Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:52

İsrailin Qəzza və Livandakı savaşları Avropa ilə münasibətləri pozur


Livanın cənubunda "Hizbullah" və İsrail qüvvələri arasında davam edən döyüşlər fonunda İsrailin zərbələrindən sonra UNESCO-nun siyahısına salınmış liman şəhəri Tire üzərində tüstü qalxır.
Livanın cənubunda "Hizbullah" və İsrail qüvvələri arasında davam edən döyüşlər fonunda İsrailin zərbələrindən sonra UNESCO-nun siyahısına salınmış liman şəhəri Tire üzərində tüstü qalxır.

İsrailin Qəzza zolağında və Livanda apardığı müharibələr onun ənənəvi müttəfiqi olan Avropa ilə münasibətlərini gərginləşdirib.

Avropa ölkələri İsraili Fələstinə məxsus anklav olan Qəzza zolağında bir ildən çoxdur apardığı dağıdıcı müharibəyə, eləcə də Livanı havadan bombardman etməsinə və qurudan hücumuna görə tənqid ediblər.

AzadlıqRadiosunun əməkdaşı Əbubakar Siddikin yazdığı məqalədə deyilir ki, İsrailə qarşı silah embarqosu, İsrail hökumətinin aşırı sağçı üzvlərinə qarşı sanksiya çağırışları və Avropa İttifaqının İsraillə ticarət razılaşmasına yenidən baxılması tələbləri artmaqdadır.

"Münasibətlərin ən pis səviyyəsi"

Romada fəaliyyət göstərən beyin mərkəzinin - Avropa-Körfəz İnformasiya Mərkəzinin aparıcı tədqiqatçısı Pyerkamillo Falaska bunu İsraillə Avropa arasında "münasibətlərin ən pis səviyyəsi" adlandırır.

May ayında İspaniya, İrlandiya və Norveç Fələstin dövlətini rəsmən tanıdıqlarından İsrailin kəskin qınağı ilə üzləşib. Bundan öncə 27 üzvü olan Avropa İttifaqının daha səkkiz üzvü artıq Fələstini tanımışdı.

Əslində, simvolik sayılan bu addımın məqsədi İsraillə HƏMAS arasındakı münaqişəyə son qoyulması üçün diqqəti dinc danışıqlara yönəltmək idi.

Bu ayın əvvəlində İtaliya baş naziri Corca Meloni hələ ötən ilin oktyabrında - İsrailin Qəzzaya hücumundan sonra ölkəsinin İsrailə silah embarqosu tətbiq etdiyini açıqlayıb. İsrailə ən çox silah satan dövlətlər arasında İtaliya üçüncü yerdədir.

Emanuel Makron və Benyamin Netanyahu
Emanuel Makron və Benyamin Netanyahu

Fransa prezidenti Emmanuel Makron bu ay İsrailə silah satışlarını dayandırmağa çağırıb. Paris İsrailə bəzi silah və sursatların ixracına məhdudiyyət qoyub.

Aİ iyul ayında zorla Fələstin torpaqlarında məskunlaşan israillilərdən bir neçəsini Qərb Sahilində fələstinlilərə qarşı "ciddi və sistemli" insan haqları pozuntularına və humanitar yardımın Qəzzaya çatdırılmasının qarşısının alınmasına görə ilk dəfə sanksiyalara məruz qoyub.

Bəzi Avropa liderləri Aİ-nı İsraillə Assosiasiya Sazişinə yenidən baxmağa çağırıblar. Onlar İsrailin ticarət sazişinin insan haqlarına dair müddəasını (2-ci maddəni) Qəzzada pozduğunu əsas gətiriblər.

Aİ üzvü olmayan Britaniya da İsrailin bəzi aşırı sağçı nazirlərinə qarşı sanksiya tətbiq etmək haqda düşünür.

"Tam ölçü-biçisiz müharibə"

Falaska deyir ki, İsrailin Qəzzada apardığı savaşda ölüm sayının artması Avropada ictimai rəyi dəyişdirib. Fələstin rəsmilərinin bilgisinə görə, bugünədək müharibədə öldürülənlərin sayı 42 min nəfəri keçib. Onların da əsas bölümü mülki şəxslərdir.

Falaska Avropada bir çoxlarının İsrailin apardığı bu müharibəni "qeyri-bərabər və tam ölçü-biçisiz" saydığına da diqqət çəkib. Onun sözlərinə görə, bir çox avropalı İsrail baş naziri Benyamin Netanyahunun Qəzzanın bütün ərazisini dağıtmadan HƏMAS-la mübarizə üçün "daha humanist, daha rasional" strategiya seçə biləcəyini düşünür.

BMT-nin Livandakı sülhüqoruma qüvvələrinin ispan sülhməramlıları
BMT-nin Livandakı sülhüqoruma qüvvələrinin ispan sülhməramlıları

Falaska deyib ki, İsrailin Livanın cənubunda BMT sülhüqoruma qüvvələrinə atəş açaraq üzvlərdən bəzilərini yaralaması bir çox Avropa ölkəsi üçün dönüş nöqtəsi olub. Fransa, İtaliya, İrlandiya və İspaniya BMT-nin Livandakı Müvəqqəti Qüvvəsinə (UNIFL) öz əsgərlərini göndərib.

Oktyabrın 19-da Aİ-nın 16 müdafiə naziri növbəti hücumların önünü kəsməkdən ötrü İsrailə maksimum siyasi və diplomatik basqıya çağırıb.

Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunun İsrail məsələləri üzrə aparıcı tədqiqatçısı Nimrod Qoren deyir ki, Avropada geniş yayılan küçə etirazları, İsrailin elmi və mədəni sahələrdə boykot edilməsinə çağırışlar nəyinsə dəyişməkdə olduğu təsəvvürü yaradıb: "Ancaq hökumət səviyyəsində dəyişiklik qeyri-rəsmi müstəvilərdə görüləndən daha azdır".

Qoren deyib ki, Aİ üzvləri birliyin İsraillə azad ticarət razılaşmasını geri çağırmaq, yaxud məhdudlaşdırmaqla bağlı dərin parçalanma ilə üzləşiblər. Onun sözlərinə görə, Avropanın Almaniya kimi güclü dövlətləri hələ də İsraili dəstəkləyir.

Falaska düşünür ki, Yaxın Şərqdəki münaqişələr və gərginliyin artması Avropaya birbaşa təsir göstərib. Bu təsirlər arasında beynəlxalq daşımalarda yaranan çətinliklər və neft qiymətlərin artması da var.

"Aİ və Avropa hökumətləri keçmişlə müqayisədə Yaxın Şərqdə daha fəal davranmalı olduqlarını anlayır", - Falaskanın sözləridir.

XS
SM
MD
LG