Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:34

Büdcənin 'yağlı tikəsi' tikintiyə gedir


Prezident İlham Əliyev (Arxiv)
Prezident İlham Əliyev (Arxiv)

Bəzi ekspertlər investisiya layihələrinə xərclərin artmasından iqtisadiyyatın, bəziləri isə korrupsioner məmurların qazanacağını deyir

Gələn il dövlət büdcəsi təxminən 3 milyard manat böyüyəcək. Parlamentə təqdim olunan layihəyə görə, hökumət elm, təhsil, mədəniyyət, sosial müdafiə xərclərini artırır.

Amma ən «yağlı tikə», ucuz neft pullarının axdığı 2008-2014-cü illərdə olduğu kimi, yenə də tikinti sektoruna yönəldiləcək. Neft fondundan transfertlərin artımı hesabına dövlət investisiyalarını 2017-ci illə müqayisədə 2 milyard 232,2 milyon manat həcmində böyütmək nəzərdə tutulur.

Yəni büdcə artımının 75 faizi dövlət investisiya qoyuluşuna sərf olunacaq.

Hökumət bu addımla nəyə nail olmaq istəyir? Ekspertlərin bu haqda ilkin rəylərini öyrənmişik.

«İslahat aparmağı bacarmadılar»

Büdcə xərclərinin hər 100 manatının 23 manatından çoxunun (cəmi 4 milyard 924,2 milyon manat) investisiya xərclərinə yönəltməyi hədəfləyən hökumət bununla iqtisadi fəallığı canlandırmağa nail olacağını düşünür. İqtisadçı Natiq Cəfərli belə deyir:

«Heç bir normal iqtisadi model tapa bilmədilər. İqtisadiyyatda ciddi islahatlar aparmağı bacarmadılar. İndi yenə də, keçmişdə olduğu kimi, vəziyyətdən çıxış yolunu investisiya xərclərini artırmaqda görürlər. Hökumətin məqsədi müvəqqqəti, dayanıqsız iş yerləri yaratmaqla iqtisadi geriləmənin qarşısını almaqdır. Hökumətin bu işdə qazandığı təcrübə isə göstərir ki, tikintiyə ayrılan pulların bir hissəsi korrupsiya sxemləri ilə mənimsənilir».

Natiq Cəfərli (Arxiv)
Natiq Cəfərli (Arxiv)

Buna da bax: Deputat: '2017-ci il ağır ildir. 2018-də...' [proqnozlar]

Keçmiş maliyyə naziri (1992-1993-cü illər), professor Saleh Məmmədov investisiya xərclərinin artırılmasını doğru addım hesab edir və hökumətin 2015-ci ildən dərinləşən iqtisadi və maliyə böhranına qarşı atdığı addımları doğru hesab etmir:

Saleh Məmmədov: «Bununla 1-2 faizlik iqtisadi artım əldə olunacaq»

«Bu bir tələb böhranıdı, tələbi artırmaq üçün isə dövriyyədəki pulu artırmaq lazım idi. Hökümət bütün vasitələrlə bunun əksini etdi: dövriyyədə olan pulun həcmini məhdudlaşdırdı, bankların kreditləşmə faizlərini 3-dən 15-ə qaldırdı və s. Ona görə də böhran bir az da dərinləşdi. Qarşıdakı 2-3 il ərzində dövlət büdcəsindən investisiyaların artırılması yeganə səmərəli addımdır. Bu addım hesabına geriləmə dayanacaq, ildə təqribən 1-2% artıma nail olmaq mümkün olacaq».

Saleh Məmmədov böhrandan çıxan ölkələrin təcrübəsindən danışaraq, onların bir çoxunun vəziyyətdən bu yolla çıxdığını deyir, 1930-cu illərdə ABŞ-dakı böhranı xatırladır:

«O zaman «ictimai işlər» adlanan inşaat layihələrində büdcədən ayrılan investisiyalar ölkəni işsizlik və böhrandan xilas etməkdə mühüm rol oynadı: hətta lazım olmayan inzibati binaların tikintisi, küçələrin yenidən qurulması, əlavə körpülərin inşaatı, meşələrin salınması kimi çox saylı işlərin minimum əmək haqqı ilə görülməsi iqtisadiyyatda canlanma yarada bildi. Dövlət bir növ tələbi stimullaşdırdı».

Buna da bax: Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

«Qabaq pulun 30-35%-i işə, qalanı «otkat»a gedirdi»

Bununla belə, maliyyəçi Azərbaycanın özəlliklərini də dilə gətirir:

«Azərbaycanda fərqli vəziyyət bu pulların xərclənməsində meydana çıxacaq. Keçdiyimiz təcrübə göstərdi ki, ayrılan vəsaitlərin 30-35%-i real işə gedir, qalanı «otkat» olaraq hökumətdəki məmurlara qaytarılır. Bunun qarşısının alınması üçün isə ilk növbədə siyasi iradə, sonra isə ciddi iqtisadi islahatlar lazımdı. Hesab edirəm ki, gələn il üçün ayrılan təxminən 5 milyard manat vəsaitlə keçən dövrlə müqayisədə xərcləndiyi bildirilən eyni vəsaitə görülən işdən üç dəfə artığına nail olmaq olar».

Zöhrab İsmayıl: «Hökumət demokratik, şəffaf və hesabatcıl olmadığından...»

İqtisadçı Zöhrab İsmayıl tikintiyə ayrılan çoxmilyardlı vəsaitlərin səmərəsiz xərclənməsini hökumətin cəmiyyət qarşısında hesabatlı və şəffaf olmaması ilə əlaqələndirir. Onun fikrincə, hökumətin investisiya xərclərini «oğurlanmasının» uğurla sınaqdan çıxardığı mexanizmi var və gələn il üçün bu sahəyə daha çox vəsaitin yönəldilməsi bəzi iqtisadi göstəricilərin dəyişməsindən o yana getməyəcək.

Zöhrab İsmayıl (Arxiv)
Zöhrab İsmayıl (Arxiv)

«20 milyardlıq büdcənin 5 milyard manatını tikintiyə yönəltmək iqtisadi baxımdan da döğru deyil. Əslində hökumət indiyədək neftdən gələn 100 milyard dollar vəsait hesabına ölkənin hər yerində infrastruktur problemini kökündən həll etməli idi. Təcrübədə hökumət bu pulun mühüm hissəsini dövlət şirkətlərinə paylayır, halbuki həmin şirkətlər özləri dövlətə böyük gəlir gətirməlidirlər».

Zöhrab İsmayıl dövlət büdcəsinin təkcə parlamentdə deyil, daha geniş çevrədə ictimai müzakirələrinin təşkil olunmasını zəruri sayır. Amma onu da əlavə edir ki, «hökumət demokratik, şəffaf və hesabatcıl olmadığından» bunu etmir.

Prezident “qənaətcil olaq” deyirdi

"Hər bir insan, o cümlədən ölkələr yorğanına görə ayağını uzatmalıdır. Əgər biz qazandığımızdan daha çox xərcləsəydik indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə, prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır, bu tapşırıqlar verilib".

İlham Əliyevin 2015-ci ilin oktyabrında etdiyi bu çıxış 2016-cı ilin dövlət büdcəsində investisiya xərclərinin bir çoxunun azaldılması ilə nəticələnmişdi. Bununla belə, ekspertlər 2016-cı ildə də iqtisadi səmərəsi şübhə doğuran idman tədbirləri və başqa layihələrə böyük vəsaitin ayrıldığını qeyd etmişdilər. Hər halda hökumət idman layihələri və tikintiyə sərmayə qoyuluşlarının korrupsiya sxemləri ilə büdcə vəsaitinin mənimsənməsinə yol açdığı iddiası ilə razılaşmırlar.

Layihəyə görə, 2018-ci ildə dövlət büdcəsinin gəlirləri 20 milyard 127 milyon manat, xərcləri isə 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. 2017-c ilə nisbətən gəlirlər 20 faiz, xərclər 16,5 faiz artırılır. Artımın əsas maliyyə mənbəyi Dövlət Neft Fondundan büdcəyə ayırmalardır.

XS
SM
MD
LG