Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:43

Astarada işadamı: 'Anbarlar var ki, İran malları ilə doludur'


İrana gedən yolda sakitlikdir.
İrana gedən yolda sakitlikdir.

Azərbaycanın İranla sərhəd rayonlarında banklarla yanaşı, qara bazarların da fəaliyyət göstərdiyi bildirilir. Sakinlərin deməsinə görə, böyük məbləğdə valyuta satışı banklarda baş verir, az olanda, əsasən qara bazara üz tuturlar. Hətta, qeyd edildiyinə görə, qara bazara üz tutanlar daha çox Rusiya rublunu dəyişmək istəyənlərdir.

Lənkəran rayonunun mərkəzi bazarında rast gəldiyimiz, adının çəkilməsini istəməyən bir sakinin deməsinə görə, rubl əvvəlki illərə nisbətən az gəlir: "Rusiyada yaşayan və işləyən lənkəranlıların sayı çoxdur. Ailəsi burada olub özü Rusiyada işləyənlər daimi pul göndərirlər. Poçtla, bankla göndərənlər var. Rusiyadan tanış bir adam gələndə ona pul verirlər ki, ailələrinə çatdırsınlar. Adətən ilin bu vaxtında ailələrinə pul göndərənlərin sayı artır. Qarşıdan sərt qış gəlir, ona görə. Rusiyadan rubl ötən illərə nisbətən az gəlir. Rusiya-Ukrayna müharibəsi gedir. 1000 rublu 16 manata dəyişirlər. Təxminən 1 manat 62.5 rubl edir".

Həmin sakinin deməsinə görə, dünyanın digər ölkələrindən pul göndərənlər olur: "Əsasən, ABŞ dollarıdır. Dollar da sabitdir, manat da. Amma rublun kursu həmişə dəyişir. Rus rublunu əldə saxlamaq risklidir. Burada İran pulunu dəyişmirlər. Ola bilər, bank dəyişsin".

Astara sərhəd keçid məntəqəsi.
Astara sərhəd keçid məntəqəsi.

"Rusiyada olan oğlum pul göndərə bilmir"

Yaşlı bir sakin də deyir ki, üç oğlu var, ikisi Avropa ölkələrində, biri isə Rusiyada işləyir: "Rusiyada olan oğlum pul göndərə bilmir. Deyir, qazancım azalıb. Avropa ölkələrində yaşayan uşaqlarım yada salırlar, tez-tez əlaqə saxlayırlar. Özüm də, həyat yoldaşım da pensiya alırıq. Yaxşı dolanırıq, qohumlara da əl tuturuq".

Astara rayonunda isə yalnız bir bankın-"Kapitalbank"ın filialı var. Bank valyuta da dəyişir.

Rayonda qara bazarın da olduğu iddia edilir. Deyilənə görə, qara bazarda, əsasən, ABŞ dolları və rublu dəyişirlər. Orada da İran pulunun olmadığı söylənir. Səbəbini onunla izah etdilər ki, İran pulu gəlmir: "Qapılar bağlıdır. Digər tərəfdən, İran rialının kursu hər dəfə kəskin şəkildə dəyişir", - müsahiblərdən biri qeyd edir. (2020-ci ildən Azərbaycanın quru sərhədlərində gediş-gəliş koronavirus səbəbi ilə məhdudlaşdırılıb. Pandemiyanın başa çatdığı açıqlansa da, Azərbaycanda bu məhdudiyyət qalır)

"İran tacirləri manata da üstünlük verirdilər"

Adının çəkilməsini istəməyən və sərhədyanı ticarətlə məşğul olan Astara rayon sakininin bildirməsinə görə isə, alış-veriş, əsasən, ABŞ dollarının kursu ilə müəyyən edilir: "Azərbaycan manatı da etibarlıdır. İranın qapıları açıq olanda vətəndaşlar özləri ilə İran pulunu gətirirdilər. İran tacirləri manata da üstünlük verirdilər, əllərində çoxlu manat olardı. İran pulunu elə gömrüyün ağzında dəyişərdilər. İndi qapılar bağlıdır, İrandan ancaq şirkətlər mal gətirirlər. Sifariş verirlər, mal gəlir. Biz bu malı Azərbaycan manatı ilə şirkətdən alırıq. Amma şirkətlər malı hansı valyuta ilə alırlar, bilmirik?".

İran rialı.
İran rialı.

Onun sözlərinə görə, İran Astarasında həm ABŞ dollarına, həm də manata tələbat var: "Orada dövlət səviyyəsində ABŞ dolları qadağandır. Qara bazarda isə dollar var. Sərhəddə rubl işləmir, amma adamlar var ki, bununla məşğul olurlar. Səhər gedib qara bazarda rus rublunu dəyişmək istəsən, dəyişməzlər. Qorxurlar ki, bir gecədə rublun kursu dəyişsin. Manat və ABŞ doları sabitdir".

Astara sakininin deməsinə görə, rialın manata və dollara nisbətdə ucuzlaşması onlara sərf edir: "Manata görə İranda mallar ucuzlaşır. Belə olduqda İran tacirləri rialın sabitləşməsinə qədər gözləyirlər. Rial çox nadir hallarda sabitləşir. Malın qiymətində də fərq yaranır, onlar üçün baha, bizim üçün ucuz başa gəlir. Rayonda çoxlu anbarlar var ki, İran malları ilə doludur. Bizim üstünlüyümüz ondadır ki, Azərbaycan manatı dəyər itirmir".

2017-ci ilin martından manatın kursu dəyməz qalır. 1 dollar bir manat 70 qəpiyə bərbərdir. Ekspertlər bunu Mərkəzi Bankın tənzimləmə siyasəti ilə izah edirlər. Onların fikrincə, bu sosial baxımdan müsbət hal kimi dəyərlənsə də, iqtisadiyyata mənfi təsirləri də var.

XS
SM
MD
LG