Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:44

Gürcüstanda qarşıdurmanın gərginliyi artır [Video]


Tbilisi mayın 13-də
Tbilisi mayın 13-də

Gürcüstan paytaxtında polis xarici agent qanunun qəbuluna etiraz edən 20 nümayişçini saxlayıb.

Polisin verdiyi məlumatda saxlananların “ictimai asayişi pozduğu, hakimiyyət nümayəndələrinə itaətsizlik göstərdiyi, habelə onları təhqir etdiyi” bildirilir.

Bu da qeyd olunur ki, saxlananlardan ikisi ABŞ və biri Rusiya vətəndaşıdır.

Bu barədə məlumatı ABŞ-ın Tbilisidəki səfirliyi də təsdiq edib.

Xəbər verilir ki, Gürcüstan paytaxtında etiraz aksiyası dünən bütün gecə davam edib. Paper Kartuli yazır ki, ötən şənbə günü etirazçıların sayı yüz min nəfərdən az olmayıb.

Mayın 13-də səhər polis etirazçıları geri oturdaraq parlament binasının 4 çıxışından ikisini aça bilib. Bu zaman polisin zorakılığa yol verdiyi bildirilir.

Telekanallar etirazçıların polislər tərəfindən döyüldüklərini əks etdirən videoları yayımlayıblar.

Etirazçılara qarşı dəyənəklərdən, gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə edildiyi deyilir.

67 Saniyə

Beləliklə də polis hakim “Gürcü arzusu” partiyasının deputatlarına parlamentin binasına daxil olmaq imkanı yaradıb. Onlar parlamentin etirazlara səbəb olmuş qanununa baxan hüquq komitəsinin iclasında iştirak etməli idilər.

Komitə “xarici təsirin şəffaflığı” haqqında qanunu üçüncü oxunuşda təsdiq edib. Bu hadisə rekord qısa müddətdə - 67 saniyədə baş verib.

Parlamentin qapısına toplaşanlar iqtidar deputatlarını “qullar!qullar!” sədaları ilə qarşılayırdılar.

Müxalifət və etirazçılar bu qanununun Rusiyada qəbul edilmiş “xarici agent” qanununun analoqu olduğunu bildirirlər. Rusiyada belə bir qanunun qəbulu sonradan azad sözün təqibinə və repressiyalara yol açıb.

Xəbər verilir ki, ziddiyyətli qanun sonuncu və üçüncü oxunuşda qəbul edilməlidir.

Tələbələr etiraz tətilinə başlayıblar

Bugünlərdə Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri xəbərarlıq etmişdi ki, parlamentin qapılarına girişi bloklayan etirazçılara qarşı inzibati məcəllə ilə yox, cinayət məcəlləsi ilə iş açılacaq.

Onun sözlərinə görə “dövlət idarələrinin işinə maneçilik yaratmaq” maddəsində dörd ilədək həbsxana cəzası nəzərdə tutulur.

Parlamentdəki müxalifət deputatlarının birgə brifinqində keçmiş prezident Mixeil Saakaşvilinin Vahid Milli Hərəkat və Lelo partiyasının nümayəndələri bəyan ediblər ki, hakim partiya və bütövlükdə hakimiyyət “Konstitusiya müstəvisindən çıxıblar və buna görə də legitimliklərini itiriblər”.

Mayın 13-də Gürcüstanda habelə tələbələrin etiraz tətili başlanıb.

Tbilisi Dövlət Universitetinin tələbələri bəyan ediblər ki, dərslərə gəlməyəcək, əvəzində ölkədə “Putin diktaturasının leqallaşdırılması cəhdlərinə” etiraz edəcəklər.

Dərslərin boykotuna ölkə boyunca 30 universitet qoşulub.

Qanun layihəsində nə var?

Bu qanun layihəsinə görə maliyyələşməsinin 20 faizini “xarici qüvvədən” alan QHT-lər, yayımçılar və KİV sahibləri xarici qüvvənin maraqlarına xidmət edən təşkilat kimi qeydiyyatdan keçməyə borcludurlar.

Qeydiyyatdan boyun qaçırılmasına görə 25 min lari (9400 dollar) cərimə nəzərdə tutulur. Qanunun təkrar pozulmasına görə cərimə 900 min laridir (340 min dollar).

Qanun layihəsinin ən təzadlı məqamlarından biri də budur ki, ona əsasən Gürcüstanın Ədliyyə Nazirliyi “xarici qüvvənin maraqlarını təmsil edən təşkilatların üzə çıxarılması üçün monitorinq keçirə bilər”.

Belə bir monitorinq keçirilməsi üçün hər hansı vətəndaşın ərizəsi kifayətdir.

Hakimiyyət inad göstərir

ABŞ-ın hər iki partiyadan olan senatorları aprelin 26-da Gürcüstanın baş naziri İrakli Kobaxidzeyə məktublarında xəbərdarlıq ediblər ki, ölkə parlamenti “rusiyasayağı qanunu” qəbul edərsə, Vaşinqtonun Tbilisiyə münasibətdə siyasəti dəyişə bilər.

Avropa İttifaqı rəsmiləri isə xəbərdarlıq ediblər ki, qanunun qəbulu Gürcüstanın İttifaqa üzvlük prosesini dayandıra bilər.

Ötən il Gürcüstana müəyyən şərtlər daxilində Aİ üzvlüyünə namizədlik statusu verilib.

Avropa İttifaqının sözçüsü Peter Stano mayın 13-də Gürcüstan cəmiyyətinin Avropa yoluna göstərdiyi sədaqəti alqışlayıb və Gürcüstan hökumətini etirazçılara qarşı zorakılıqda ittiham edib.

Hakimiyyət israr edir ki, bu qanun layihəsi müxalifətə və ifadə azadlığına qarşı yönəlməyib.

Ölkəni bürümüş etiraz aksiyalarına baxmayaraq baş nazir İrakli Kobaxidze mayın 12-də bir daha bəyan edib ki, hakimiyyət sözü gedən qanunun qəbulu ideyasından geri çəkilməyəcək.

Xəbər verilir ki, qanun layihəsi komitədə təsdiq olunduqdan dərhal sonra Gürcüstanın Milli Barışıq Nazirliyinin müşaviri İvlian Xaindrava və Vətəndaş Bərabərliyi alyansının rəhbəri Tea Axvlediani etiraz olaraq vəzifələrindən istefa ediblər.

Xatırlatma

Ötən il “Gürcü arzusu” partiyası “xarici təsirin şəffaflığı” haqqında qanun layihəsini parlamentə təqdim etmişdi.

Layihə fəaliyyətinin ən azı 20 faizi xaricdən maliyyələşən qeyri-mənfəət hüquqi şəxslərin və kütləvi informasiya vasitələrinin reyestrinin tərtibini nəzərdə tuturdu.

2023-cü il, martın 7-də parlament bu layihəni birinci oxunuşda qəbul etmişdi. Bu, kütləvi küçə etirazlarına səbəb olmuşdu. Həmin gün Gürcüstan parlamentinin binası qarşısında 40 minədək etirazçının yığıldığı xəbər verilirdi.

Polislə etirazçılar arasında baş vermiş toqquşmalarda nümayişçilərə qarşı gözyaşardıcı qazdan və suvuran maşınlardan istifadə olunmuşdu.

Gürcüstan DİN xəsarət alan etirazçıların sayı barədə məlumat verməsə də, 100-dən çox şəxsin saxlandığını bildirmişdi.

Etiraz aksiyaları martın 8-də də davam etmiş və martın 9-da hakim partiya və ona bağlı “Xalqın gücü” hərəkatı qanun layihəsini parlamentdən geri çağırmağa məcbur olmuşdu.

XS
SM
MD
LG