Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:21

Gəncə üsyanı (ardı) (25-ci yazı)


Gəncə çayı üzərində körpü. 20-ci əsrin əvvəli
Gəncə çayı üzərində körpü. 20-ci əsrin əvvəli

100-ə nə qaldı?..

100-ə nə qaldı?..

2018-ci il mayında Azərbaycan Cümhuriyyətinin 100 yaşı tamamlanır. Möhtəşəm yubileyə sayılı aylar qalıb.

Məhəmməd Əmin Rəsulzadənin imzası
Məhəmməd Əmin Rəsulzadənin imzası

AzadlıqRadiosunun «İz» proqramı Cümhuriyyətin 100 illiyini yeni rubrika ilə – «100-ə nə qaldı?..» ilə qeyd etməyə qərar verib.

– Müsəlman Şərqində ilk Cümhuriyyət necə yarandı?

– Cümhuriyyətin bani babaları kimlərdir?

– 1 il 11 ay ərzində nələr gerçəkləşdi, nələr yarıda qaldı?

– 1920-ci ilin qara aprel çevrilişindən sonra ölkədə nələr baş verdi?

– İlk etiraz dalğası olan Gəncə üsyanı nədən devrildi?

– «İstiqlal» qəzeti necə dağıdıldı?

– Bu onilliklər ərzində Cümhuriyyət dəyərləri ölkədə gizlicə necə yaşadıldı?

– Xaricdə yaşamağa məcbur qalan mühacirlər hansı sınaqlardan keçdilər?

– II Dünya Savaşı dövründə və savaş sonrası hansı önəmli nəşrlər və radiolar yarandı?

– Bəs ölkədəki dissidentlər nə istəyirdilər?

– Paytaxt Bakıda Azərbaycan dilinin işlənmə məsələsi hansı sınaqlardan keçdi?

– Durğunluq illəri ölkədən nə aldı, nə verdi?

– Və nəhayət, 70 ildən sonra Cümhuriyyət bayrağı «Parlament binasının üzərinə» necə sancıldı?

Bu və bənzər suallara 5 ay ərzində AzadlıqRadiosunun «İz» proqramında cavab aranacaq.

Möhtəşəm yubileyi «İz»lə şərəfləndirin.

«İz»də qalın, «İz»i itirməyin.

Əli xan Şirvanşir: «Körpüyə yollandım. Pulemyotun arxasına keçdim, patron darağı barmaqlarımın arasından şütüyüb keçirdi, sanki təsbeh idi. Arslan ağa yanımda oturub qonşuma patron darağı verirdi. Sifəti ağarmışdı və gülümsəyirdi. Rus cəbhəsində tərpəniş duyuldu, pulemyotum dəlicəsinə şaqqıldadı. O üzdə şeypur hücuma səslədi. Hardasa erməni evlərinin arxasından Budyonnı marşınıın sədaları gəldi. Aşağı boylandım və quru, nəhəng çay yatağını gördüm. Ruslar meydan boyu qaçır, yerə yatır, nişan alıb atəş açırdılar və onların güllələri körpünü silib-keçirdi. Mən çılğın bir atəşlə cavab verirdim. Ruslar marionetlər kimi yerə sərilir və hər dəfə arxalarınca yeni sıralar peyda olurdu ki, onlar da körpüyə can atır və çay sahilindəki torpağı qucurdular. Onların sayı minlərcə idi və tənha pulemyotun şaqqıltısı Gəncə körpüsündə gücsüz səslənirdi».

(Qurban Səidin «Əli və Nino» romanından)

Tarixin yaddaşında 3 Gəncə üsyanı yer alıb.

İndi o üsyanların biri haqqında-1993-cü il iyunun 4-də olan üçüncü qiyam barədə çox danışılır, çox yazılır.

Amma ilk Gəncə üsyanının 1231-ci ildə baş verdiyini çoxları bilmir.

1920-ci il mayın 24-də başlayıb iyunun 3-dən 4-ə keçən gecə amansızlıqla yatırılan üsyansa daha qanlı olub.

Arxiv

Gəncə üsyanı (24-cü yazı)

'Ruslar Bakıdadır!' və ya 'Talan həftəsi'

'Böyük faciə'—27 Aprel işğalı və ya Son iclas

Usta Bəndər tikə-tikə doğranıb

1-ci üsyan Usta Bəndərin başçılığıyla gerçəkləşdiyindən «Bəndər üsyanı» kimi də tarixdə anılır. Həmin üsyanda gəncəlilər şəhəri işğal etmiş Xarəzmilərin ağalığına qarşı birləşib. Üsyançılar şəhər hakiminin sarayını ələ keçirib özbək qarnizonunu məhv ediblər. Sultan Cəlaləddin onlardan təslim olmalarını tələb edib və şirin vədlər verib. Ancaq üsyançılar vədlərə aldanmayıb, şəhərdən çıxıb sultan ordusuna hücum çəkiblər. Qanlı döyüşdən sonra üsyançılar geri-şəhərə çəkilməyə məcbur olublar. Cəlaləddin onların ardından şəhərə girib və üsyanı yatırıb. Üsyan başçılarını məhv etdirib, usta Bəndəri tikə-tikə doğratdırıb...

İkinci üsyan

Tarixə düşmüş ikinci üsyan 1920-ci ilin aprelində- heç 2 yaşı tamam olmamış Cümhuriyyətin işğalından sonra baş verib. Mayın 24-dən 25-nə keçən gecə... İlk günlər bütün mövqelər üsyançıların əlində olub. Sonralar «Gəncə üsyanının qəhrəmanı» adını alan Cahangir bəy Kazımbəylinin alayı da Gəncədəymiş. Cahangir bəy özü üsyana rəhbərlik edənlərdən biri idi. 24-cü yazıda Cahangir bəyin öz dilindən bu barədə ətraflı bilgi verilib. 25-ci yazı «Gəncə üsyanı-2» adlanır və «Üsyan kənardan necə görünürdü» sualına cavab axtarır.

Üsyan mühacirətdən belə görünürdü

Gəncənin, özü demiş, «əski soyadlarından olan» Nağı bəy Şeyxzamanlı: «..rus və bolşevik istilasından bir ay keçməsinə baxmayaraq, milli qızıl səhifələr halında keçəcək olan əzəmətli Gəncə üsyanı baş verdi. Doqquz gün, doqquz gecə davam edən və tarixdə nadir təsadüf edilən bu üsyana milli varlığın zalım düşmən qarşısında necə dayandığını gördük. Bu adi bir üsyan deyil, başdan-başa bir qəhrəmanlıq dastanı idi. Şairlərimiz ilhamlarını bu dastandan alırlar».

Gürcüstandan niyə kömək gəlmədi?

Nağı bəy Şeyxzamanlı: «Ertəsi gün iki yoldaşla bərabər Gürcüstanın ozamankı Daxili İşlər Naziri Ramişvilinin qəbuluna getdik. Ona bolşeviklərə qarşı üsyan edəcəyimizi dedik və bizə nə kimi kömək edə biləcəklərini soruşduq. Ramişvili bizə: «Siz bilirsiniz ki, bizim sosialist bir hökumətimiz var. Ruslarla anlaşa bilmədiyimizdən sizin bolşeviklərə qarşı edəcəyiniz üsyanı müdafiə edə bilmərik» dedi».

Gəncədən öncə Tərtərdə nə baş vermişdi?

Gəncədəki üsyandan danışarkən, Tərtərdə baş verən bir olayı gözardı etmək olmaz. Burada gerçəkləşən silahlı toqquşmada Milli Ordu əsgərləri cəmi 30 dəqiqə içində 282-ci sovet alayının varlığına son vermişdilər. Maraqlıdır ki, qurtulan 90-a yaxın rus əsgərinin həyatını məhz Milli Ordunun Şəki alayının zabitləri xilas etmişdilər. Rus əsgərləri «Cənab zabitlər! Allah xatirinə bizi qurtarın!» deyə bağıraraq, onları haraya çağırmışdılar.

«Qortsı Kavkaza» dərgisində nə yazılıb?

Azərbaycan Milli Ordusunun zabiti A.K. «Горцы Кавказа» dərgisində çap edilmiş məqaləsində həmin olaya toxunub. Dərginin qısa redaksiya məlumatında kimliyi müəyyənləşdirilməyən bu zabitin Dağıstan türklərindən olduğu yazılıb. O, Tərtərdə və ardınca Bərdədə Azərbaycan Ordusunun üsyanı yatırılandan sonra öz döyüş yoldaşlarıyla İrana keçib və daha sonra Şərqi Avropada yaşayıb. Həmin zabit yazır: «Görünür, üzdən baxanda, Azərbaycanda hakimiyyət çevrilişinin sakit qarşılanması bolşevikləri cəsarətləndirmişdi. Üstəlik, işğalın ilk ayının sonunda burada sovet qoşunlarının cəmləşdirilməsi başa çatmışdı. Əhaliyə aid mal-mülkün dövlətə keçməsi və talan başlanmışdı. Hər yanda «nimdaş Məhəmməd Peyğəmbəri unutmağa və yeni peyğəmbər Leninin ardına düşməyə» çağıran sovet təbliğatçı və çığır-bağırçıları peyda olmuşdular».

Azərbaycan ordusunun zabitləri
Azərbaycan ordusunun zabitləri

«Susqunluq Tərtərdə pozuldu»

A.K.-nın yazdığına görə, əhalinin susqunluğu, ilk olaraq, Tərtərdə pozuldu: «3-cü Şəki atlı alayının qərargahı, bu alayın bir divizionu (2 eskadron), topçu taqımı (2 top) və pulemyot taqımı burada idi. Alayın pulemyot taqımı ilə birgə digər divizionu Xanlıqda – Tərtərin 12 km-liyində yerləşirdi. Tərtərdə isə 32-ci sovet piyada diviziyasına daxil olan 282-ci sovet piyada alayı vardı. 12 rota, atlı kəşfiyyat eskadronu, 4 səhra topu bölüyü və 30-40 pulemyot bu alayın tərkibində idi. Mayın 21-də gündüz saat 12-də alay buradan çıxmalı və yerini 20-ci sovet piyada diviziyasının briqadasına verməliydi».

Bolşevik rotası – at oğrusu

Azərbaycan zabitinin yazdığına görə, gündüz saat 12-də - milli əsgərlər nahar edərkən, yaxınlıqda atəş səsləri eşidildi: «Sonradan bilindi ki, qırmızıların keşik rotasının əsgərləri yaxınlıqda diviziya atlarını otaran Şəki alayının süvarilərinə atəş açırmış. Buranı tərk edən sovet rotası Azərbaycan Ordusunun atlarını da aparmaq istərkən, at otaran 6 süvari onlara dirənibmiş. Çox da düşünməyən bolşeviklər əsgərləri atəşə tutsalar da, atları götürməyə ürək etməyiblər, ancaq pulemyot atəşiylə evlərindən çıxan yerli sakinləri və milli divizion süvarilərini qorxutmaqdan da vaz keçməyiblər».

Alay məhv edilib

A.K.-nın yazdığına görə, bəlkə də olay bununla bitə bilərmiş, amma rus rotasının belə davranışı milli əsgərlərin pulemyotdan cavab atəşini doğurduğundan, ara qarışıb və hər yan cəhənnəmə dönməyə başlanıb. Beləcə, 282-ci rus alayı məhv edilib: «Tərtərə «çeka» gəldi. İstintaq və həbslər başlandı. Qırmızı ordunun əsgərləri təhqiqatdan kənar qaldılar, amma yerli sakinlər və topçu taqımından 9 azərbaycanlı əsgər güllələndilər».

«Üsyana qalxanlara məşhur Sarı Ələkbər bəyin başçılığıyla yerli sakinlər də qoşuldu»

Sözügedən müəllif - Azərbaycan zabiti Gəncə üsyanının da elə həmin dövrdə baş verdiyini vurğulayır: «Məşhur Gəncə üsyanı da, demək olar, elə Tərtərdəki olaylarla eyni vaxtda baş verdi... Mayın 22-də - gecə, (əslində, mayın 24-ü-red.) Gəncədə mövqelənən Gəncə piyada alayı öz komandiri - polkovnik C.Kazım bəyin əmriylə şəhəri işğal edən qırmızı ordu hissələrinə (piyadalar, artilleriya və süvarilər) zərbə vurdu. Üsyana qalxanlara məşhur Sarı Ələkbər bəyin başçılığıyla yerli sakinlər – partizanlar da qoşuldular».

Qızıl ordu əsgərləri
Qızıl ordu əsgərləri

«Ehsan xan Naxçıvanski param-parça edildi»

A.K. imzalı zabit Gəncə üsyanının Azərbaycan sakinlərindən, eləcə də hələ varlığını saxlayan Milli Ordu hissələrindən gizlədildiyini, bu üsyan barədə ən adi məlumat öyrənmək istəyənlərin vəhşicəsinə öldürüldüyünü də bildirir: «Sonradan aydın olacaqdı ki, 1-ci divizion Gəncədə baş verən nəsə önəmli olaylardan xəbər tutub və həmin divizionun komandiri podpolkovnik Ehsan xan Naxçıvanski bir çaparla birgə Yevlax stansiyasına gedərək, olub-bitənlərin təfərrüatını «komandarm» Levandovskidən (11-ci ordunun komandanı –red.) öyrənmək istəyib. Yevlax stansiyasında onu da, çaparını da qırmızı ordunun quldurları parça-parça etmişdilər. Bundan xəbərsiz Gəncəyə doğru hərəkət edən divizion durumdan baş çıxarmayaraq, şəhər civarında atəşin ortasında qalmış və... bolşeviklər tərəfindən məhv edilmişdi».

Bu üsyanda 12 min nəfər qurban getdi

Gəncəli jurnalist Zakir Murad AzadlıqRadiosuna müsahibəsində bu üsyanı müstəqillik dadmış insanların etiraz səsi sayır:

Gəncə üsyanı
Gözlə

No media source currently available

0:00 0:17:55 0:00
Direct-ə keçid


«Gəncəlilər bu yolda 12 min adam itirdilər. Bəzi məlumatlara görə, bolşeviklər tərəfdən 8 min adam ölüb. Mən Gəncəli Cəlil kişinin dediklərini eşitmişəm. Onun üsyan vaxtı 14-15 yaşı varmış. 2000-ci ildə o mənə amansız hücumlardan, şəhərin top atəşinə tutulmasından, camaatın təşvişindən bir çox səhnələr danışırdı… Danışırdılar ki, şəhərdə başıpapaqlı kimi görsələr öldürürdülər. Alim Firudin bəy Köçərli, eləcə də gəncəli maarifçi Mirzə Abbas Abbaszadə öz evinin qarşısında öldürüldü. Gəncə üsyanının mübarizlərindən Qaçaq Qəmbər, general-mayor Mirzə Qacar, hüquqşünas İsmayılxan Ziyadxanov, Azərbaycan ordusunun 12 generalı, 27 polkovnik və podpolkovniki, 46 kapitanı, ştabskapitanı, poruçik və podporuçiki, 146 praporşik və podpraporşiki, 267 digər hərbi qulluqçusu bolşeviklər tərəfindən güllələndi. Təkcə Nargin adasında Gəncənin general qubernatoru Xudadat bəy Rəfibəyovlu ilə birlikdə 79 nəfər yüksəkçinli zabit qətlə yetirildi».

Təşkilatçılarin başına nələr gəldi?

Z.Murad Cahangir bəyin həyat yoluna da aydınlıq gətirir: «1888-ci ildə Gəncədə doğulmuşdu. Peterburq Hərbi Məktəbini bitirmişdi. Birinci Dünya müharibəsində çar ordusunda xidmət etmişdi. Həm də, təyyarəçiydi. Gəncə üsyanının tanınmış araşdırıcısı Xanlar Bayramov onu Azərbaycanın ilk təyyarəçisi sayırdı. Cümhuriyyət qurulanda Vətənə dönür və alay komandiri olur. Üsyandan sonra Türkiyəyə mühacirət edir. Sonra onu Polşaya çağırırlar. Polşa ordusunda xidmət edir. Diviziya komandiri olur. İkinci Dünya müharibəsi başlayanda əsir düşür. Onu Almaniyaya gətirirlər. Emil Kur adlı bir yelenedorflu (Göygöl) alman onu Abverə təqdim edir. Cahangir bəy orada bolşeviklərə qarşı mübariz kimi hörmətlə qarşılanır. 1943-cü ildə Berlində keçirilən Azərbaycan qurultayında da iştirak edir. Bir az sonra Əbdürrəhman bəy Fətəlibəyli-Düdənginski və Ceyhun bəy Hacıbəyli ilə birgə Milli Birlik Partiyası yaradırlar. Almanların məğlubiyyətindən sonra SSRİ legionerlərin və onlara yaxın adamların təhvil verilməsini tələb edir. Cahangir bəylə birlikdə Türkiyəyə, sonra Polşaya gələn İsrafil bəy İsrafilbəyov tutulub təhvil verilir və güllələnir… Amma Misir kralı Fərrux Cahangir bəyə Romada sığınacaq tapmaqda yardımçı olur. Daha sonra Cahangir bəylə Düdənginski Münhendə açılan AzadlıqRadiosunun Azərbaycan redaksiyasında fəaliyyətə başlayırlar. 1954-cü ildə əvvəlcə Düdənginski, daha sonra Cahangir bəy DTK tərəfindən qətlə yetirilir. Üsyanın digər təşkilatçıları-- Cavad bəy Şıxlinski Türkiyəyə mühacirət etdi və 1959-cu ildə orada dünyadan köçdü. Dediyim kimi, general Məhəmməd Mirzə Qacar da güllələndi».

Rəsulzadə: «Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca...»

«Çarizmin qəddar generalı Knyaz Sisyanova parça-parça doğranıncaya qədər müqavimət göstərən Cavad xanın şəhəri bu dəfə də kəndisini göstərdi. Millətin təhəmmül edəmədiyi təcavüzlərə qarşı üsyankar ruhilə köpürdü. Burada daha silahlarını təslim etməmiş bulunan Azərbaycan əsgərləri üsyanın kökünü təşkil etdilər. Üsyan bir həftə qədər davam etdi. Ruslar burada divizyonlarını qeyb etdilər. Bakıdan qüvayi-imdadiyyə gəldi. Digər tərəfdən də Gəncə erməniləri qiyamiləri arxadan vurmağa başlayınca şəhər süqut etmək məcburiyyətində bulundu. Xətti-ricətləri daşğın nəhrlə kəsilən əhali müdhiş bir qətliama məruz qaldı. Şəhər yaxıldı. Bazar qarət edildi. Hətk edilmədən irz və namus buraxılmadı».

Ceyhun bəy Hacıbəyli: «Millətimizin şərəf və namusunun yenidən kəsbieibar qazandığı dastan»

Gəncə üsyanı yatırıldı. Üsyan barədə yazan araşdırıcılar hər iki tərəfdən təxminən 20 min nəfərin həlak olduğunu bildirirlər. Şəhər tərk edildi. Qan su yerinə axdı. Üsyanda iştirak edən və ələ keçən hər kəs gülləyə düzüldü. 1916-1917-ci illərdə Gəncədə 60291 nəfər əhali var idisə, 1923-cü ildə bu rəqəm 38880-ə endi. Amma üsyan tarixə qızıl hərflərlə yazılan dastan kimi düşdü və yeni üsyanlar doğurdu. C.Hacıbəyli 1952-ci ildə Parisdə çıxan «Azərbaycan» dərgisində yazırdı: «Gəncə üsyanı millətimizin şərəf və namusunun yenidən kəsbietibar qazandığı bir dastandır. Gəncədə may ayında tökülən türk qanı 27 aprel hadisəsi hərəkatında millətimizə atılan ləkəni silib götürdü».

«Gəncə körpüsündə»... «Cümhuriyyətimizin ömrü… sona yetdi»

«Əli xan Şirvanşir altiya onbeş dəqiqə işləmiş həlak oldu. Gəncə körpüsündə, pulemyotun arxasındakı postunda. Cəsədi quru çay yatağına düşdü. Onu gizlətmək üçün gecə aşağı endim. Ona səkkiz güllə dəymişdi. Bu dəftəri cibindən tapdım. Allahın izni ilə onu həyat yoldaşına çatdıracam. Onu səhərin erkən çağında məscidin həyətində torpağa basdırdıq, ruslar son hücuma keçməzdən azca əvvəl. Cümhuriyyətimizin ömrü Əli xan Şirvanşirin həyatı kimi sona yetdi...

Rotmister İlyas bəy, Bakı ətrafındakı Binəqədi kəndindən Zeynal ağanın oğlu».

«Cümhuriyyət-100» davam edəcək.

26-cı yazı-««İstiqlal» aşiqləri» adlanacaq və Bakıda gizli çıxarılan «İstiqlal» qəzeti yaradıcılarının işğaldan həmən sonra müstəmləkə zülmünə qarşı mübarizəsindən söz açacaq.

XS
SM
MD
LG