu şiə təşkilatını ABŞ terrorçu hesab edir. Aİ isə yalnız onun silahlı qanadını qara siyahıya salıb.

Hizbullah son aylar böyük zərbə yeyib. İsrail onun rəhbərlərini bir-bir məhv edir, döyüş qabiliyyətini zəiflədir, kommunikasiyalarına etibarı azaldır.

Oktyabrın 1-də İsrail qoşunları Livanın cənubuna girərək müqavimət oxuna qarşı ikinci cəbhəni açdı.

Oradan 2 min kilometr cənubda isə Yəməndəki husi üsyançılar hədəfə alınır. Husilər də 2023-cü il oktyabrın 7-dən bəri İsrailə müasir raketlər və dronlar atıb, Yəmən sahillərindən uzaqda beynəlxalq gəmi nəqliyyatını hədəfə alıblar. ABŞ yanvarda husilər terror siyahısına salıb. Sentyabrın sonunda İsrail Yəməndəki husi hədəflərə havadan zərbələr endirib

İranpərəst silahlılar, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri də İraq və Suriyada İsrailin zərbələri ilə üzləşiblər.

İranın raket hücumunun hədəfi

Vaşinqtondakı Ərəb Körfəz Ölkələri İnstitutunun aparıcı əməkdaşı Əli Alfone deyir ki, İranın proksilərini hədəfə almaqla İsrail Tehranın milli təhlükəsizlik doktrinasının böyük bir komponentinə zərbə vurub.

“İran görür ki, əsas proksisi olan Livan Hizbullahı yerlə-yeksan edilir”, – deyən Alfone əlavə edir ki, “Hizbullahın qısa müddətdə İran üçün nəsə edə biləcəyi” xeyli məhdudlaşdırılıb

İran oktyabrın 1-də İsrailə ən böyük raket zərbəsini endirib. Bu, bir neçə gün öncə Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən qətlinə cavab zərbəsi sayılır.

Alfone güman edir ki, İranın hücumuna İsrailin Hizbullahın raket arsenallarını hədəfə ala biləcəyi sarıdan narahatlıq səbəb ola bilərdi. Bu arsenallar “İsrailin İranın nüvə infrastrukturunu hədəfə almaqdan çəkindirə bilər”.

“Həmin raketlər atıq orda deyilsə, İranın durumu heç yaxşı görünmür”, – Alfone deyir. Onun fikrincə, İran həm də İsraili bir ümidlə vura bilərdi ki, onun “diqqətini Livandan yayındırsın”.

“Hələ hər şey itirilməyib”

Ancaq digər ekspertlər İsrailin müqavimət oxunu bombalamasının ümumi effektinə skeptik yanaşırlar.

“Hizbullah zərbə yeyib, amma İsrailin və Vaşinqtonun bəzi hissələrinin yaşadığı eyforiya tələsikdir və şişirdilib. Ox zəiflədilə bilər, amma hər şey itirilməyib”, – Vaşinqtonda yerləşən Quincy Məsuliyyətli Dövlətçilik İnstitutunun həmtəsisçisi Trita Parsi deyir.

Almaniya Beynəlxalq Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidreza Əzizinin dediyinə görə, HƏMAS, İranın Suriyada dəstəklədiyi döyüşçülər, qismən də Hizbullah silah ehtiyatları və insan resursları baxımından müəyyən qədər zəiflədilib.

Ancaq o sözügedən durumun bütünlükdə müqavimət oxunu əhatələmədiyini düşünür. Əzizi Hizbullahın 100 minədək döyüşçüsü olduğunu bildirir. Üstəlik, Hizbullah İsrailə qarşı ən güclü ballistik raketlərini ehtiyatla işə salıb.

Husilər ballistik raketlərindən istifadə ediblər deyə, İsrailin zərbələrindən az ziyan görüblər.

Onun dediyinə görə, ən böyük təsiri müqavimət oxunun komandanlıq və koordinasiya strukturu yaşayıb. Bu da əsasən İsrailin Hizbullahın çoxdankı lideri Nəsrullahı qətlə yetirməsi ilə bağlıdır. Axı o, “bütün bu qrupların koordinasiyasına məsul idi”, təlim və döyüşçü cəlbetmə işlərinə də baxırdı.

XS
SM
MD
LG