Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:12

Güvənlik analitiki: HƏMAS-ın girovları edam edəcəyinə inanıram; İsrail Qəzzaya girmək istəmir'


Fələstinlilər Qəzza şəhərində İsrailin hava hücumları nəticəsində dağıdılan binanın dağıntıları arasında xilas edilmiş əşyaları axtarır.
Fələstinlilər Qəzza şəhərində İsrailin hava hücumları nəticəsində dağıdılan binanın dağıntıları arasında xilas edilmiş əşyaları axtarır.

Naomi Bar-Yaakov Londonda fəaliyyət göstərən, "Chatham House" kimi tanınan Kral Beynəlxalq Əlaqələr İnstitutunun Beynəlxalq Güvənlik proqramının araşdırıcısıdır. O, daha öncə Nyu-Yorkda BMT-nin Baş Katibliyində müxtəlif vəzifələr tutub, həmin qurumun bir sıra ölkələrdəki missiyalarında müşavir kimi çalışıb.

"Onlar bunu edəcəklər"

Bar-Yaakov AzadlıqRadiosuna müsahibəsində deyib ki, İsraildə qurudan hücumun gerçəkləşdirilməsinə dair razılığa gəlinib: "İsrail fövqəladə birlik hökuməti yaratmaqdadır. [Fövqəladə milli hökuməti] ilk olaraq müxalifət lideri Yair Lapid çağırmışdı. Həm Netanyahu, həm də onun ədliyyə naziri …Yariv Levin [bu çağırışla] razılaşıb. Hazırda bununla bağlı danışıq gedir". (artıq yaradılıb – red.).

Ancaq o bunu da deyir ki, HƏMAS-ın girov götürdüyü İsrail vətəndaşlarını edam etməsi riski çox güclüdür: "HƏMAS elan edib ki, Qəzzada mülki əhaliyə dəyən zərər qədər girovu edam edəcək. Mənə elə gəlir ki, onlar bunu edəcəklər. Düşünürdüm ki, həmin riskə görə İsrailin hücum etməməsindən ötrü güclü beynəlxalq təzyiq göstəriləcək. Axı Qəzzada girov saxlanan çox sayda xarici vətəndaş da var. Təbii ki, İsrail onlara görə rahatsızdır. Girovların qurtarılması üçün dərhal humanitar dəhliz açılmalı və danışıq aparılmalıdır. Onlar …HƏMAS və "İslami Cihad"ın İsrail həbsxanalarındakı bəzi məhbusları ilə dəyişdirilməlidir.

…Danışıqları üçüncü tərəf aparmalıdır. Bu, tam ölçüdə HƏMAS-la güclü münasibətləri olan ABŞ, Avropa ölkələri və digər ərəb ölkələrinin HƏMAS-a nə qədər basqı göstərəcəyinə bağlıdır, çünki İsrail Qəzza Zolağına hücum edərsə, …bu, istər güc, istərsə qoşunların sayı və növü baxımından misli-bərabəri olmayan hücum olacaq. Bu üzdən, dağıntı və itkilər də daha çox, həm də xeyli çox artacaq. Daha çox insan öləcək, dinc əhali arasında ölüm çoxalacaq. Bu, çox pis olacaq. Buna görə də düşünürəm ki, humanitar dəhlizin açılması üçün təcili danışıqlar başlanmalıdır".

Ekspertin sözlərinə görə, danışıqların gedişində tərəflərin hər birinə təzyiq ediləcək. İsrailə hücum etməməsi, yaxud hədəflərini hərbi infrastruktur və HƏMAS silahlıları ilə məhdudlaşdırması üçün təzyiq göstəriləcək, HƏMAS-a da girovları azad etməsi üçün.

"Cəsədlərin çoxu hələ tanınmayıb"

"Hazırda İsrail şokdadır. 900 mülki şəxs öldürülüb. Cəsədlərin çoxu hələ tanınmayıb. İsraildə kimin itkin düşdüyünü, kimin öldüyünü bilmirlər. Cəsədlərdən bəzilərinin vəziyyəti elədir ki, onların tanınması üçün DNT analizləri də müəyyən qədər vaxt alacaq. Bu, nəhəng qırğındır. Qeyd etdiyim kimi, artıq İsraildə razılığa gəlinib ki, irəliyə doğru yeganə yol Qəzzada HƏMAS-ı vurmaqdır. Bəli, onlar (İsrail) Qəzzadakı mülki şəxslər barədə çox narahatdırlar və yalnız hərbi hədəfləri vurmaq istərdilər. Bütün mülki şəxsləri bəlli ərazilərdəki, bombalayacaqları yerlərdəki evləri boşaltmağa çağırıblar. Ancaq biz İsrail və Qəzzadakı hücumların daha öncəki tarixindən bilirik ki, çox sayda mülki şəxsin ölümü, eləcə də mülki şəxslərə çox böyük zərər vurulması qaçılmaz ola bilər. Mülki şəxsləri öldürmədən HƏMAS-ın hərbi qurğularını bombalamaq mümkün deyil. HƏMAS mülki şəxslərdən hərbi sığınacaq kimi faydalanır", - ekspertin sözləridir.

"Tək yol beynəlxalq sülh konfransı keçirməkdir"

Bar-Yaakov İsrailin hərbi məqsədlərinə də toxunub: "Onlar HƏMAS-ın hərbi qanadı olan "İzzəddin əl-Qassam" briqadalarını, HƏMAS-ın bütün hərbi gücünü və idarəetmə gücünü məhv etmək istəyirlər. Məqsədin Qəzza zolağına hücum etmək olmadığı dəqiqdir. 2.2 milyon fələstinlini idarə etmək İsrailin istədiyi ən sonuncu şeydir. Məqsədin bu olmadığı çox dəqiqdir…

[İndən belə] İsrail ümid edir ki, Fələstin xalqını əl-Fəttah hökuməti yönəldəcək, Fələstində demokratik hökumət qurulacaq və bu hökumətin içində İsrailin dinc əhalisinə qarşı qırğın törədən yaraqlılar olmayacaq".

Israil Qəzza ilə sərhədə tanklar toplayır. Quru əməliyyatı başlaya bilər
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Bar-Yaakov bundan sonra beynəlxalq aləmin tərəflərə təzyiq edəcəyini düşünür. "Mənə elə gəlir ki, irəliyə doğru yeganə yol beynəlxalq sülh konfransı keçirməkdir. Müharibəyə son qoyulması və barış danışıqlarının aparılması yönündə təzyiqlər xarici qüvvələrdən gələcək. Həm ərəb, həm də Qərb dünyasından".

Son zamanlarda İsrail, özəlliklə Netanyahu hökuməti Fələstin dövlətinin yaradılmasına o qədər də həvəslə yanaşmır və ya iki dövlətli çözüm barədə danışmamağa çalışır. Bu iki dövlətin sərhədi məsələsi də danışıqların vacib mövzularından biri olacaq.

Bar-Yaakov deyir ki, iki dövlətin sərhədləri 1967-ci ildə qəbul edilmiş "Yaşıl Xətt" və ya barışıq xəttidir və bu, BMT-nin 242-ci qətnaməsində təsbit olunub. "Danışıqlar da bu təməldə aparılmalıdır. Netanyahu, çətin ki, israilliləri Fələstinlə sülh danışıqlarına aparan baş nazir olsun".

"İki dövlət məsələsi həmişəkindən daha çox aktualdır"

Ekspert İranın Livanda güclü siyasi qüvvə olan "Hizbullah"ın bu toqquşmaya müdaxilə etməsi ehtimalının az olduğunu düşünür: "Məncə, onlar münaqişəyə qoşulmaq istəyib-istəmədikləri barədə qərar verməzdən əvvəl Qəzzada baş verənləri çox yaxından izləyəcəklər. Hazırda onların münaqişəyə qoşulduğunu görmürəm. Əlbəttə, ortamüddətli və ya uzunmüddətli perspektivdə, Qəzzada nə baş verəcəyindən asılı olaraq və orada ölən və yaralananların sayından, Qəzzadakı humanitar vəziyyətdən asılı olaraq, "Hizballah" müdaxilə etmək ehtiyacı hiss edə bilər. [Bu halda] onların müdaxiləsi son bir neçə ildəki kimi olacaq. Ara-sıra raket atacaqlar, ancaq bu, çox ölçülüb-biçilmiş cavab [olacaq]. Onlar yerli tənqidçilərin onları yerli-dibli heç nə etməməkdə günahlandırmasını istəmirlər. Onların Təl-Əvivi vura biləcək raket gücü var. Bunun qısa zamanda, yəni yaxın saatlarda baş verəcəyini düşünmürəm".

Bar-Yaakov deyir ki, Qəzzaya hücumun itkisiz ötüşməsi mümkün deyil. Ağır itkilər olacağı üçün də Fələstin və Qərb Sahilinin müdaxiləsi labüddür.

O, iki dövlət yolunun hələ də müzakirə masasının üzərində olduğunu düşünür: "Məncə, bu məsələ [həmişəkindən] daha çox aktualdır. [Bu yol] xeyli zaman idi ki, masanın üzərində deyildi. Son bir neçə ildə nə baş verdi? HƏMAS 900-dən çox dinc İsrail vətəndaşını qırğına məruz qoydu. Belə bir məsələni çözməkdən ötrü yaraqlılardan qurtulmalı və İsraillə danışıqlar aparmağa qadir olan Fələstin hökumətinə sahib olmalısınız. Axı bunun vaxtı çoxdan çatıb. Bizə ümid etmək qalır ki, bütün bu baş verənlərin son nəticəsi elə olsun. Gerçək… barış prosesi olacaq və iki dövlət çözüm tolunu dartışacaq".

Bar-Yaakov İsrailin mövcud millətçi hökumətinin təxribatlarına da diqqət çəkir: "5 mindən çox yəhudi həm israillilər, həm də fələstinlilər üçün müqəddəs sayılan Haram al-Şərif dağına qalxıb.

Keçən həftə iordaniyalılar xəbərdarlıq etdilər. Dedilər ki, qırmızı xətti keçirsiniz, ancaq heç kim onları dinləmədi. HƏMAS da [səbrinin daşdığını dedi]. …Bu hökumətin hakimiyyətə gəlməsindən bəri fələstinlilərə qarşı törədilən təxribatların uzun siyahısı var. …Bu, İsrailin teokratik hökumətinin hərəkətləridir".

"Qırğın törətmək müdafiə deyil"

Ekspertin fikrincə, HƏMAS bu hücumla bir yandan İsrailin zəif olduğunu göstərməyə, o biri yandan Səudiyyə Ərəbistanı ilə İsrail münasibətlərinin normallaşma prosesini pozmağa çalışıb: "Məncə, qırğın törətmək müdafiə deyil. Ancaq onlar ilk növbədə var olduqlarını göstərmək istədilər. Göstərmək istədilər ki, İsrail hökumətinin fələstinlilərə qarşı zorakılığını gücləndirdiyini görmək xoşlarına gəlmir. Bir də səudiyyəlilərə göstərmək istədilər ki, Fələstin xalqı olmadan razılaşma əldə edilə bilməz".

Bar-Yaakov toqquşmanın lap tezliklə - girovlarla fələstinli məhbusların dəyişdirilməsi əsasında bitirilməsini istəyir və əks halda qarşıdurmanın nə qədər çəkəcəyinin bilinmədiyini deyir. Onun sözlərinə görə, son nəticədə tərəflər vəziyyətdən çıxış yolları axtarmağa başlayacaq və HƏMAS-ın Qəzzada vətəndaşlarını girov götürdüyü ölkələrdən çox şey asılı olacaq: "HƏMAS mülki binaya, yaxud mülki ailəyə edilən hər hücuma görə bir girovu edam edəcəyini deyib. Mülki ailələrə hücumlarsa qaçılmaz olacaq, axı HƏMAS mülki əhalinin arasında yerləşib. Bu üzdən, belə durumun nə qədər sürəcəyi xarici təzyiqdən asılı olacaq".

XS
SM
MD
LG