Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:26

Hüquq müdafiəçilərinə təzyiq varmı?: '-Yoxdur'. '-Hakimiyyətin qısqanclığı var'


Hüquq müdafiəçiləri açıq məhkəmə tələbi ilə aksiya keçirirlər
Gözlə

No media source currently available

0:00 0:02:09 0:00

Hüquq müdafiəçiləri açıq məhkəmə tələbi ilə aksiya keçirirlər (Arxiv. 2022)

Dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günü qeyd olunacaq. Azərbaycanda belə bir gün ərəfəsində hüquq müdafiəçisi Rüfət Səfərov həbs olunub. Dekabrın 4-də Binəqədi rayon Məhkəməsində onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Rəsmi ittiham dələduzluq, xuliqanlıq və az ağır xəsarət yetirmə olsa da, R.Səfərov bu iddiaları qəbul etmir və həbsini öz hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.

Artıq sosial şəbəkələrdə son illər Azərbaycanda hüquq müdafiəsi sahəsində fəaliyyət göstərməyin çətinləşməsindən bəhs edilir. Hətta bəziləri hesab edir ki, Azərbaycanda müstəqil, real hüquq müdafiəçilərinin sayı çox azalıb.

Novella Cəfəroğlu
Novella Cəfəroğlu

"Əvvəlki kimi türmələrə gedə bilmirik"

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu da "Turan"a deyib ki, əvvəlki illərə nisbətən hazırda işləmək daha çətin olub: "Öz fikrimizi çatdırmaq üçün müraciət etdiyimiz adamlar əlçatmaz olub. Eyni zamanda, biz əvvəlki kimi türmələrə, cəzaçəkmə müəssisələrinə gedə bilmirik. Bəlkə, kimsə gedib monitorinq edə bilir, amma biz onların ora gedib məhkumların vəziyyəti ilə maraqlandıqlarını görmürük".

Onun sözlərinə görə, əvvəl əlaqə saxladıqları nazirliklər artıq əlçatmaz olublar: "Əvvəl biz gedib insan hüquqları sahəsində problemləri onların diqqətinə çatdırırdıq. İşçi qrupumuz var idi, indi isə bütün hüquq müdafiəçilərinin səylərini birləşdirə biləcək belə bir qrup yoxdur. Problemlərin olduğunu çatdırmaq üçün fürsətimiz yarananda onların həlli istiqamətində işlər görülür".

Amma N.Cəfəroğlu vurğulayıb ki, ölkədə hüquq müdafiəçilərinə hər hansı təzyiq və təqib yoxdur.

Zəfər Əhmədov
Zəfər Əhmədov

"Özlərinin ofis və maliyyə ilə təmin etdiyi təşkilatların rəyləri nəzərə alınır"

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının həmtəsisçi Zəfər Əhmədov isə fərqli düşünür. O, AzadlıqRadiosuna deyib ki, Azərbaycan kimi ölkələrdə hüquq müdafiəçiləri bir sıra problemlərlə üzləşir: "Onlardan biri təminat problemidir. Burada həm insan resursları, həm də informasiyanın toplanması və yayılması, maliyyə, texniki məsələlər nəzərdə tutulur. Əgər hüquq-müdafiə təşkilatının maliyyə mənbələri yoxdursa, fəaliyyət ya çox çətin olur, ya da ki mümkün olmur".

Z.Əhmədovun sözlərinə görə, hökumət əfv və digər məsələlərdə özünün ofis və maliyyə ilə təmin etdiyi təşkilatların rəylərini nəzərə alır: "O baxımdan həmin təşkilatların da faydaları var".

Lakin onun fikrincə, hazırda ölkədə tam gücü ilə hüquq-müdafiə fəaliyyəti ilə məşğul olmaq mümkün deyil: "Hakimiyyətin bu növ fəaliyyətə həddindən artıq qısqanclığı var, onlar buna hətta siyasi fəaliyyətdən daha təhlükəli fəaliyyət kimi baxır. Pozuntularla bağlı hüquq müdafiəçilərinin informasiyalar toplaması və yayması hökumətdə həddindən artıq qıcıq yaradır".

Rəsmilər isə ölkədə vətəndaş cəmiyyəti təmsilçilərinə və jurnalistlərə basqılar olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar deyirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur, hüquq-müdafiə fəaliyyəti üçün hər hansı maneələr yaradılmır.

XS
SM
MD
LG