Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:31

Ekspert: 'Prezident administrasiyasına məhkəmə sisteminə qarışmağı qadağan etməlidir'


İlham Əliyev məhkəmələrdə nəyi dəyişir?
Gözlə

No media source currently available

0:00 0:15:01 0:00

İlham Əliyev məhkəmələrdə nəyi dəyişir?

Prezident İlham Əliyev aprelin 3-də “məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqda” fərman imzalayıb.

Əslində belə bir fərmanın imzalanacağı çoxdan gözlənirdi. İlham Əliyev martın 1-də mədəniyyət işçiləri ilə görüşündə bunun anonsunu vermişdi. Bəs, fərman gözləntiləri doğrultdumu?

Ekspertlərlə təhlilə keçmədən öncə qısaca olaraq fərmanda nəzərdə tutulan bəzi tədbirlərə nəzər salaq:

Məhkəmə qərarları sayta yerləşdirilməlidir;

Məhkəmə işləri hakimlərə təsadüfi seçimlə verilməlidir;

Ekspertiza işlərinə bəzı şirkətlər də cəlb edilməlidir;

Sahibkarlıq sahəsi ilə bağlı ixtisaslaşmış məhkəmə yaradılmalıdır;

Məhkəmə qərarlarının icrasına nəzarət artırılmalıdır;

Hakimlərin sayı 200 nəfər artırılmalıdır;

Məhkəmə iclaslarının audio yazısının aparılması;

Fərmanda qeyd olunur ki, bütün bu tədbirlər ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədi ilə edilir.

Bakı sakini Nigar Verdiyeva ümid edir ki, ölkədə hakimlərin sayı artırılandan sonra işlərə daha tez baxılacaq.

O, vərəsəlik işi ilə bağlı məhkəməyə müraciət edib. Deyir ki, Ali Məhkəməyə qədər iş gedib. Amma uzağı 8 aya yekunlaşmalı olan iş, 2 ildən çox vaxt aparıb:

“Məsələn, qanunda yazılır ki, iki ay müddətində cavab veriləcək. Amma 3 aydan çox vaxt keçdi, işə cavab gəlmədi. Yubanmanın da heç bir səbəbi göstərilmir”.

Hüquqşünas Adil İsmayılovun fikrincə, məhkəmələrdə yubanma bu sahədəki problemlərdən biridir.

Onun fikrincə, Azərbaycanda cəza sisteminin yüngülləşməsinə, hakimlərə müstəqillik verilməsinə, prokurorluq orqanlarının məhkəmələrə nəzarətinin aradan qaldırılmasına ehtiyac var.

Adil İsmayılov
Adil İsmayılov

Bəs, prezidentin fərmanı bu problemləri aradan qaldıra biləcəkmi? Adil İsmayılov deyir ki, buna siyasi iradə lazımdır:

“Məhkəmələrdə gerçək islahatlar üçün bizim kimi dövlətlərdə siyasi iradə lazımdır. Dövlət, rəhbərlik səviyyəsində məhkəmələrin bugünkü durumdan çıxmasına istək lazımdır. Belə bir istək olsa bizim kifayət qədər yaxşı qanunlarımız var. Bu qanunları işlədə bilsələr, məhkəmələrdə də cəmiyyətin digər sahələrində real islahatlara nail olmaq mümkündür”.

Millət Vəkili Səməd Seyidov Trend İnformasiya Agentliyinə deyib ki, bu fərman aprelin 3-də parlamentdə İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun iclasında da müzakirə olunub. İclas iştirakçıları fərmanı yüksək qiymətləndiriblər.

Kəmərlərinizi bərkidin, vətəndaşlar!

Azərbaycan Hüquqçular Assosiasiyasısının prezidenti Ənnağı Hacıbəyli fərmanda pozitiv məqamların olduğunu vurğulayır. Xüsusilə, məhkəmə qərarlarının elektron dərcini, məhkəmə iclaslarının audio yazısının aparılmasını, məhkəmələrdə işlərin bölüşdürülməsinin korrupsiyaya imkan verməyən və ya bu imkanı məhdudlaşdıran üsullarının tətbiqini və digər məqamları sadalayır.

Amma Ənnağı Hacıbəyli bununla yanaşı bildirir ki, hər şey siyasi iradədən asılıdır:

“Məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması, neçənci dəfədir kimlərəsə tapşırılır. Bunun icrasının çox sadə, asan və effektiv yolu var – prezidentin bunu oz administrasiyasına qadağan etməsi. Və ya rüsumlarla bağlı yenilik. İndi rüsümlar vətəndaşın hesabına artırılacaq və onun bir hissəsi məhkəmə aparatı işçilərinin maaşlarının artırılmasına xərclənəcək. Kəmərlərinizi bərkidin, vətəndaşlar!”

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrilərini öyrənməyə çalışıb:

Sizdən olsaydı məhkəmələrdə nəyi dəyişərdiz?
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Hakim sayını artırmaqla iş bitmir

Avropa İttifaqı yanında Azərbaycanın keçmiş nümayəndəsi Arif Məmmədov düşünür ki, son dəyişikliklər Avropa Şurasının ötən il Azərbaycanın qarşısında qoyduğu şərtlərə görə də edilə bilər.

Həmin şərtlər arasında siyasi məhbusların azad olunması, ədalətli, müstəqil məhkəmə sisteminin yaradılması və digər məsələlər vardı.

Arif Məmmədov təəssüflənir ki, son zamanlar islahat adı altında görülən işlər kosmetik xarakterlidir. O cümlədən də prezidentin məhkəmələrlə bağlı son fərmanı:

“Məhkəmə islahatları hakimlərinin sayının artırılması deyil axı. Hamı bilir ki, məhkəmələr müstəqil deyil, siyasi sifarişlə işləyirlər. Bu da bütün sənədlərdə öz əksini tapır. İndi bəlkə də bunlar düşünürlər ki, yalandan qərar, sərəncam verməklə kimlərsə bunu islahat kimi qəbul edəcək. Avropa Şurası və ya Avropa İttifaqı bunu islahat kimi qəbul etsə, bu, həmin qurumlar üçün ciddi ləkə olacaq”.

Azərbaycan hökuməti son zamanlar müxtəlif sahələrdə ishalatlara başladığını elan edir. Hətta prezidentin məhkəmələrlə bağlı son fərmanında da bu islahatlardan danışılır. Amma hakimiyyətin tənqidçiləri əksər hallarda prezidentin fərman və sərəncamlarında göstərilənlərin ölkədə köklü dəyişikliklərə səbəb olmadığını deyirlər.

XS
SM
MD
LG