Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:13

'Human Rights Watch': COP29 ev sahibliyi sazişi insan hüquqlarına təminat vermir


HRW: "BMT Azərbaycan hökumətini insan hüquqlarına hörmət göstərilən bir iqlim konfransı keçirməyə çağırmalıdır".
HRW: "BMT Azərbaycan hökumətini insan hüquqlarına hörmət göstərilən bir iqlim konfransı keçirməyə çağırmalıdır".

"Human Rights Watch" beynəlxalq insan haqları təşkilatı Bakıda noyabrda keçiriləcək COP29 iqlim sammitinin ev sahibliyi sazişinin nüsxəsini əldə edib. Saziş bu il avqustun 17-si və 23-ü Bonn və Bakıda imzalanıb, hələ ictimaiyyətə açıqlanmayıb. Təşkilatın yaydığı bəyanata görə, sazişdə iştirakçıların hüquqlarının qorunması ilə bağlı ciddi çatışmazlıqları var.

Açıqlamaya görə, sazişdə bildirilir ki, konfrans iştirakçıları "şifahi və ya yazılı ifadələrinə, hər hansı əmələ görə hüquqi baxımdan toxunulmazlığa malik olacaqlar". Ancaq başqa bir bənddə onlardan Azərbaycan qanunlarına hörmət və onun daxili işlərinə qarışmamaq tələb edilir.

Saziş hansı əməllərin Azərbaycanın daxili işlərinə müdaxilə sayıla biləcəyini, ölkənin qanunlarının BMT-nin idarə etdiyi konfrans zonasında tətbiq olunub-olunmayacağına heç bir aydınlıq gətirmir. Qurum bildirir ki, ölkədə ifadə və sərbəst toplaşma azadlıqlarına sərt məhdudiyyətləri nəzərə alsaq, iştirakçılar zona daxilindəki əməllərinə görə oradan kənarda repressiyalara məruz qala bilərlər.

Bu müddəaların sazişin 10-cu maddəsinin 12-ci bəndində öz əksini tapdığı bildirilir. Açıqlamaya görə, 14-cü bənddə isə yazılıb ki, bu toxunulmazlıq "ədalətin həyata keçirilməsinə mane olacağı hallarda" BMT katibliyindən tutmuş, əlaqəli kiçik təşkilatların üzvlərinin belə əlindən alınacaq.

6 milyon dollar əlavə xərc

Təşkilatın yayımladığı saziş mətnində başqa məqamlar da var.

Sazişə görə, Azərbaycan dövləti ölkəyə gəlişi asanlaşdırmaq üçün iştirakçılara xüsusi olaraq pulsuz "COP 29 vizası" təqdim edəcək. Azərbaycan rəhbərliyi iştirakçıları həm də münasib qiymətlərə otellər və kirayə mənzillərlə təmin etməyi boynuna götürüb. "Hökumət... yaşayış yerlərinin qiymətlərinin adi bazar şərtlərini aşmaması üçün uyğun tədbirlər görəcək", – sazişin 6-cı maddəsində qeyd edilir. BMT katibliyi üzvləri ölkədə alış-verişlərdə əlavə dəyər vergisindən (ƏDV) də azad edilib.

Sazişin 11-ci maddəsinə əsasən, hökumət, onun digər maddələrində nəzərdə tutulmuş maliyyə öhdəliklərindən başqa, konfransın Almaniyanın Bonn şəhəri əvəzinə Azərbaycanın Bakı şəhərində keçirilməsi ilə əlaqədar birbaşa və ya dolayı yolla yaranan əlavə xərcləri çəkəcək. Bu xərclər saziş mətnində 5 milyon 811 min 800 ABŞ dolları olaraq təxmin edilir.

Azərbaycan COP-29-un planlaşdırılması, xidmət göstərilməsi üçün təyin edilmiş katibliyin və digər BMT rəsmilərinin səyahət, zəhmət haqları ilə bağlı əlavə xərclərini də boynuna götürüb.

Saziş ictimaiyyətə açıq olmalı idi

20 səhifədən ibarət sazişin azı 12 əlavəsinin olduğu bildirilir, lakin "Human Rights Watch" bu əlavələri yayımlamayıb. Təşkilatın xatırlatmasına görə, bu saziş ictimaiyyətə açıq olmalı idi: "2023-cü il Bonn İqlim Konfransında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına üzv dövlətlər vurğuladılar ki, ev sahibi ölkələr sazişləri ictimaiyyətə təqdim etməli və beynəlxalq insan hüquqları qanunlarını dəstəkləməlidir. Təəssüf doğuran haldır ki, bu razılaşmalar gizli saxlanılır. Onların ictimaiyyətə açıqlanması vətəndaş cəmiyyəti təşkilatlarının üzərinə düşməməlidir".

Habelə vurğulanır ki, şəffaflıq və əlçatanlıq naminə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası keçmiş, cari və gələcək razılaşmaları öz vebsaytında dərc etməlidir: "Həmçinin BMT təcili Azərbaycan hökumətini insan haqları öhdəliklərinə hörmət etməyə və insan hüquqlarına hörmət göstərilən bir iqlim konfransı keçirməyə çağırmalıdır".

Hakimiyyət təmsilçiləri "Human Rights Watch"un bəyanatını, hələlik, şərh etməyiblər.

Oktyabrın 8-də "Human Rights Watch", "Freedom Now", "Amnesty International" kimi insan haqları təşkilatları COP29 iştirakçıları və dünya ictimaiyyətini Azərbaycan hökumətinə vətəndaş cəmiyyətinə qarşı təqibin dayandırması üçün təzyiq göstərməyə çağırmışdı.

Azərbaycan hakimiyyəti isə ölkədə insan hüquqlarının vəziyyəti ilə bağlı tənqidlərə qarşı çıxır, bu təşkilatları qərəzli mövqe tutmaqda və təxribat yaratmaqda ittiham edir.

XS
SM
MD
LG