Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:34

Bir baxış: Oktyabrın 7-dən bəri yarımil ötsə də, savaşda qazanan yoxdur


Qəzza zolağının Cəbəliyyə qaçqın düşərgəsindəki dağıntılara baxan adam
Qəzza zolağının Cəbəliyyə qaçqın düşərgəsindəki dağıntılara baxan adam

HƏMAS-ın İsrailə hücumundan altı ay keçir. Bu müddətdə davam edən qanlı savaşda qazanan yoxdur. Qəzzalılar arasında ölənlərin sayı artır, əhali aclıqdan əziyyət çəkir. İsrailli girovlarsa hələ də qurtarılmayıblar. Onların HƏMAS tunellərində saxlandığı düşünülür.

CNN yazır ki, minlərlə HƏMAS döyüşçüsü (onların dəqiq sayı mübahisəlidir) öldürülüb. HƏMAS-ın zəifləməsi onun hakimiyyəti əldən çıxarması ilə nəticələnə bilər. Ancaq bu, hələ İsrail baş naziri Benyamin Netanyahunun gözündə qələbə demək deyil. Dünya ictimaiyyətinin və ölkəsindəki etirazçıların artan basqısına tuş gələn Netanyahunun nüfuzu əbədi olaraq zədələnib.

ABŞ prezidenti Co Bayden də bu seçki ilində həmin münaqişədəki mövqeyinə görə hesab ödəməli olur. Prezident istər onun İsraili həddindən çox dəstəklədiyini düşünənlərin, istərsə İsrailə çox tənqidi yanaşdığını söyləyənlərin sərt tənqidinə məruz qalır.

Dünyada antisemitizm ovqatı artıb

CNN-in məqaləsində deyilir ki, baş verənlər dünyada antisemitizm ovqatını kəskin artırıb. Bu durum Avropada rahatsızlıq doğurur. Bir çox amerikalı yəhudi özünü güvəndə bildiyi bu ölkədə istər sağ, istərsə sol düşüncəli insanların hücumlarına tuş gəlir. Müsəlmanlara qarşı kor-koranə fanatizm də artmaqdadır.

Ötən il oktyabrın 7-də HƏMAS güvənli sayılan sərhədi aşaraq İsrail torpaqlarına daxil olub, min 200 israillini öldürüb, yüzlərlə insanı da girov götürüb. İsrailin güvənlik qüvvələri saatlarla ərazidə görünməyib. HƏMAS-ın hücum etdiyi ərazi hazırda xarabalığa dönmüş haldadır. İsraillilərin güvənlik duyğusu sarsılıb.

Bu günlərdəsə Qəzza ərazisi xarabalığa çevrilir. On minlərlə fələstinli HƏMAS-ı məhv etməyə çalışan İsrail tərəfindən öldürülüb. İsrail Qəzzanı məhv etməyə davam etdikcə, dünyadakı nüfuzu da get-gedə sarsılır. İsrail Müdafiə Qüvvələri 100-dək israilli girovun hələ də HƏMAS və digər silahlı qrupların əsarətində qorxunc şərtlər altında saxlandığı qənaətindədir.

Ötən həftə İsrail "World Central Kitchen" (Dünya Mərkəzi Mətbəxi, qısaca WCK) humanitar təşkilatının maşın konvoyuna hücum edərək 7 yardımçı işçini öldürüb. WCK-in qurucusu, tanınmış aşpaz Xose Andres İsraili onun əməkdaşlarını hədəfə almaqda suçlayır. Konvoyun yanlışlıqla hədəfə alındığını deyən İsrail üzr istəyib və hücumu araşdırandan sonra iki zabiti vəzifəsindən azad edib. Yüksək rütbəli komandirlərə də töhmət verilib.

WCK işçilərinin İsrailin hava hücumu nəticəsində öldürüldüyü avtomobil
WCK işçilərinin İsrailin hava hücumu nəticəsində öldürüldüyü avtomobil

İndi İsrailin özü soyqırımı törətməkdə suçlanır

HƏMAS-ın 7 oktyabr hücumuna İsrailin sərt cavab verəcəyinə heç kimin şübhəsi yox idi. HƏMAS yəhudi qırğınını təkrarlayacağını bəyan edib, onun dəstəyinə arxalandığı İranınsa rəhbərləri İsraili məhv etməyə söz verib. Bu hücumdan sonra İsraildə bəzi qüvvələr, nəyin bahasına olur-olsun, hətta beynəlxalq ictimaiyyətin rəyi olmasa da, tam qələbə qazanmaq istəyir. Üstəlik, İsrail girov götürülən, aralarında qadın, uşaq və yaşlıların da olduğu yüzlərlə vətəndaşını da qurtarmalıdır.

HƏMAS-ın hücumundan dərhal sonra dünya liderləri İsrailə dəstəklərini dilə gətirdilər. Ancaq Qəzzada öldürülən insanların sayı artmağa başlayınca, İsrailə dəstək tənqidi səslərlə əvəzləndi. Müəlliflərin fikrincə, bu məsələdə bir acı gerçək odur ki, Holokostu yaşamış insanların vətəni olan İsrailin özü indi soyqırımı törətməkdə suçlanır.

Hər zaman olduğu kimi, bu münaqişədə də ən çox itirən dinc sakinlərdir. Qəzzada yaşayan fələstinlilərin son yarımili kabus içində keçib. HƏMAS hökumətinin səhiyyə nazirliyi münaqişədə 30 mindən çox insanın öldürüldüyünü deyir. Qəzza xarabalığa çevrilib.

Qəzzalılar HƏMAS-ın bütün qaydaları heçə sayması, qonşu ərəb dövlətlərinin geosiyasi maraqları və İsrailin nəyin bahasına olur-olsun, qalib gəlmək qərarı arasında qalıblar. HƏMAS-ın mühacirətdə, münaqişə zonasından uzaqda olan liderləri daha öncə şəhid vermələri ilə fəxr etdiklərini açıqlayıblar. Məqalənin müəllifi Frida Qitis HƏMAS döyüşçülərinin Qəzza əhalisi arasına, o cümlədən xəstəxanalara yerləşdiyini və İsrailin bu üzdən mülki şəxsləri də öldürməli olduğunu iddia edir.

İsrailin münaqişədən sonra insanların öz torpaqlarına qayıtmasına imkan verməyəcəyindən narahat olan Misir Qəzza ilə sərhədini bağlayıb. Yalnız az sayda fələstinli mülki şəxsin Misir ərazisinə keçməsinə imkan yaradılıb.

Fələstinlilərin həyatı bu müharibədə heç bir tərəf üçün ən üstün özəllik olmayıb.

Beni Qants
Beni Qants

HƏMAS və Netanyahu hakimiyyətdən getməlidir?

İsraildə 7 oktyabr hücumunun ardınca başlayan siyasi böhran davam edir. Korrupsiyada ittiham olunan Netanyahu İsrail tarixinin ən sağçı hökumətinə rəhbərlik edir. Müharibədən öncə on minlərlə israilli 10 ay ərzində hər həftə küçələrə çıxaraq Netanyahunun İsrail demokratiyasını zəiflətməyə yönələn planına etirazını bildirib. Netanyahu Ali Məhkəməni bəzi yetkilərindən məhrum etmək istəyirdi.

Netanyahu 7 oktyabr hücumundan öncə də bir çoxlarının gözündə İsrail tarixindəki ən pis baş nazir idi. Rəy sorğuları əksər israillilərin onun getməsini istədiyini göstərir. Savaş kabinetinin üzvü, müharibədən öncə də aparıcı müxalif fiqurlardan olan Beni Qants sentyabrda yeni seçkilərin keçirilməsinə çağırıb. Son rəy sorğularının nəticələrinə görə, Qantsın Netanyahunun varisi olacağı ehtimalı yüksəkdir.

Müəllifin fikrincə, İsrail tarixinin ən güvənsiz və dağıdıcı dönəmində ölkə hökumətini Netanyahunun yönəltməsi bu münaqişə ilə bağlı narahatlığı daha da artırır. "İsrail yaxşı əllərdə deyil", - məqalə müəllifi belə yazır.

"Başqa bir lider, fərqli bir hökumət müharibəni daha az mülki şəxsin ölümü, İsrailin dünyadakı mövqeyinə daha az zərbə ilə, həyati önəmli İsrail-ABŞ münasibətlərini aşındırmadan apara bilərdimi? Ağlıma gəlir ki, apara bilərdi", - yenə həmin yazıdan sitatdır.

Müəllif məqaləni belə bitirir ki, bölgədə barışa gedən yolun açılması üçün ən çox itki verən tərəflərdən ikisi – HƏMAS və Netanyahu hakimiyyətdən getməlidir.

XS
SM
MD
LG