Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:07

EITI rəhbərinin Bakı səfəri dəyişiklik gətirməlidir – HRW


Fredrik Reinfeldt
Fredrik Reinfeldt

Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatının yüksəksəviyyəli səfəri Azərbaycanda dəyişikliklərə səbəb olmalıdır. «Human Rights Watch» (HRW) beynəlxalq insan haqları təşkilatının Avropa və Orta Asiya bölümünün direktor müavini Jane Buchanan belə hesab edir.

Dünən – fevralın 1-də EITI İdarə Heyətinin sədri Fredrik Reinfeldt və qurumun beynəlxalq katibliyinin sədri Jonas Moberg Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyəti təmsilçiləriylə görüşüblər.

J.Buchanan yazır ki, görüşlər, yəqin ki, qiymətləndirmə xarakteri daşıyır. Çünki neft və qazla bağlı ictimai müzakirələri dəstəkləyən EITI bir aydan sonra Azərbaycanın təşkilatda fəaliyyətinin dayandırılıb-dayandırılmaması barədə qərar verməlidir. Qərar Bakının bu qurumun tələblərinə nə dərəcədə əməl etməsindən asılı olacaq.

ŞƏFFAFLIQ

EITI-nin keçən ilin oktyabrında keçirilən iclasında Azərbaycanın qarşısına bir sıra öhdəliklər qoyulub və həmin tələblərə əsasən, Azərbaycan hökuməti QHT-lər haqda qanunlarına dəyişikliklər etməli, beynəlxalq sərmayənin əldə olunmasına və QHT-lərin qeydiyyatına əngəlləri aradan qaldırmalıdır. EITI-nin bu və başqa standartlarını gerçəkləşdirməklə Azərbaycan təbii sərvətlərdən qazandığı gəlirlərlə bağlı şəffaflığı təmin etmiş olar. Bu isə həm ictimai, həm də özəl sərmayəçilərdən ötrü vacibdir.

Buna da bax-Sabit Bağırov: 'Bəzi dostlarımız bunu qəbul etmək istəmir'

HRW təmsilçisi EITI-nin narahatlığının əsaslı olduğunu bildirir. 2015-ci ildə Azərbaycanın qurumdakı statusunun ölkədə vətəndaş cəmiyyətinə, müstəqil qruplara və fəallara basqılar üzündən azaldıldığını xatırladır və bəzi pozitiv addımlar atılsa da, Azərbaycanda vətəndaş cəmiyyətindən ötrü mühitin hələ də yaradılmadığını bildirir. Halbuki, bu, EITI-nin əsas tələblərindən biridir.

Doğrudur, bir il öncə hökumət bəzi tanınmış fəalları azadlığa buraxıb. «Amma köklü dəyişiklik yoxdur. Məhdudlaşdırıcı qayda-qanunlar ucbatından bir çox müstəqil qruplar kiçilib, bəziləri fəaliyyətini dayandırıb, ya da bağlanıb. Həbsdən ehtiyatlanan fəallar ölkəni tərk etməli olublar. Qalanların isə ölkədən çıxışına icazə verilmir. Hökumət tənqidçi fəalları, bloqqerlər və jurnalistləri müxtəlif cinayətlərdə günahlandırmaqdan, hədə və təqiblərdən çəkinmir», – J. Buchanan yazır.

FUNDAMENTAL İSLAHATLARA KÖKLƏNMƏK

EITI-nin rəsmi bəyanatında deyilir ki, Bakıdakı nümayəndə heyətinin Azərbaycan prezidentiylə görüşündə hökumətin vətəndaş cəmiyyətinin öz rolunu oynamasını təmin etməkdən ötrü atdığı addımlar, hazırkı durum və şəffaflıq məsələləri müzakirə olunub.

Buna da bax-Deputat 'QHT-lərin problemi yoxdu' deyir, QHT üzvü əksini

Yazıda Azərbaycan hökumətinin keçən ay bəzi qanunlara dəyişikliklər etdiyi, xarici qrantların qeydiyyatını asanlaşdırdığı qeyd olunur, ancaq bu yeniliklərin hökumətin yaratdığı və nəzarət etdiyi ümumi struktura elə də təsir göstərməyəcəyi vurğulanır. Martda, EITI-nin idarə heyətinin toplantısında 3 əsas qanuna dəyişikliyin müzakirəyə çıxarılacağını xatırladan müəllif heyət üzvlərini təkcə həmin dəyişikliklərlə məhdudlaşmamağa, bütöv mənzərəyə nəzər salmağa çağırır.

«EITI-nin İdarə Heyəti vətəndaş cəmiyyətinin fəaliyyət göstərə biləcəyi mühitin yaradılması üçün zəruri olan fundamental və uzunmüddətli islahatlara köklənməlidir», – yazan HRW təmsilçisi yalnız bu halda kosmetik deyil, köklü və lazımi dəyişikliklər olacağını bildirir.

XS
SM
MD
LG