Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:09

Fransada aşırı sağçıların qələbəsi Avropa üçün dönüş nöqtəsimi?


"Milli birlik"in lideri Marin Lö Pen parlament seçkilərinin ilk turunun nəticələrinin elan olunmasından sonra
"Milli birlik"in lideri Marin Lö Pen parlament seçkilərinin ilk turunun nəticələrinin elan olunmasından sonra

Fransada aşırı sağçı "Milli birlik" (RN) partiyası parlament seçkilərinin ilk raundunda qələbə qazanıb. Bu partiya iyulun 7-də keçiriləcək ikinci turda səslərin mütləq çoxluğunu qazanarsa, İkinci Dünya müharibəsindən bəri ilk dəfə Fransanın aşırı sağçı hökuməti olacaq.

Lük Allnuttun məqaləsində deyilir ki, ikinci tur RN-in hökuməti formalaşdırması ilə nəticələnməsə belə, bu, on illər boyunca Fransada baş verən ən böyük siyasi qarışıqlıqdır.

Birinci turda heç bir partiya Fransa parlamentinin 577 yerlik aşağı palatasında çoxluğu qazanmayıb. Əsas məsələ RN-in ikinci turda 289 yerlik mütləq çoxluğu qazana bilib-bilməyəcəyidir.

RN-in çoxluğu qazanmasına imkan verməməkdən ötrü artıq Marin Lö Penə qarşı "respublikaçı cəbhələr" yaratmaq səylərinə başlanıb. Makron özünün mərkəzçi "Birlikdə" alyansını dəstəkləyən seçiciləri partiyanın üçüncü olduğu dairələrdə "açıq-aşkar respublikaçı və demokratik" namizədləri dəstəkləməyə çağırıb. Makronun partiyası seçkidə 20 faizə yaxın səs toplayaraq üçüncü olub.

Solçularla mərkəzçilərin razılaşması olarsa…

Solçu "Əyilməz Fransa" alyansının lideri Jan-Lük Melanşon da alyansın Lö Penə qarşı səyləri birləşdirmək naminə birinci turda üçüncü olan namizədlərini geri çəkəcəyini bildirib. "Əyilməz Fransa" seçkidə ikinci olan "Yeni xalq cəbhəsi" koalisiyasının üzvüdür.

Emmanuel Makron
Emmanuel Makron

Avropa Siyasət Mərkəzinin təhlilçisi Erik Moris deyir ki, "hər şey solla mərkəzin seçkini üçüncü bitirib ikinci tura keçən namizədlərini geri çəkməyə razılığından asılı olacaq. Bu nə qədər çox baş verərsə, RN-in mütləq çoxluq əldə etmək imkanı bir o qədər az olar".

Bəs olası sonuclar nədir? Lö Penə qarşı güclü kampaniya gözə alınsa, bəlkə də, ən mümkün nəticə RN-in qalib gəlməsi, ancaq mütləq çoxluq əldə edə bilməməsidir. Nəticədə havadan asılı parlament və siyasi dalan yaranacaq. Bu ssenari aşırı sağı parlamentdəki sol qarşısında zəiflədər və qanunların qəbulunu çətinləşdirər.

RN mütləq çoxluğu qazanarsa, özünün millətçi, nativist və mühafizəkar xəttini yeritmək imkanı əldə edər və, Morisin təbirincə deyilsə, "Fransada qanunun aliliyini təhdid altına ala bilər" ("nativist" deyərkən, ağılla bağlı, psixi proseslərin elə doğuşdan törəndiyini, təcrübə və sınaqların bilgi yaratmaqda məhdud rolu olduğunu iddia edən və faşizmin faydalandığı bir baxış nəzərdə tutulur. Məsələn, Mussolini sosial nativist sayılırdı – red.)

RN-in qələbəsi Fransa üçün nə demək olacaq?

Başqa bir ssenari isə Makronun partiyası ətrafında qurulmuş koalisiya hökuməti ola bilər. Ancaq AzadlıqRadiosu Avropa xidmətinin redaktoru Rikard Yozvyak texnokrat baş nazirin rəhbərliyi ilə Makronun hər hansı birlik hökuməti qura biləcəyinə inanmadığını söyləyir: "O bunu etsə [belə], bu qeyri-sabit və səsvermə ilə asanlıqla buraxıla bilən hökumət olacaq".

RN-in qələbəsi Fransa üçün nə demək olacaq? Məqalədə deyilir ki, RN-in bu seçkidəki güclü performansı Marin Lö Penin atası Jan-Mari Lö Penin partiyasını təmizləməsinin nə qədər effektiv olduğunu göstərir. Bu addım nəticəsində partiya multikultural Fransada orta statistik seçiciyə cəlbedici görünməyə başlayıb.

Makron Parisdəki Yelisey sarayında Lö Pen ilə görüşür.
Makron Parisdəki Yelisey sarayında Lö Pen ilə görüşür.

2011-ci ildə partiyanın liderliyini ələ keçirən Marin Lö Pen onun adını "Milli cəbhə"dən "Milli birlik"ə dəyişib və partiyanı neonasist və antisemit ünsürlərdən təmizləməyə çalışıb. O öz atasını partiyadan uzaqlaşdırıb. Mühacirlərə qarşı təhrikedici nitqləri ilə tanınan ata Lö Pen bir dəfə nasist həbs düşərgələrinin "tarixin detalı" olduğunu demişdi.

Ancaq hətta RN ikinci turu udsa belə, sistem partiyanın gücünü məhdudlaşdıracaq. Fransada prezidentlə baş nazirin hakimiyyəti paylaşdığı yarıprezident sistemi var. Baş nazir və kabinet gündəlik hökumət işlərini yönəldir, prezidentsə milli güvənlik və xarici siyasət məsələləri ilə məşğul olur və ölkəni dünyada təmsil edir.

RN-in qələbəsi Avropa İttifaqı üçün nə demək olacaq?

RN qalib çıxarsa, partiyanın rəhbərlərindən biri olan Jordan Bardella baş nazir olacaq və prezident Makronla hakimiyyəti paylaşacaq.

Bəs RN-in qələbəsi Avropa İttifaqı üçün nə demək olacaq? "Əgər Avropa İttifaqının sağa [sürüşməsi] üçün uyğun vaxt varsa, o vaxt indidir", - məqalədə belə deyilir. Viktor Orbanın Aİ-də yarımillik prezidentlik dövrü başlayıb. Onun milli-mühafizəkar "Fides" partiyası 10 ildən çoxdur Macarıstanın siyasi həyatında hakim mövqe tutur. Avropa Parlamentinə 6-9 iyun tarixlərində keçirilən seçkilərdə aşırı sağçı partiyaların ciddi uğur qazanması da 27 Aİ ölkəsində millətçi və populist meyllərin artmasından xəbər verir.

RN-in təsiri Aİ-nin istixana qazları və kirlənmənin azaldılmasını və dayanlıqlı inkişafın dəstəklənməsini hədəfləyən "yaşıl kurs"unun müxtəlif aspektlərini sınağa çəkə bilər. RN Aİ-nın çevrə ilə bağlı qanunlarına qarşı kampaniya aparıb, bu qanunların iş yerlərinə və Fransa sənayesinə ziyan vurduğunu iddia edib.

İmmiqrasiya hələ də RN-ın əsas fokus nöqtəsidir. Partiya bu sahədə nəzarətin sərtləşdirilməsini və sosial güzəştlər, ev və iş məsələlərində Fransa vətəndaşlarına üstünlük verilməsini istəyir. Hazırda Aİ qanununa görə, belə tədbirlər qanunsuz sayılır.

RN-in birinci turdakı qələbəsi Aİ-dəki aşırı sağçı partiyaların taktiki xətt dəyişikliyinə getməsinə səbəb ola bilər. Lö Penin partiyası son illərdə Aİ ilə bağlı mövqeyini dəyişib. İndi o, əvvəlki kimi "Freksit" çağırışları etməkdənsə, Aİ-də içəridən islahat apararaq onu öz sağçı baxışlarına daha da yaxınlaşdırmaq məqsədi güdür. RN-in uğurunu görən digər sağyönlü partiyalar da öz xətlərini dəyişdirə bilər.

Makron ikitərəfli təhlükəsizlik sazişinin imzalanmasından sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə əl sıxır
Makron ikitərəfli təhlükəsizlik sazişinin imzalanmasından sonra Ukrayna prezidenti Vladimir Zelenski ilə əl sıxır

RN-in qələbəsi Ukrayna üçün nə demək ola bilər?

Lö Pen Rusiya prezidenti Vladimir Putinin açıq tərəfdarıdır. O, Putini qloballaşma və ABŞ təsiri qarşısında ənənəvi Avropa dəyərlərinin müdafiəçisi kimi görür. 2014-cü ildə Lö Pen Rusiyanın Krım yarımadasını qanunsuz ilhaqını dəstəkləmişdi. O, RN hakimiyyətə gələrsə, Fransanın Ukraynaya uzunmənzilli raketlər verməsini dayandıracağını vəd edib.

Ancaq son illərdə Lö Penin mövqeyi yumşalıb. O, 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı hücumunu qınayıb və Ukrayna xalqına dəstəyini dilə gətirib.

XS
SM
MD
LG