Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:14

Baydenlər və 'Burisma': Prezidentin əfvi oğlunun Ukrayna şirkətindəki zamanları yada salır


ABŞ prezidenti Co Bayden Çikaqo şəhərində Demokratlar Partiyasının qurultayında oğlu Hanteri salamlayır.
ABŞ prezidenti Co Bayden Çikaqo şəhərində Demokratlar Partiyasının qurultayında oğlu Hanteri salamlayır.

ABŞ prezidenti Co Bayden prezidentlik kürsüsünü tərk etməsinə bir neçə həftə qalmış oğlu Hanter Baydeni əfv edib. Daha öncə dəfələrlə bunu etməyəcəyini deyən Bayden oğlu barədə məhkəmə hökmü çıxarılmasından öncə bu addımı atıb. AzadlıqRadiosunun müxbiri Todd Prinsin qələmə aldığı yazıda deyilir ki, H.Bayden silah saxlama və vergi pozuntuları üzündən suçlanırdı.

Dekabrın 1-də açıqlanan əfv fərmanı 54 yaşlı H.Baydenin 2014-cü il yanvarın 1-dən 2024-cü il dekabrın 1-dək törətmiş ola biləcəyi bütün cinayətlərin bağışlandığı anlamına gəlir.

Göstərilən dövr H.Baydenin Ukraynanın təbii qaz şirkəti olan "Burisma Holdings"in idarə heyətindəki ziddiyyətli üzvlüyünü də ehtiva edir. Onun bu rolu C.Baydeni tənqid edərkən, respublikaçıların əsas mövzularından birinə çevrilmişdi. Bu məsələ eyni zamanda keçmiş və yenidən seçilmiş prezident Donald Trampın iki impiçmentindən birincisinin mərkəzində dururdu.

H.Bayden "Burisma"nın idarə heyətinə 2014-cü ilin mayında qatılıb

O vaxt rəsmi korrupsiyada suçlanan Ukrayna prezidenti Viktor Yanukoviçin kütləvi "Avromaydan" hərəkatı nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb Rusiyaya qaçmasından üç aya yaxın zaman ötmüşdü.

H.Baydenin biznes tərəfdaşı Devon Arçer şirkətin idarə heyətinə ondan iki ay öncə qoşulub. O zaman Britaniya pulyuma şübhələri ilə bağlı "Burisma"nın 23 milyon dollarlıq bir bank hesabını dondurmuşdu.

O zaman həm də C.Bayden ABŞ-nin vitse-prezidenti və prezident Barak Obamanın Ukrayna üzrə xüsusi təmsilçisi idi. Yanukoviçin getməsindən sonra Ukrayna ölkənin şərqindəki Donbas bölgəsində Moskvanın yaratdığı münaqişədə Rusiya və onun dəstəklədiyi separatçı qüvvələrə qarşı döyüşməyə məcbur olmuşdu. Rusiya Ukraynaya aid Krım yarımadasını da işğal edib özünə birləşdirmişdi.

"Burisma"nın sahibi, keçmiş ekologiya və təbii sərvətlər naziri Mikola Zloçevski barəsində korrupsiya ittihamları ilə bağlı araşdırma aparılırdı. O, vəzifəsindən sui-istifadə edərək gəlirli qaz yataqlarını ələ keçirməkdə suçlanırdı.

H.Baydenin enerji sektorunda təcrübəsi yox idi. Bu amil onun "Burisma" və sahibini siyasi qoruma ilə təmin etmək üçün şirkətə dəvət edildiyi haqda söz-söhbətə yol açmışdı. ABŞ və müttəfiqləri Yanukoviç hökumətinin vəzifədən özlərini zənginləşdirmək üçün istifadə etdikləri düşünülən keçmiş rəsmilərinə qarşı sanksiya tətbiq etməkdə idi.

Kiyev yaxınlığında Mikola Zloçevskinin evi
Kiyev yaxınlığında Mikola Zloçevskinin evi

H.Baydenə hər ay, ən azı, 50 min dollar ödənilirdi

Bu, ABŞ standartları ilə çox böyük məbləğdir. Dünyanın iki ən iri şirkəti olan "Apple" və "Meta"nın idarə heyəti üzvlərinin maaşı o zaman, orta hesabla, ayda 30 min dollar idi. Bayden heç vaxt oğlu ilə onun işi, o cümlədən "Burisma" haqda danışmadığını deyib.

Bayden 2016-cı ildə Ukraynada korrupsiya araşdırmalarını əngəllədiyi düşünülən baş prokurorun işdən azad edilməyəcəyi təqdirdə Ukraynaya yardımı dayandıracağını söylədi. 2020-ci il seçkiləri ərəfəsində isə respublikaçılar Baydenin bu hədəsini "Burisma" ilə bağlı araşdırmalara mane olmaq cəhdi kimi qələmə verdilər, ancaq heç bir dəlil göstərmədilər.

Bütövlükdə, respublikaçılar demokrat C.Baydeni xaricdə nüfuz dəllallığı etməkdə, oğlunu da ABŞ Xarici Agentlərin Qeydiyyatı Aktını (FARA) pozmaqda suçladılar. Bu qanun ABŞ hökumətinə xarici dövlətin xeyrinə lobbiçilik edən şəxslərin Ədliyyə Departamentində qeydiyyatdan keçməsini tələb edir.

H.Bayden atasının 2020-ci ildə keçiriləcək prezident seçkisində dönəmin prezidenti Trampa qarşı yarışacağını elan etdiyi 2019-cu ilin aprelinədək "Burisma"nın idarə heyətində qalıb. Tezliklə Tramp H.Baydenin Ukraynadakı fəaliyyətini hədəfə almağa başladı. 2019-cu ilin aprelində Ukrayna prezidenti Volodımır Zelenskinin hakimiyyətə gəlməsi ilə bu məsələ ABŞ-Ukrayna münasibətlərinin mərkəzində özünə yer tutdu.

Həmin ilin iyulunda Tramp telefon söhbətində V.Zelenskidən Baydenlərin Ukraynadakı fəaliyyətini araşdırmasını istəyib.

Bu telefon söhbəti Trampın 400 milyon dollar hərbi yardımı Baydenlərin araşdırılmasına ayırdığı haqda ittihamlar doğurdu.

"Balaca korrupsioner dövlət"

Kiyevdə fəaliyyət göstərən "Ukrainska Prizma" beyin mərkəzinin təhlilçisi Oleksandr Krayev deyir ki, "Burisma" ətrafındakı ziddiyyət Ukrayna üçün çox mənfi hal idi. Onun sözlərinə görə, bu məsələ ABŞ-nin gözündə Ukraynanın korrupsiyalaşmış dövlət imicini daha da gücləndirib.

"Ukrayna Hanter Baydenin hekayətinin yanında ikinci dərəcəli məsələ idi, [ancaq] biz pis şirkətlərin və imtiyazlı gənclərin pullarını yuduğu balaca korrupsioner dövlət kimi görünürdük", - Krayevin sözləridir.

Hanter Bayden qeyri-qanuni odlu silah saxlamaq ittihamı üzrə məhkəməyə gəlir.
Hanter Bayden qeyri-qanuni odlu silah saxlamaq ittihamı üzrə məhkəməyə gəlir.

ABŞ prezidentləri həmişə hakimiyyətdən getməzdən az öncə qeyri-zorakı cinayətlər törədənləri əfv edir, yaxud onlarla bağlı hökmlərin yumşaldılmasına dair fərman verirlər. Ancaq Baydenin öz oğlu ilə bağlı geniş əfv fərmanı verməsi respublikaçıların tənqidinə, bəzi dəstəkçilərinsə qıcıqlanmasına səbəb olub. Onlar Baydenin bununla amerikalıların məhkəmə sisteminə inamına zərbə vurduğunu deyirlər.

Bu addım, Ukrayna da daxil, bir sıra xarici ölkələrdə də tənqid edilib. ABŞ daim hər hansı müdaxilədən azad müstəqil məhkəmə sisteminin önəmini vurğulayıb.

"Bu nümunə qan qaraldır. Nəyi təbliğ edirsənsə, özün də ona əməl et. Belə hərəkətlər Rusiya və digər avtoritar rejimlərə təbliğat baxımından əlavə fürsətlər verir. Bu, Qərbin demokratik dövlətlərini və onların dəyərlərini Rusiyanın fəal şəkildə gözdən salmağa çalışdığı savaş bağlamında lap ziyanlıdır", - Kiyevdə fəaliyyət göstərən Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin icraçı direktoru Darya Kalenyuk AzadlıqRadiosuna belə deyib.

H.Baydenə 12 və 16 dekabrda iki fərqli iş üzrə hökm oxunmalıydı. O, iyunda odlu silah əldə etmək üçün gərəkli hökumət anketində narkotik bağımlılığı barədə yalan bilgi verməkdə, sentyabrda isə vergi hesabatını saxtalaşdırmaqda və vergilərini gec ödəməkdə təqsirli bilinmişdi.

H.Bayden bu ittihamlara görə 10 ildən çox həbs cəzası ala bilərdi

Ancaq hüquq ekspertləri deyirlər ki, bu pozuntuların zorakı cinayət sayılmaması və onun ilk dəfə məhkum olunması, böyük ehtimalla, cəzanın, ən çoxu, bir neçə ilə endirilməsinə kömək edəcəkdi. Onların sözlərinə görə, Bayden heç həbs cəzası çəkməyə də bilərdi.

C.Bayden oğlu haqqında əfv qərarını elan edərkən, respublikaçı opponentlərini onu və oğlunu hədəf almaqda günahlandırıb. O, Tramp prezidentlik kürsüsünə oturandan sonra bu halın davam edəcəyi ilə bağlı narahatlığını da dilə gətirib: "Hanterin işlərindəki faktlara baxan, ağlı başında olan hər bir şəxs Hanterin yalnız mənim oğlum olduğu üçün küncə sıxışdırıldığını düşünəcək".

Gələcək Tramp administrasiyasının "Burisma"ya dair araşdırma aparıb-aparmayacağını demək çətindir. Tramp ötən il Bayden ailəsi ilə bağlı araşdırma aparmaq üçün ayrıca şura təyin edəcəyini söyləsə də, kimin haqqında və hansı ittihamlarla bağlı araşdırma aparılacağına dair hər hansı detalı paylaşmayıb.

Ekspertlər deyirlər ki, əfv fərmanı Tramp administrasiyasının araşdırmaya başlamasının qarşısını almasa da, H.Bayden bu fərmana dayanaraq məhkəmədən işə xitam verməsini xahiş edə bilər.

XS
SM
MD
LG